"3 ildir uşaqlarımızı çimizdirə bilmirik" - "Bağça Şəhər" camaatın suyunu KƏSİB?

Sumqayıtda bəzi fərdi yaşayış evlərinin sakinləri aylardır su problemi yaşadıqlarını deyirlər. İddialara görə, yaxınlıqda yerləşən “Bağça Şəhər Yaşayış Kompleksi” onların mənzillərinə gedən su xəttini öz anbarına yönləndirib.

Sakinlər bildirir ki, məhz bundan sonra ərazidə su qıtlığı yaranıb.

“Əvvəllər suyumuz normal idi. İndi isə 3 ildir uşaqları çimizdirə bilmirik, paltarları ayda bir dəfə yuyuruq. Öz pulumuzla çəkdirdiyimiz suyu niyə kəsməlidirlər? Su üzünə həsrət qalmışıq”, - deyə narazı sakinlər qeyd edir.

Onlar həmçinin su xəttinin istiqamətinin dəyişdirildiyini əks etdirən görüntülərin olduğunu bildirirlər.

Məsələ ilə bağlı "Sumqayıt Bağça Şəhər Yaşayış Kompleksi"nin komendantı İlham adlı şəxs “Bakupost”a açıqlamasında iddiaları təkzib etdi. O bildirdi ki, kompleksin suyu texniki şərtlər əsasında çəkilib:

“Kimsə orada sonradan xətt çəkib ya nə edib, onu biz bilə bilmərik axı. Bu kompleksdə hazırda 2700 ailə yaşayır. Elə xırda xəbər yayılıb nə yayılıb. Onu agentlik bilər, vətəndaşlara söz deyər. Onun bizə aidiyyəti nədir ki? İndi onlara su gəlmirsə, biz nə edək? Hər şeyə agentlik nəzarət edir. Yay fəsli ilə əlaqədar suya ehtiyac çoxdur. Ona görə də indi borularda su azalır. Eyni xətdir. Su gəlir bu tərəfə, o tərəfə də az gedib. Bu dəqiqə də suları var. Niyə yoxdur? Əvvəl ora, məsələn, 20 ailəlik su çəkilmişdi, sonradan ailələr çoxalıb, suya tələbat artıb. Xətləri də balacadır. İndi biz nə deyək ki?”.

Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirilib ki, yaşayış kompleksləri şəbəkəyə ayrıca texniki şərtlə qoşulur və sözügedən məhəllənin su xətti heç bir kompleksə yönləndirilməyib.

Qurum qeyd edib ki, ərazidə su xətləri vaxtilə primitiv üsullarla çəkildiyindən, tələbat artdıqda problemlər yaranır. Məsələ ilə bağlı Sumqayıt Sukanal İdarəsinin məlumatlıdır. Alternativ təminatın həyata keçirilməsi üçün araşdırmalar aparılır.






Geri qayıt