Yenilik.Az
www.Yenilik.Az » Təhsil » “Transfer mafiyası”na qarşı necə mübarizə aparmalı?

“Transfer mafiyası”na qarşı necə mübarizə aparmalı?

“Transfer mafiyası”na qarşı necə mübarizə aparmalı?
2022-07-29 , 12:25

Nə qədər inkar edilsə də, ölkədə bir təhsil mafiyası var. Həmin mafiya son illər qanunlardakı boşluqlardan ustalıqla yararlanaraq əsasən tələbələrin köçürülməsi, həmçinin ixtisas seçimi ərəfəsində fəallaşır və suyu bulandırmaqla məşğul olurlar. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi bu mafiya “perevod” prosesində sadəlövh insanları aldatmaqla milyonlarla pul qazanırlar. Bəziləri hansısa mərkəzlər də yaradır, hətta diqqət çəkici adlar da qoyurlar ki, yeni qurbanları asanlıqla ələ keçirsinlər. Bu yaxınlarda sosial şəbəkələrdə bir vətəndaş qorxa-qorxa yazmışdı ki, məşhur bir təhsil ekspertinin məşhur bir hazırlıq kursuna pul ödəyib, gözəl vədlər veriblər, amma vədlər reallaşmayanda həmin məşhur ekspert deyib ki, “get hara istəyirsən şikayət elə”. Bizdə də var axı, vətəndaşlar çox vaxt “it aparan olsun” deyib öz halal pullarını geri tələb etmirlər. 

 

İŞBAZLAR BOŞLUQDAN NECƏ YARARLANIR?

Məsələn hazırda ailəli olduğuna görə adının çəkiıməsini istəəməyən A.D. adlı xanım bildirir ki, 2-ci kursda oxuyarkən məşhur təhsil mərkəzlərindən birinin köçürmə prosesində dəstək vədlərinə aldanaraq xeyli pul ödəyib, lakin sonradan nə köçürülmə baş tutub, nə də pulunu geri ala bilib. Belə hallar çoxdur və sırf mentalitet baxımından insanlar bəzən qanuni yollara baş vurmaq istəmirlər. Bu isə qeyd etdiyimiz kimi işbazların öz çirkin niyyətlərini həyata keçirmələrinə imkan yaradır. Ona görə də tələbələr yaxşı olardı ki, zərurət olmadan belə bir niyyətə düşməsinlər və əgər həqiqətən köçürülmək istəyirlərsə bunu müstəqil surətdə həyata keçirsinlər. 

 

PLAN YERLƏRİ “BEZRAZMER”DİR?

Həmçinin küçürülmə ilə bağlı qanunvericilik aktlarına ədalətli dəyişikliklər edilməlidir. Hazırda qüvvədə olan sənəd, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Müvəqqəti Qaydalar” 2017-ci ildə qəbul edilib və artıq müasir tələblərə cavab vermir. Cəmiyyət inkişaf etdikcə qanunvericilik sənədlərinə də zəruri dəyişikliklərin edilməsi qaçılmazdır. Belə ki, sırf plan yeri az olduğuna görə, onlarla abituriyent məsələn “hüquqşünaslıq”, yaxud başqa “prestijli” fakültəyə qəbul ola bilmir, hərbi xidmətə gedir, qayıdır daha hazırlaşmağa həvəsi olmur və potensialı varsa da, təhsildən uzaq qalır, amma başqa biri, “papanın gül balası” atasının sözünü dinləyib gedib hansısa özəl universitetdə 1 il oxuyub sonra köçürülmə ilə gedir “Hüquqşünaslıq” fakültəsində oturur. Bu həm həmin özəl universitetin tarix fakültəsinə qəbul olmaq istəyən, lakin nə vaxtsa köçürülmək eşqi ilə ora düşən “gül balalar” ucbatından kənarda qalan abituriyentlərə, həm də “Hüquqşünaslıq” fakültəsinə qəbul planının az olması üzündən tələbə adını qaza bilməyib arzuları suya düşənlərə haqsızlıqdır. Əgər bu plan yeri 15 nəfərdirsə, 1 ildən sonra necə dartıb uzadırsız? Universitet auditoriyaları “bezrazmerdir”, yoxsa plan yerləri? Nəyə görə kimsə gedib Dağıstan Universitetinə qəbul olub, sonra gəlib dövlət universitetində oturmalı, amma yüzlərlə abituriyent məhz plan yeri az olduğuna görə kənarda qalmalıdır? Bununla kimi aldadırıq? 

Tələbə yalnız ailə vəziyyəti, yəni valideynlərdən biri dünyasını dəyişdikdə, yaxud sağlamlığını itirdikdə ailəyə dəstək ola bilmək üçün, ya da məsələn, xanımdırsa ailə qurarsa yaşadığı bölgədəki ali məktəbə ixtisası üzrə köçürülə bilməlidir, qalan hallarda tələbə hara qəbul olubsa ya oranı bitirsin, ya da ərizə yazıb təhsilini dondursun.

 

“QAZİ” ADINDAN SUİ-İSTİFADƏ EDƏNLƏR, 150 MANAT ETİRAFI

Əldə etdiyimiz məlumatlara görə, regionlarda və Bakıda yerləşən ali təhsil müəssisələrindən köçürmələrlə məşğul olan şəbəkə bir həftədir var qüvvəsi ilə iş başındadır. Bəzi universitetlərdə onların nümayəndələrinin özlərini “qazi” kimi təqdim edərək, bəzi yerlərdə isə hətta “administrasiya işçisiyəm” deyərək “iş aşırtmağa” çalışdığına dair məlumatlar var. Şübhəsiz, bu faktlar artıq hüquq-mühafizə orqanlarının diqqətini çəkməli, onlar tərəfindən araşdırılmaldır.

Başqa bir fakt isə ondan ibarətdir ki, tələbələrin əksəriyyəti köçürmə üçün eyni adama müraciət edib və etiraf edirlər ki, onlardan buna görə 150 manat ödəniş alınıb. Bu fakt özlüyündə “pişiyin quyruğunu” göstərir və tələbə köçürmələri ilə məşğul olan “ekspert-qazi” şəbəkəsinin mövcudluğunu təsdiq edir.

Təəssüf ki, şəbəkə öz sisteminin uğurla işləməsi üçün bəzi telekanalları və saytları da alətə çevirməyə nail olur. Bu da təsdiq edir ki, bu, yalnız kodlaşdırma xidməti deyil, daha ciddi şəbəkənin fəaliyyətidir və onların təşkilatçılığı adamı “valeh” edir. 

Universitetlər bu mütəşəkkil kampaniya qarşısında gücsüzdür. Haqlı olduqları halda bacarıqlı diribaşlar ictimai rəyi də ali təhsil ocaqlarının üstünə yönəldir. 

 

ALİ MƏKTƏBLƏRƏ QƏBUL QAYDASI DƏYİŞDİRİLMƏLİDİR

Təhsil mafiyasının qarşısını almaq üçün təhsildə islahatlar davam etdirilməli, qanunvericilik təkmilləşdirilməlidir. Məsələn ali məktəblərə qəbul imtahanları sadələşdirilsə, bəzi hallarda ləğv olunsa təhsil mafiyasının “xaricdə attestatla təhsil” vəd edən qolu da sıradan çıxar, ölkədən hər il xaricə çıxarılan milyonlarla vəsait də ölkəmizdə qalar. 

Hazırda ölkəmizdə ali məktəbə qəbul imtahanları az qala ölüm-dirim savaşına bənzəyir, ildən-ilə suallar daha da çətinləşdirilir, mürəkkəb suallar tərtib olunur, suallar da çətinləşdikcə abituriyentlərin topladıqları ballar aşağı düşür. Kimə lazımdır axı bu? Onsuz da müəllimlikdən tutmuş gömrük, vergi, prokurorluq və digər orqanlara qəbul hamısı imtahan yolu ilədir. Orta məktəbin buraxılış imtahanlarını da DİM keçirir. Belə olan halda DİM-in buraxılış imtahanından müvəffəqiyyətlə keçib attestat alan məzun niyə ali məktəbə attestatla qəbul ola bilməsin? Onsuz da ali məktəbi bitirəndə işə girmək üçün imtahan verməli olacaq. Bir adam ömründə daha neçə dəfə imtahan verər?

Türkiyənin təhsili etiraf edək ki, Azərbaycan təhsilindən yumşaq desək, heç də geri qalmır. Amma Türkiyədə tibb və hüquq da daxil bir neçə ixtisas istisna olmaqla qalan bütün ixtisaslara attestatla qəbul həyata keçirilir. Azərbaycanlı tələbələr Türkiyəyə attestatla qəbul olanda, gedib həqiqətən təhsil alıb gəlib diplomunu da burda nostrifikasiya etdirəndən sonra kim uduzur? Təbii ki, biz! Çünki Türkiyədə məhz attestatla qəbulun sayəsində müraciət edənlərin çoxluğuna görədir ki, təhsil haqqı təxminən 300-500 manat arasındadır. İndi təsəvvür edin ki, həmin qəbul sistemi Azərbaycanda tətbiq edilsə ali məktəblərin, müəllimlərin və büdcə vəsaitlərinin artmasına nə qədər müsbət təsir edəcək. Mən hələ Gürcüstanın, Ukrayna və Rusiyanın, digər yaxın və uzaq ölkələrin ali məktəblərinə tək attestatla qəbul olanları demirəm. Hələ üstəlik onlara vasitəçilik edən xaricdə təhsil şirkətlərinə ödənilən vəsaitləri də nəzərə alsaq fantastik məbləğdə pul hər il ölkədən xaricə axıdılır. İndiyədək neçə xaricdə təhsil şirkəti rəhbərinin də insanların pullarını alıb aradan çıxdığını xatırlatmağa da yəqin ki, ehtiyac yoxdur, çünki belə hallar çox yaşanır. Ona görə də təhsil qanunvericiliyi təkmilləşdirilməli, təhsil mafiyasının əl-qolunu bağlayan dəyişikliklər edilməlidir. 

P.S. Hər halda, builki transferin nəticələrinin təhlili maraqlı faktlar ortaya çıxaracaq. Mövzuya qayıdacağıq.

 

Xanlar Xoca

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.