Yenilik.Az
www.Yenilik.Az » Təhsil » “Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”

“Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”

“Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar...”
2021-02-25 , 16:05

Hakim partiyanın qurucularından biri, YAP Səbail Rayon Təşkilatının Siyasi Şurasının üzvü, əməkdar elm xadimi Əli Əlirzayev pandemiya dövrü olsa da, hakim partiyanın qurultayının keçirilməsini mümkün sayır.

 
“Yeni Sabah” xəbər verir ki, o, partiyanın ali orqanlarında yenilənməyə böyük ehtiyacın olması qurultayın keçirilməsinin artıq zərurətə çevirdiyini bildirir: 
“Klassik YAP-çılar partiyanın rəhbər orqanlarına qaytarılmalıdır. Çünki partiyanın qurucularından cəmi 20-30 nəfər qalıb, indi YAP-ın rəhbər strukturlarında təmsil olunanların hamısı Heydər Əliyev hakimiyyətə gələndən sonra bizim sıralarımıza qoşulanlardır. Onların da əksəriyyəti sağlam adam deyillər. O vaxt partiyaya qoşulmaq istəməyən Əli Həsənova indi YAP sədrinin müavini postunu veriblər. Halbuki o, Ayaz Mütəllibovun qorxusundan nəinki YAP-a qoşulmağa, hətta Heydər Əliyevin özünə də yaxın durmurdu. Qorxurdu ki, kimsə ona nəsə deyər. Amma YAP hakimiyyətə gələn kimi, Əli Həsənov bizim komandaya qoşuldu”.Ə.Əlirzayev Prezidentin sabiq köməkçisi Əli Həsənovun da partiyaya sonradan qoşulduğunu vurğulayıb: “Həmişə məndən xahiş edirdi ki, Heydər Əliyevin yanına gedəndə məni də özünlə apar. Əli Həsənov “Səs” qəzetində işləyə-işləyə Ramiz Mehdiyevə informasiya ötürür, klassik YAP-çıları “vururdu”. Cəmiyyətdəki problemlərlə bağlı daxili müzakirələrdə obyektiv mövqe bildirən kimi, qaçıb Ramiz Mehdiyevə xəbər verirdi ki, filankəs müxalif fikir söylədi. Belə hərəkətləri ilə Ramiz Mehdiyevin istəyinə uyğun olaraq dürüst və vicdanlı YAP-çıları iqtidara qarşı çevirirdi. Ramiz Mehdiyevin isə YAP-çıları sevmədiyini hamı bilirdi. Yəni, belə adamların hamısı hakimiyyətdən bəhrələnmək, vəzifə tutmaq niyyəti ilə YAP-a qoşulanlardır. Sonra da çoxlu var-dövlət sahibi olub, əndazəni aşdılar”.
Ə.Əlirzayev hazırda YAP-ın İdarə Heyətində təmsil olunan Hacıbala Abutalıbovu da “mürəkkəb adam” kimi xarakterizə edir: “Açıq deyirəm, o YAP-çılar ki uzun müddət dövlət vəzifəsi tutub, indi də bəziləri partiyanın rəhbərliyində təmsil olunur – onların öz silahdaşlarına münasibəti həmişə kin-küdurət xarakeri daşıyıb. Hacıbala Abutalıbov da belə adamdır. Onlar həmişə bir-birilərinə nifrət edib, paxıllığını çəkib, intriqa aparıblar. Prezidentin, dövlətin və cəmiyyətin xeyrinə ağıllı bir söz danışanın paxıllığını çəkirlər, “filankəs müxalif fikirli adamdır” deyib, həmin şəxsi gözdən salırlar. Belə intriqalar, qarşılıqlı nifrət olan yerdə heç vaxt inkişaf ola bilməz. Mübariz Qurbanlı, Siyavuş Novruzov, Əli Əhmədov, Bahar Muradova kimi adamlar heç vaxt sağlam fikirli YAP-çıların sözünü deməyib. Ona görə də partiyanın rəhbərliyində təmsil olunan bu cür adamlar oradan uzaqlaşdırılmalıdır”.
Əli Əlirzayev hesab edir ki, yüksək vəzifə tutan YAP-çıların korrupsiya cinayətlərinə görə həbs olunmasından və 44 günlük müharibədən sonra ölkədəki siyasi reallıqlar dəyişib. YAP isə yeni dövrün tələblərinə cavab vermədiyindən partiyada ciddi islahatlar aparılmalıdır: 
“Son vaxtlar YAP-ın rəhbərliyində təmsil olunan bəzi cinayətkar məmurların iç üzü açılıb. Həbs olunan icra başçıları da, digər keçmiş məmurlar da cinayət törədib və kimin özünü necə apardığı cəmiyyətə aydındır. İndi isə yeni reallıqlar yaranıb, 30 ilə yaxın işğal altında olan ərazilər azad edilib, bundan sonra varlanmaq haqqında yox, dövlət büdcəsinə pul qazandırmaq haqqında düşünülməlidir. 
Çünki işğaldan azad olunan əraziləri bərpa etmək üçün Azərbaycana həm siyasi, həm də iqtisadi dəstək lazımdır. Azərbaycanın dayanıqlı iqtisadiyyatı, sabit gəlir mənbələri olmasa, bu işləri yerinə yetirmək çox çətin olacaq. Bir-biri ilə intriqa aparan rüşvətxor məmurlarla uğur qazanmaq mümkün deyil. Ona görə YAP da bu reallıqlara uyğun olaraq tamamilə yenilənməli, prezidentə kömək etməlidir”.
Cinayət başında yaxalanaraq həbs olunan məmurlara vaxtilə YAP tərəfindən böyük etimad göstərildiyini deyən Əli Əlirzayevin fikrincə, son həbslərdən sonra cəmiyyətin partiyaya inamı sarsılıb. Bu səbəbdən partiyada islahatların aparılması qaçılmazdır: 
“Heydər Əliyev şəxsən tanıdığı adamları, nüfuzlu insanları vəzifəyə təyin edirdi. İndi isə YAP xidməti olan adamları kənara qoyub, sonradan partiyaya qoşulanları irəli çəkir. Ona görə də yeni qurultay keçirilməli və dürüst adamlar partiyanın rəhbərliyində təmsil olunmalıdır. Rüşvət alarkən cinayət başında yaxalanan, istərsə də vəzifədə olduğu dövrdəki qanunsuz əməllərinə görə sonradan həbs olunan məmurlar YAP-ı hörmətdən salır. Belə adamlardan indi də vəzifə başında olanlar var. YAP belə adamlardan təmizlənməlidir. 
Məsələn, Əli Həsənov (YAP-ın sədr müavinini nəzərdə tutur-red.) YAP-dan istifadə edərək çoxlu var-dövlət yığıb. O, var-dövlət hərisi olan bir adamdır. Belələri vəzifəyə təyin olunandan sonra özlərini yaxşı aparmadılar və partiyanın nüfuzuna xələl gətirdilər. YAP-çı olmaq o demək deyil ki, hər şeyi qamarlayıb əlinə yığmalısan. Elə YAP-çılar var ki, ömrü boyu yalnız maaşla dolandı. Belə adamları irəli çəkmək lazımdır”. /Azpolitika

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.