"Emin Əmrullayevin Azərbaycan təhsilinə vurduğu maddi və mənəvi ziyanı aradan qaldırmaq üçün illər lazım olacaq" - AÇIQLAMA

Bu sözləri Pravda.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Elşən Qafarov deyib.

O bildirib ki, ölkənin təhsil büdcəsinin böyük bir hissəsi təlimlərə yönəldilib: "Bəs o təlimlərin hansı nəticələri var? Heç bir nəticəsi yoxdur! Təlimlər zamanı yol verilmiş korrupsiya hallarını artıq ən ucqar kənd məktəbində çalışan müəllim də bilir. Eyni zamanda layihələr... Elm və Təhsil Nazirliyinin başı layihələrə qarışıb. Ölkənin təhsil sistemində tərbiyə mühiti pozulub. Səriştəsiz kadrların təyinatı məsələsi də var. Bir sözlə, heç nə yoxdur. Bu gün təhsil müəssisələrinə direktorların təyinatından öncə onların yaxın ətraflarının qısa zamanda banklara kredit borcları yaranır, əmlakları satılır. Yaxşı, bu adam məktəb direktoru seçiləcəksə, seçilməmişdən bir neçə ay öncə niyə bu qədər kredit borcu yaransın ki? Niyə bankdan pul götürsünlər? Niyə öz əmlaklarını satsınlar? Açıq şəkildə ölkə təhsili korrupsiyaya bürünüb, rüşvət baş alıb gedir. Paralel olaraq idarəetmə də bərbad hala salınıb. Emin Əmrullayevin Azərbaycan təhsilinin idarə edilməsindən heç xəbəri yoxdur. Kim necə istəyirsə, o cür addım atır. Məsələnin ən faciəli tərəfi isə ölkənin təhsil müəssisələrində tərbiyə mühitinin itməsidir. Ali təhsil müəssisələri əmək bazarına uyğun kadr hazırlamağı bir kənara qoyub, reytinq yarışına çıxıblar. Biznes platforması olan ayrı-ayrı reytinq sistemlərində yer tutmaq üçün növbəyə düzülüblər. Halbuki onların əsas vəzifəsi ölkənin əmək bazarına uyğun kadr hazırlamaqdır. Ölkənin ali təhsil müəssisələrindən heç biri elmi-tədqiqat işləri aparmır. Halbuki ali təhsil müəssisələrinin əsas vəzifəsi elmi araşdırmalar aparmaqdır. Bu, reallıqdır. Peşə təhsili sahəsində də vəziyyət tamamilə bərbad haldadır. Peşə təhsilinin məqsədi qalıb bir kənarda, korrupsiya halları baş alıb gedir. Məktəbəqədər təhsil müəssisələri iflic vəziyyətdədir. Ümumtəhsil pilləsində isə vəziyyət hamısından ağırdır. Sanki təhsil sistemi idarəolunmaz vəziyyətə gəlib. Bunun əsas səbəbkarı və bu vəziyyəti yaradan məhz Emin Əmrullayevin pul qazanmaq sevdasıdır. Emin Əmrullayevin səriştəsiz idarəetməsinə görə, başı rüşvətə, korrupsiyaya qarışdığına görə bu gün təhsil sistemi idarəolunmaz vəziyyətdədir. Əmrullayevin beş illik nazir olduğu dövrdə Azərbaycan təhsilinə, cəmiyyətinə dəymiş hələ maddi ziyanı demirəm, mənəvi ziyanı aradan qaldırmaq üçün bizə illər lazım olacaq. Bu insan elm və təhsil naziri olmaqla Azərbaycan Respublikasının qanunlarının tələblərini bir kənara atıb. Harada pul, maraq, təhsil büdcəsinin dağıdılması, rüşvət halları var, ancaq bu işlərlə məşğuldur. Çox təəssüf ki, Emin Əmrullayevin təhsil naziri olduğu dövrdə Azərbaycan cəmiyyətinə dəyişmiş ziyanın miqyası o qədər böyükdür, hətta bu gün aradan qaldırmağa başlasaq, yaxın on ildə bunu bacarmağımız çətin olacaq. Dəymiş ziyan yüz milyonlar, bəlkə də, milyardlarladır".