"Ərizənizi yazın və bu sistemdən gedin" - Əmrah Həsənli də sertifikasiyadan DANIŞDI

<strong>" class="post-main-photo"> "Həmkarımız Kamran Əsədovun son çıxışlarında səsləndirdiyi iddialar – sertifikasiya imtahanı suallarının bəzi şəxslərə əvvəlcədən ötürülməsi, imtahanın şəffaflığına dair ciddi şübhələrin yaranması – sadəcə şəxsi fikir deyil, konkret faktlara və müşahidələrə əsaslanan bir siqnaldır".
Redaktor.az xəbər verir ki, bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli özünün feysbuk hesabında yazıb.
O, qeyd edib ki, təhsilin gələcəyi üçün müəllimlərin qiymətləndirilməsi prosesi şəffaf, ədalətli və ictimai etimada əsaslanmalıdır.
"Əgər doğrudan da sualların sızdırılması, bəzi şəxslərə üstünlük yaradılması halları varsa, bu, təkcə imtahanın deyil, bütün təhsil sisteminə olan inamı sarsıdır.
Bu səbəbdən aidiyyəti qurumlar bu iddialara laqeyd yanaşmamalı, ciddi araşdırmalar aparmalı və nəticələri ictimaiyyətə aydın və rəsmi şəkildə açıqlamalıdır.
Biz də həmkarımız Kamran müəllimin bu məsələdə səsləndirdiyi fikirlərin araşdırılmasının vacibliyini vurğulayır, çağırış edir və təhsil cəmiyyətinin susmamasını önəmli hesab edirik.
Təhsil hər kəs üçündür. Şəffaflıq isə təhsilin təməl prinsipidir!", - deyə Ə.Həsənli bildirib.
Təhsil eksperti daha sonra əlavə edib ki, son günlər sertifikasiya imtahanı ilə bağlı ictimai narazılıq pik həddədir:
"Minlərlə müəllim haqlı olaraq imtahanın şəffaflığına şübhə edir, sualların əvvəlcədən bəzi şəxslərə sızdırılması, nəticələrə müdaxilə olunması kimi iddiaları gündəmə gətirir.
Bu narahatlıqların fonunda Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı çıxıb bu etirazları “fake news” adlandırır.
Təəssüf doğuran odur ki, bu qədər müəllimin narahatlığını yalan adlandırmaq söz azadlığına, ictimai şikayətlərə və təhsil ictimaiyyətinə qarşı açıq-aşkar hörmətsizlikdir.
Bu sistemin əsas dayağı müəllimlərdir. Onların səsləndirdiyi haqsızlıqları kiçiltmək əvəzinə, adiyyatı qurumların borcu bu iddiaları araşdırmaq, cavab vermək və nəticəni ictimaiyyətə açıq şəkildə təqdim etməkdir.
Əgər doğrudan da bu qədər etirazın arxasında əsassızlıq varsa — araşdırın, sübut edin və ictimaiyyətə hesabat verin.
Əgər hesabat verə bilmirsinizsə — sadəcə susmaqla kifayətlənməyin, ərizənizi yazın və bu sistemdən gedin".
Ə.Həsənli hesab edir ki, təhsil sistemində etimad yoxdursa, heç nə yoxdur.

Geri qayıt