Abşeron-Xızı Regional Təhsil İdarəsi və SDU-nun birgə layihəsi uğurla yekunlaşıb
Abşeron-Xızı Regional Təhsil İdarəsində Sumqayıt Dövlət Universiteti ilə birgə həyata keçirilən layihə çərçivəsində görüş təşkil olunub.
Görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, İdarə müdirinin müavini Aynur Rüstəmova, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva, Pedaqogika və Psixologiya kafedrasının müdiri Aytəkin Məmmədova, struktur bölmə rəhbərləri, idarə əməkdaşları, tələbələr və digər qonaqlar iştirak ediblər.
Görüşün əsas məqsədi Sumqayıt şəhər 37 nömrəli tam orta ümumtəhsil məktəbində icra olunan “Tam orta məktəb” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetinin psixologiya və sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil alan tələbələrinin “İmtahana hazırlıq prosesində şagirdlərə psixoloji dəstək” layihəsində fəal iştirakını dəyərləndirmək olmuşdur.
Qeyd edək ki, “Tam orta məktəb” layihəsi çərçivəsində məktəbdə əsasən X–XI sinif şagirdləri təhsil alır və onların daha məqsədyönlü, keyfiyyətli təhsil almaları üçün müvafiq şərait yaradılıb. Müasir təhsil yanaşmalarına uyğun olaraq layihə yalnız akademik biliklərin artırılmasını deyil, eyni zamanda şagirdlərin psixoloji rifahının təmin olunmasını, sosial bacarıqlarının inkişafını və emosional dayanıqlılığının gücləndirilməsini də hədəfləyir.
Layihə müddətində tələbələr məktəbdə praktik fəaliyyətə cəlb olunaraq şagirdlərlə fərdi və qrup şəklində işləyib, imtahana hazırlıq dövründə onlara psixoloji dəstək göstəriblər. Bu proses tələbələrə nəzəri biliklərini praktik müstəvidə tətbiq etmək imkanı yaratmaqla yanaşı, təhsil müəssisəsində sağlam psixoloji mühitin formalaşmasına da mühüm töhfə verib.
Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bu kimi təşəbbüslərin təhsilin keyfiyyətinin artırılmasında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, şagirdlərin imtahan dövründə psixoloji baxımdan dəstəklənməsi onların uğur nəticələrinə birbaşa təsir göstərən mühüm amillərdən biridir.
Qeyd olunub ki, bu cür layihələr həm tələbələrin peşəkar formalaşmasına, həm də şagirdlərin özünəinamının artırılmasına, sosial adaptasiyasına və emosional dayanıqlılığının güclənməsinə xidmət edir. Eyni zamanda, universitetlə məktəblər arasında əməkdaşlığın genişləndirilməsi gələcəkdə daha səmərəli nəticələrin əldə olunmasına zəmin yaradır.
Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, dosent Günel Paşayeva layihənin vacibliyini vurğulayaraq bu təşəbbüsün həm tələbələr, həm də şagirdlər üçün əhəmiyyətli olduğunu qeyd edib. O, layihə müddətində göstərilən dəstəyə görə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib, bu kimi əməkdaşlıqların davamlı olmasının vacibliyini diqqətə çatdırıb.
Sonda layihə çərçivəsində görülən işlərə dair statistik göstəricilər təqdim olunub, əldə olunan nəticələr diqqətə çatdırılıb və bu kimi təşəbbüslərin gələcəkdə daha geniş miqyasda davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva tərəfindən layihədə iştirak edən tələbələrə uğurlu fəaliyyətlərinə görə sertifikatlar təqdim olunub.













