Dövlət İmtahan Mərkəzindən VACİB AÇIQLAMA
Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul zamanı beynəlxalq dil sertifikatlarını tanımaması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Ajans.az xəbər verir ki, DİM yalnız beynəlxalq dil imtahanlarının rəsmi imtahan mərkəzlərində keçirilmiş nəticələrini məqbul hesab edir.DİM qeyd edib ki, dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələri də qəbul siyasətlərinə uyğun olaraq bu tip imtahan nəticələrini ya ümumiyyətlə qəbul etmir, ya da onlarla bağlı əlavə yoxlama və ya məhdudiyyətlər tətbiq edir:
“Bu səbəbdən Dövlət İmtahan Mərkəzinin yanaşması beynəlxalq praktikadan kənar və ya istisna xarakterli hesab edilə bilməz. Eyni zamanda qeyd edilməlidir ki, ETS tərəfindən də TOEFL iBT Home Edition sertifikatlarının qəbul edilib-edilməməsi məsələsi ali təhsil müəssisələrinin və nəticəni qəbul edən təşkilatların səlahiyyətinə verilib. Başqa sözlə, ETS Home Edition nəticələrinin bütün qurumlar tərəfindən mütləq qəbul edilməsini tələb etmir. Bu barədə qərar qəbul edən təşkilatın daxili qaydaları və qiymətləndirmə siyasəti əsasında müəyyən edilir”.
Qeyd edək ki, sosial şəbəkələrdə doktoranturaya qəbul üçün sənəd təqdim edən namizədlərin beynəlxalq ingilis dili sertifikatlarının DİM tərəfindən tanınmaması, əvəzində onlardan yenidən dil imtahanı və ya müsahibə tələb olunması ilə bağlı məlumatlar yayılmışdı.
