
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin “Ekologiya və Ətraf mühit” kafedrasının müəllimi k.ü.f.d. Əsmər Vəliyeva İtaliya-Azərbaycan Universiteti layihəsi üzrə ADA Universitetinin Bolonya Universiteti ilə əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və qida elmləri istiqamətində keçirilən layihədə iştirak edib.
İtaliyanın və Azərbaycanın şirkətlərinin qoşulduğu proqram “Dayanıqlı bağçılıq sistemləri” mövzusunda birgə sertifikat proqramı layihəsində bağçılıq sistemi sahəsində təcrübə mübadiləsini artırmaq məqsədi daşıyır, bu sahədə multidisiplinar yanaşmanı - bağçılıq və əkinçilik sahələrində qabaqcıl təcrübə və yeni elmi praktikanı özündə ehtiva edir. Proqramın ilk modulu Bakıda keçirilib, İtaliya və Azərbaycan şirkətlərinin iştirakı ilə Bağçılıq sərgisi təşkil olunub.
Sertifikat proqramının son modulu isə Bolonyada keçirilib, iştirakçılar burada italyan şirkətlərinin bu sahədə tətbiq etdiyi yeni texnologiyalarla tanış olub, sərgidə iştirak ediblər. Əsmər Vəliyeva bu məqsədlə Bolonyaya səfər edib.
Bolonya Universitetində başlayan proqramın sonuncu modulu Rimini şəhərində keçirilib və Ə.Vəliyeva keçirilən seminarda Qərbi Kaspi Universiteti haqqında təqdimat edib.