“Uçan taksi”nin sürücüsü: “Adamın faizi də, borcu da olar, amma …”

A.Nəcəfov səhhəti barədə danışarkən deyib ki, ağrıları var: “Hələ ki yataq xəstəsiyəm. Gəzə bilmirəm. Sabunçi Tibb Mərkəzindən sonra özələ gedəndə bütün xərcləri özümüz çəkdik. Camaat da kömək edib, sağ olsunlar. Sadəcə, bizim adımızdan başqa-başqa kartlara pullar köçürülmüşdü. Mən də deyirdim ki, bunu etməyin, ehtiyac yoxdur. Pulları mənə xərcələməkdənsə, nə qədər yetim-yesir var, onlara yardım edin. Mən bunu demək istəmişdim, camaat isə sözümü başqa yerlərə yozdu. Xaricdə yaşayan Qabil Məmmədovun sözlərinə görə paylaşım etmək istəmişdim. Sadəcə, narkozun təsirindən fikrimi insanlara dəqiq çatdıra bilməmişdim. Sabunçu Tibb Mərkəzindən də demişdilər ki, niyə belə paylaşım etmisiniz. Bundan başqa problem olmamışdı. Onsuz da özələ köçməli idim. Sabunçu Tibb Mərkəzinə çox da güvənim, inamım yox idi. Orada əməliyyat oluna bilmzədim. Ağır əməliyyat idi, sümüklərim, diz qapaqlarım hamısı qırıq-qırıq idi. Diaqnoz Tibb Mərkəzində daha əvvəl öd kisəsi əməliyyatı ilə əlaqədar olmuşdum. Buna görə, qərarımı vermişdim ki, ora köçüm. İndi bir az maddi sıxıntımız var. Rentgen olmalıyam. Ağrılarım çoxalıb, deyəsən, sağ ayağım hələ bitişmir. Sadəcə, barmağım tərpənir, ümumi hərəkət yoxdur. Gündəlik iki sakitləşdirici içirəm, əks halda səhərə qədər yatmıram. Sakit olanda qırx dəqiqə yatıram. Yəqin ki, cavab rentgendən sonra bilinər. Sol ayağımda bir az irəliləyiş var, amma qatlaya bilmirəm, diz ağrısı var, çünki dizlərimin ikisi də bərbad halda idi…”
O başına gələnlərlə bağlı insanlara örnək olacaq fikirlər səsləndirib: “Ayağımın altında həmişə maşın olub. Birinci dəfə idi, belə hadisə başıma gəldi, sükan arxasında “sudurqa” tutdu. Düzdür, əsəb keçirmişdim. Gecə-gündüz evdəkilərə deyirdim ki, səhərin açılmasını istəmirəm. Allaha qarşı üsyan edirdim. O da bu üsyanı məndən belə çıxardı. “Səhər açılmasın, gecə düşməsin, bu nədir, bu nə yaşayışdır?” Bunları həqiqətən demişəm. Danmıram. Tövbə də etdim. Çox böyük ağrı-acı yaşadım. On bir il dayanmadan namaz qılmışam. Namazdan da uzaqlaşmışdım. Şükür Allaha, hadisədən sonra namaza da qayıtdım. Başım çox bəlalar çəkdi. Adamın faizi də, borcu da olar, amma özünü bu dərəcədə buraxmaz. Həyat yoldaşım da, uşaqlarım da deyirdilər ki, bəsdir, bu qədər üsyan etmə. Borcdur, sabah qurtarar, hər şey düzələr, yaddan çıxar. Həyat yoldaşım başa salırdı, başa düşmürdüm. Deyirdim ki, yox, belə yaşayış olmaz, özümdən asılı deyildi. Mənim heç taksi işləmək niyyətim yox idi. Həmişə öz işim olub. Kamera, televizor düzəldən adam olmuşam. 2005-ci ildə iş zəif olanda beş il taksi işləmişdim. Elə bil, Allah birdən-birə o yola məni yenə çəkdi ki, dərs olsun. Bu da nə ilə nəticələndi? İkinci gün idi, “sudurqa” tutdu. Ürək getdi, dil qatlandı, ayaq sıxılıb qaldı… Narkotik çəkən, “alkaş” insan belə o riski heç vaxt etməz. İnsanlara çatdırmaq olmur ki, o cür sürətlə heç kim özünü ölümə atmaz. Yaxşı ki, üç yerdən analiz götürdülər. Gördülər ki, qanımda heç nə yoxdur, təmizəm. Evdəkilər deyirlər ki, artıq işləməyə ehtiyac yoxdur. Şükür Allaha, balaca kafemiz var, onu arendaya veririk. Ayaqlarım sağalsın, əvvəlki işimə qayıdacağam. Oturaq vəziyyətdə televizor ekranı, aparatlar yığaram. Artıq ayaqlarımı gücə sala bilmərəm. Allah məni heç vaxt işsiz qoymayıb, sadəcə, mən bir az yekəxanalıq etdim, üsyan etdim. Allah dünyada olmayan bir şeyi mənə göstərdi ki, bir az aşağı düş, daha bəsdir. Allah keçmiş eləsin. O günləri düşmənimə göstərməsin. Özüm də peşman oldum. İndi başa düşürəm ki, borc-morc hamısı gəldi-gedərdir. İndi yataqdayam, guya borcum qayıdıb? Həmin şeydir. Səbirli olmaq lazımdır. Allaha üsyan etmək düzgün deyil. Bir daha tövbə…”