İlahiyyatçı: “Zəruri durumlarda haram icazəli hesab edilir”

İlahiyyatçı: “Zəruri durumlarda haram icazəli hesab edilir” Son günlər sosial şəbəkələrdə tərkibində alkoqol olduğu üçün bəzi dərmanların, xüsusilə də D vitamininin istifadəsinin dini cəhətdən uyğun olub-olmaması ilə bağlı müzakirələr aparılır. Bu fikirlərlə razılaşanlarla yanaşı, sərt tənqid edənlər də var. Bu isə tərkibində alkoqol olan dərman və vitaminlərin istifadəsinin dini baxımdan necə qiymətləndirildiyi sualını gündəmə gətirib.
 
İlahiyyatçı Əkrəm Həsənov Pravda.az-a açıqlamasında bildirib ki, hər bir mövzuda əvvəlcə ən böyük mənbə hesab edilən “Quran”a istinad etmək gərəklidir.
İlahiyyatçı: "Həyat ən pis şərtlər altında belə gözəldir" Pravda.az
Onun sözlərinə görə, daha sonra bunun Peyğəmbərin həyatında necə tətbiq olunması və alimlərin bu barədə hansı nəticəyə gəlməsinə baxılmalıdır: ““Qurani-Kərim”də uca Allah buyurur ki, Allah sizin üçün çətinlik istəməz, asanlıq istər. Bu məna “Qurani Kərim”də, xüsusilə “Bəqərə” surəsi 185-ci ayədə açıq şəkildə ifadə olunur. Başqa bir ayədə isə buyrulur ki, özünüzü öz əlinizlə təhlükəyə atmayın. Bu isə göstərir ki, insan əvvəlcə öz sağlamlığını qoruyaraq dini vəzifəni yerinə yetirir.  İslam hüququnda çox mühüm bir prinsip də var ki, zərurət haramı mübah edir. Yəni, zəruri durumlarda haramlar icazəli hesab edilir. Böyük alimlər heyəti bu qaydanı geniş şəkildə izah ediblər. Müalicə axtarmaq dini baxımdan təşviq olunur”.
 
İlahiyyaytçı qeyd edib ki, spirt məsələsində incə bir fərq var: “Fiqh elmində içki kimi istifadə olunan spirt ilə dərman tərkibində olan spirt eyni kateqoriyada qiymətləndirilmir. Müasir fiqh akademiyaları və tibb alimləri bunu ayrıca müzakirə ediblər. Bir çox beynəlxalq qurumlar, o cümlədən İslam Fiqh Akademiyası belə nəticəyə gəlib ki, spirt dərmanın tərkibində kimyəvi həlledici kimi istifadə olunursa və onun məqsədi sərxoşluq deyil, müalicədirsə, bu icazəlidir, xüsusilə alternativ yol yoxdursa, istifadəsi zəruri olur. Tərkibində spirt olan dərmanların istifadəsi ilə bağlı yanaşma, müasir tibbi reallıqla da üst-üstə düşür. Farmakologiyada bir çox maddələr spirt vasitəsilə həll olunur və bu, dərmanın effektivliyini artırır. Bu spirt miqdarı adətən çox az olur və insan orqanizmində sərxoşluq yaratmır. Bu baxımdan onu içki ilə eyniləşdirmək elmi baxımdan da düzgün deyil. “D” vitamini məsələsinə ayrıca toxunmaq lazımdır. Müasir tibb göstərir ki, “D” vitamini immun sistemi, sümük sağlamlığı və hormonal balans üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə günəş işığının az olduğu və ya həyat tərzinin qapalı olduğu mühitlərdə “D” vitamini çatışmazlığı ciddi problemlərə səbəb olur. Ona görə bu vitamini qəbul etməmək bəzən sağlamlıq üçün risk yarada bilər. Bəzi ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanında tətbiq edilən məhdudiyyətlər daha çox sosial səbəblərlə bağlıdır, yəni sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Bu isə ümumi dini hökm deyil, inzibati və preventiv tədbirdir. Yəni, bu qərarı bütün müsəlmanlara aid universal şəri hökm kimi qəbul etmək düzgün deyil”.
 
Ə.Həsənov onu da əlavə edib ki, “Quran”da donuz haram buyurulsa da, eyni ayədə zərurət halında onun istifadəsinə icazə verilir: “Bu yanaşmanı bir çox klassik alimlər qəbul edib. Müasir tibdə isə bəzi dərmanlar və vaksinlərdə belə komponentlərdən istifadə olunur və alternativ olmadıqda onların istifadəsi icazəli sayılır. 2005-ci ildə İslam Tibb Konfransında iştirak edəndə bu mövzular ayrıca işləndi və böyük alimlər heyəti zəruri durumlarda bu cür haram hesab edilən maddələrdən tibbdə istifadənin icazəli olduğunu bildirdilər və buna heç bir alim etiraz etmədi. Dərman müalicə məqsədi daşıyırsa, tərkibindəki spirt sərxoşluq yaratmırsa və alternativi yoxdursa və ya daha zəifdirsə, onun istifadəsi günah sayılmır. Əksinə, sağlamlığı qorumaq dini baxımdan məsuliyyətdir. Din insanı çətinliyə salmaq üçün deyil, onu qorumaq üçün nazil olub. Bu məsələdə ən sağlam yanaşma ifrat və təfritdən uzaq olmaqdır. Nə hər şeyi haram elan etmək doğrudur, nə də sərhədsiz yanaşmaq. Ölçü budur: məqsəd nədir, təsir nədir və alternativ varmı? Bu üç sual cavabını tapanda məsələ də aydınlaşır”.

Geri qayıt