Cəlalə Nəzəroğlu: “Deputatlar ən adi sadə mətni belə bədahətən danışa bilmirlər, kağızdan oxuyurlar, üstəlik yaxşı oxumurlar”
Xəbər verdiyimiz kimi, son günlər deputat Ülviyyə Həmzəyevanın parlamentdəki çıxışı zamanı mətni düzgün və səlist oxumaya bilməməsi sosial şəbəkələrdə tənqid olunur. Bu isə yüksək vəzifəli şəxslərin nitqinin necə olması məsələsini yenidən gündəmə gətirib.Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Diksiya Akademiyasının rəhbəri, nitq təlimçisi Cəlalə Nəzəroğlunun sözlərinə görə, ictimai vəzifə daşıyan hər bir şəxs, xüsusilə də deputat tribunaya çıxanda təkcə fikir deyil, həm də dil və nitq məsuliyyəti daşıyır.
O bildirib ki, deyilən hər bir söz birbaşa cəmiyyətə gedir və ictimai rəyə təsir edir: “Millət vəkili sadəcə fikri söyləyən biri deyil, həm də təmsilçidir. Bu səbəbdən də nitq aydın, səlist, ədəbi dildə olmalıdır. Ləhcə, qeyri-dəqiq ifadələr, zəif nitq üslubu bu mesajın gücünü azaldır, eyni zamanda həmin şəxsin peşəkarlığını kölgə altında qoyur, bəzən isə yanlış anlaşılmaya gətirib çıxarır. Seçiciyə platformanı çox izah edirsənsə, bunu ən düzgün, ən anlaşılan, inandırıcı formada çatdırmaq mütləqdir. Deyək ki, hər hansı vəzifəli şəxs və ya millət vəkili bunu bacarıb, artıq vəzifə başındadır, ancaq bu, o demək deyil ki, o, öz nitqi haqqında düşünməməlidir. Təəssüf ki, Azərbaycanda bəzən belə bir yanaşma görürük ki, rəhbər vəzifəyə gələn şəxslər bir çox şey haqqında düşünüb, tədbir görürlər, ancaq öz şəxsi imiclərinə, təqdimatlarına demək olar ki, diqqət ayırmırlar, o cümlədən nitq mədəniyyəti, düzgün danışıq, çıxış bacarığı… Çox zaman bu arxa planda qalır. Nəticədə isə görürük ki, insanlar yüksək vəzifədədir, ancaq ləhcə ilə danışır, qarmaqarışıq fikir irəli sürürlər, hətta bəzən onların xarici dillərdən tərcümə edərək qəribə kalka formaları ilə rastlaşırıq. Çox təəssüf ki, ən adi sadə mətni belə bədahətən danışa bilmirlər, kağızdan oxuyurlar, üstəlik yaxşı oxumurlar. Açığı ictimai təqdimat baxımından heç xoş görüntü yaratmır, həmin şəxs haqqında kölgəli fikirlər formalaşdırır. Yəqin ki, heç kəs özü haqqında belə bir təəssürat yaratmaq istəməzdi”.
C. Nəzəroğlu onu da qeyd edib ki, istənilən namizəd - istər millət vəkili, istərsə də digər yüksək vəzifəli şəxs öncədən xüsusi piar və kommunikasiya komandası ilə işləyir: “Onlar yanlız siyasi mövqeyi deyil, şəxsi imicini, geyimini, danışıq tərzini, mədəniyyətini və ümumi təqdimatı ciddiyə alırlar və bunun üzərində işləyirlər. Ələlxüsus da nitq bacarıqları ayrıca bir istiqamət kimi həmin şəxsdə inkişaf etdirilir. Ona görə hesab edirəm ki, ictimai vəzifə daşıyan şəxslər üçün nitq mədəniyyəti və özünü düzgün ifadə etmək bacarığı əlavə bir üstünlük deyil, zəruri tələb olmalıdır. Xüsusi altından xətt çəkərək deyirəm ki, bu vəzifəli şəxslər Azərbaycanda yüksək postdadırlar və Azərbaycan dilinə ən birinci onlar hörmət etməli, başqa vətəndaşlara da nümunə olmalıdırlar”.
