Bazarda təhlükəli kərə yağları: Adlar niyə gizlədilir?

Bazarda təhlükəli kərə yağları: Adlar niyə gizlədilir? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kərə yağları ilə bağlı apardığı plandankənar yoxlamalar zamanı bir sıra məhsullarda etiketləmə qaydalarının pozulması, istehlakçını çaşdıran və həqiqəti əks etdirməyən məlumatların təqdim edilməsi halları aşkarlanıb. Lakin diqqət çəkən məqam ondan ibarətdir ki, Agentlik qanun pozuntusuna yol vermiş məhsulların adlarını ictimaiyyətə açıqlamayıb. Bu isə istehlakçı hüquqlarının pozulması ilə bağlı suallar yaradıb.
AQTA-nın Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova qurumun altı aylıq fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib ki, belə faktlar aşkar edildikdə qanunvericiliyə uyğun tədbirlər görülür. "Əsas məqsəd bazarda təhlükəsiz və keyfiyyətli məhsulların dövriyyəsini təmin etmək, istehlakçıların hüquqlarını qorumaq və sahibkarların qanunvericiliyin tələblərinə əməl etməsinə nail olmaqdır", – deyə o vurğulayıb.
Lakin qanun pozuntusuna yol vermiş məhsulların adlarının açıqlanmaması cəmiyyətdə narazılıq doğurur.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov hesab edir ki, qida təhlükəsizliyinin təmin olunması hər bir vətəndaşın sağlamlığı üçün strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, AQTA illərdir bu sahədə kifayət qədər şəffaf fəaliyyət göstərmir.
Eyyub Hüseynov koronavirusa yoluxdu | Modern.az
"Çox təəssüf ki, AQTA uzun illərdir "oxunu atıb, yayını gizlətmək" prinsipi ilə işləyir. Bir ara bəzi sahələrdə, məsələn, içməli sularla bağlı müəyyən şirkətlərin adları açıqlanmışdı. Lakin sonradan qurum yenidən əvvəlki qeyri-şəffaf fəaliyyət modelinə qayıtdı", – deyə o bildirib. E.Hüseynovun fikrincə, istehlakçıya ümumi statistika deyil, konkret məlumat lazımdır: "İstehlakçının fundamental hüququdur ki, bazardan aldığı məhsulun dəqiq adını, istehsalçısını, istehsal olunduğu yeri, satış ünvanını və qiymətini bilsin. Bazarda etiket məlumatları ilə faktiki tərkibi uyğun gəlməyən çoxsaylı məhsullar var. Onların aşkarlanması vacibdir, amma bundan da vacibi həmin məhsulların adlarının ictimaiyyətə açıqlanmasıdır".
AİB sədri başqa bir ciddi məqama da diqqət çəkib. O bildirib ki, dövriyyədən çıxarılan keyfiyyətsiz məhsulların sonrakı taleyi barədə də cəmiyyətə məlumat verilmir. "Bu məhsullar harada və necə məhv edilir? Yoxsa hansısa yollarla yenidən bazara qaytarılır? Bu suallar həm bizi, həm də cəmiyyəti ciddi narahat edir. Biz istəyirik ki, məhsulların məhv edilməsi prosesində ictimai təşkilatlar və KİV nümayəndələri iştirak etsin, bütün proses tam şəffaf həyata keçirilsin".
E.Hüseynov qeyd edib ki, vaxtilə AQTA yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü olsa da, həmin dövrdə belə qurumun fəaliyyətinə dair lazımi məlumatları əldə etmək mümkün olmayıb: "Bu qurumun 'daxili mətbəxinə' daxil olmaq çox çətindir. Sistem informasiyanın açıqlanması deyil, gizlədilməsi üzərində qurulub. Nəticədə zərər çəkən isə istehlakçıdır. AQTA-nın bu cür yarımçıq açıqlamalarından sonra mənə hər gün yüzlərlə vətəndaş zəng edərək hansı məhsulun təhlükəsiz olduğunu soruşur. Belə məlumatlar insanlarda aydınlıq yaratmır, əksinə, narahatlıq və çaşqınlıq yaradır".
Onun sözlərinə görə, qida təhlükəsizliyinə nəzarət edən qurumun fəaliyyətində tam informasiya açıqlığı təmin edilməlidir. "Bu, təkcə istehlakçıların qorunması üçün deyil, həm də dürüst sahibkarların qanun pozuntularından nəticə çıxarması və bazarda sağlam rəqabətin formalaşması baxımından vacibdir. Hamı bilməlidir ki, millətin sağlamlığı ilə oynayan hər bir şirkətin adı ictimaiyyətə açıqlanacaq".
Qida eksperti Fərid Səfərov da hesab edir ki, istehlakçıların əsas hüquqlarından biri aldıqları məhsul haqqında düzgün və dolğun məlumat əldə etməkdir: "Əgər yoxlamalar zamanı konkret kərə yağlarında etiketləmə pozuntuları, tərkibin düzgün göstərilməməsi və ya istehlakçını çaşdıran məlumatlar aşkarlanıbsa, həmin məhsulların adlarının açıqlanması həm istehlakçıların məlumatlandırılması, həm də seçim hüququnun qorunması baxımından vacibdir".
Mənşəyi bilinməyən hər cür qida insan sağlamlığı üçün olduqca təhlükəlidir”
Ekspert qeyd edib ki, bəzi hallarda araşdırmalar yekunlaşmadığı və ya hüquqi prosedurlar tamamlanmadığı üçün məhsul adları açıqlanmaya bilər: “Bu, sonradan yarana biləcək hüquqi mübahisələrin qarşısını almaq məqsədi daşıyır. Bununla belə, istehlakçı sağlamlığı üçün real risk və ya ciddi uyğunsuzluq müəyyən edildiyi hallarda məlumatların vaxtında ictimaiyyətə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu, vətəndaşların məlumatlı seçim etməsinə imkan verir, bazarda şəffaflığı artırır və digər istehsalçıları da qanunvericiliyin tələblərinə daha ciddi əməl etməyə sövq edir".

Geri qayıt