“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”

“Hesab edirəm, Azərbaycanın beynəlxalq təmasları, əlaqələri, beynəlxalq təşkilatlardakı fəaliyyəti bizə imkan verəcək ki, körpüləri quraq, gücləndirək, müxtəlif qitələrdən olan ölkələr arasında həmrəyliyi də gücləndirək”, - deyə dövlət başçısı bildirib.
Prezident bildirib ki, faydalı qazıntı ilə zəngin ölkə olaraq Azərbaycan OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlük verir.
“Çünki enerji, qaz və neftlə zəngin olan ölkələr bu işdə - iqlim dəyişikliyi ilə mübarizə sahəsində öndə getməlidirlər. Beləliklə, bu müxtəlif platformalar bizdə yaxşı həmrəylik ruhu yaradacaq və bizə imkan verəcək ki, hədəflərimizə nail olaq. Bizim ölkə COP-a ev sahibi seçilən kimi bir sıra media qurumları bizim enerji portfelimizi təhlil etməyə başladılar”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
O vurğulayıb ki, bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi.
“Biz xarici tərəfdaşlarımızla nəhəng yaşıl keçid layihələrinə başlamışıq”, - deyən dövlət başçısı bu ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini vurğulayıb. Bildirib ki, təkcə bu il 1300 meqavat həcmində külək və günəş enerjisi layihələri həyata keçiriləcək.