Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Prezident İlham Əliyevin Astanaya rəsmi səfəri Qazaxıstan mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Astanaya rəsmi səfəri Qazaxıstan mediasının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin Astanaya rəsmi səfəri Qazaxıstan mediasının diqqət mərkəzindədir
2023-04-10 , 23:18

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, Astanada iki ölkənin liderləri arasında aparılan danışıqlar və Azərbaycan-Qazaxıstan Yenilik.az xəbər verir ki, bir çox kütləvi informasiya vasitələri, o cümlədən “Qolos naroda”, “Sputnik Qazaxıstan”, “Inbusiness”, “El İnform” Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev arasında danışıqlar barədə yazılar dərc ediblər. Materiallarda qeyd olunub ki, danışıqlarda bütün sahələrdə, o cümlədən ticarət-iqtisadi, investisiya, həmçinin nəqliyyat-logistika infrastrukturu layihələri kimi prioritet istiqamətlərdə ikitərəfli əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub.
Qazaxıstan nəşrləri iki ölkənin iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığının möhkəmlənməsi barədə yazıb. “Kapital” xəbər saytı “Qazaxıstan və Azərbaycan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır” sərlövhəli məqaləsində iki ölkənin uğurlu əməkdaşlığından bəhs edir. Qazaxıstanın KazTAQ beynəlxalq informasiya agentliyi ticarət dövriyyəsinin artımında müsbət dinamikanı təsdiq edən məlumatları təqdim edib. Məqalədə bildirilir ki, 2022-ci ildə Qazaxıstanın Azərbaycana ixracı 30,4 faiz artaraq 375,3 milyon dollara, idxalı isə 95,2 artaraq 86,6 milyon dollara çatıb. İcmalda diqqətə çatdırılıb ki, ötən il Qazaxıstan iqtisadiyyatına Azərbaycan investisiyalarının məbləği 69,7 milyon dollar olub.
Bir çox Qazaxıstan KİV-ləri ortaq mənəvi-mədəni dəyərlərin birləşdirdiyi iki xalqın əsrlər boyu davam edən qardaşlıq və dostluq əlaqələrindən yazıb. “Kapital” nəşri qeyd edir ki, bu yaxınlarda irəli sürülən humanitar təşəbbüslər, xüsusən Qazaxıstanın Azərbaycanda və Azərbaycanın Qazaxıstanda mədəniyyət günlərinin keçirilməsi haqqında qərar iki xalqın daha da yaxınlaşması və dövlətlərarası münasibətlərin möhkəmlənməsinə kömək edəcək.
“Orda” və “Tengrinews” internet qəzetləri yazırlar ki, Qazaxıstanın hazırda Füzuli şəhərində inşa etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğun parlaq nümunələrindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Mərkəzin açılışına dəvət etdiyini diqqətə çatdıran “Vlast” internet jurnalı Azərbaycan dövlətinin başçısının sözlərini sitat gətirib:
“Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda”.
Qazaxıstan kütləvi informasiya vasitələri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan və Qazaxıstan arasında strateji əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə xüsusi diqqət yetirirlər. Yazılarda qeyd olunur ki, ölkəyə mürəkkəb bir şəraitdə başçılıq edən dahi lider haqlı olaraq müasir müstəqil Azərbaycanın memarı hesab olunur. Kasım-Jomart Tokayevin sözlərinə görə, məhz onun rəhbərliyi altında gənc Azərbaycan dövləti qısa zaman ərzində dünya ictimaiyyətinin tamhüquqlu üzvünə çevrildi, Heydər Əliyevin həyat yolu isə millətə sədaqətlə xidmətin parlaq nümunəsidir.
“BaigeNews” xəbər agentliyi və digər kütləvi informasiya vasitələri bildirirlər ki, bu il Qazaxıstanda Heydər Əliyevin 100 illiyinə həsr olunmuş və onun xatirəsini əbədiləşdirən bir sıra tədbirlər təşkil olunacaq.
“Kazinform” agentliyi Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş sənədli filmin premyerasından yazıb. Məqalədə qeyd edilib ki, Kasım-Jomart Tokayev geniş heyətdə danışıqlar zamanı filmin premyerası barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verib. O qeyd edib ki, bu gün Qazaxıstan Prezidentinin göstərişi ilə “Qazaxıstan” teleradio korporasiyası tərəfindən lentə alınmış Heydər Əliyev haqqında “Görkəmli həyat” sənədli filminin premyerası olacaq.
Bir çox media orqanları Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə aprelin 10-da Astananın mərkəzində Heydər Əliyev küçəsinin təntənəli açılışından bəhs ediblər. “inAstana” xəbər saytı və digər kütləvi informasiya vasitələri yazıblar ki, bu əlamətdar hadisə Azərbaycan xalqının böyük oğluna ehtiramın daha bir örnəyidir.
“Kazaxstanskaya pravda” qəzeti yazıb ki, mərasimdə çıxış edən Qazaxıstan Prezidenti Astana və Bakı arasında müasir, möhkəm və harmonik qarşılıqlı münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini bəyan edib. Məqalədə, həmçinin qeyd edilib ki, Kasım-Jomart Tokayev öz atasının quruculuq işlərini layiqincə davam etdirən və ölkəsini inamlı addımlarla tərəqqi yolunda irəli aparan İlham Əliyevin güclü liderliyini yüksək qiymətləndirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.