Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məktəb direktoru haqqında paylaşımlar edən katibəyə cəza verildi

Məktəb direktoru haqqında paylaşımlar edən katibəyə cəza verildi

Məktəb direktoru haqqında paylaşımlar edən katibəyə cəza verildi
2023-05-25 , 22:01

Astara rayon F.Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru Ülviyyə Bayramova ilə katibə Validə Məmmədova arasındakı qalmaqalla bağlı məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Astara Rayon Məhkəməsində V.Məmmədova barəsində direktorun etdiyi xüsusi ittiham qaydasındakı şikayətə baxılıb. Ü.Bayramova katibənin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsinə uyğun cəzalandırılmasını tələb edib.
Araşdırmalar zamanı məlum olub ki, Validə Məmmədova direktora oğlunu işə götürülməsi ilə bağlı müraciət edib. Ülviyyə Bayramova məktəbdə yaranacaq vakant yerə qaydalara uyğun olaraq şəhid ailə üzvlərindən, qazi və müharibə iştirakçılarından müraciət edən olmayacağı təqdirdə Validə Məmmədovanın oğlunun işlə təmin olunmasına köməklik göstərəcəyini bildirib. Lakin məktəbdə yaranmış vakant yerə şəhid ailəsi üzvünün götürülməsi Validə Məmmədovanın direktora qarşı münasibətinin dəyişməsinə səbəb olub. Validə Məmmədova müxtəlif dövlət orqanlarına şikayət məktubları yazaraq direktoru rüşvətxorluqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib. Şikayət məktubları araşdırılıb, məktəbdə vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və korrupsiya hallarının olmadığı müəyyən edilib.
Direktor Ülviyyə Bayramova məhkəmədə V.Məmmədovanın qanunun tələbinə uyğun şəkildə cəzalandırılmasını tələb edib.
V.Məmmədova isə özünü təqsirli bilməyib:
“1999-cu ildən həmin məktəbdə çalışıram. Ülviyyə Bayramova direktor təyin olunandan sonra pul yığdırmağa başladı, işçilərdən müxtəlif adlarla dəfələrlə pul alıb. Bütün bunlara görə də internetdə onun rüşvətxorluğu, saxtakarlığı, mənə təzyiq etməsi barəsində yazıb, paylaşım etmişəm, məktəbin həmkarlar təşkilatının iclasında çıxış etmişəm. Hesab edirəm ki, dediklərim həqiqətdir”.
Astara Rayon Məhkəməsi direktorun şikayətini təmin edib. V.Məmmədovaya qazancının 10 faizi dövlət nəfinə tutulmaqla altı ay islah işləri cəzası verilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.