Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Qızlar gözəl bədən quruluşlarını göstərə bilməsələr, kimə ərə gedəcəklər?!”

“Qızlar gözəl bədən quruluşlarını göstərə bilməsələr, kimə ərə gedəcəklər?!”

“Qızlar gözəl bədən quruluşlarını göstərə bilməsələr, kimə ərə gedəcəklər?!”
2023-12-26 , 15:53

Ötən gün Milli Məclisin deputatı Tahir Kərimlinin gənclərin geyimi ilə bağlı açıqlaması gündəmi alt-üst etdi. “Təəssüf ki, qızlar universitetlərə və məktəblərə qısa geyimdə gedir, şəhvət doğuracaq, bayağı geyimlər geyinirlər” deyən millət vəkilinin bu fikirləri heç də birmənalı qarşılanmadı. 

Məsələ ilə bağlı Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov danışıb. O bildirib ki, ölkədə insanların geyimindən daha ciddi müzakirə edilməli məsələlər var: 
“Əslində illərdir ki, bu məsələ ilə bağlı müəyyən mübahisələr olub. Deputatımız heç də yeni söz deməyib. Orta məktəblərdə vahid formalar tətbiq edilir, amma artıq 18 yaşı tamam olmuş, qanunvericiliyimizə görə hər cür azadlıq, sərbəstlik verilmiş şəxsə “universitetdə bu cür geyin” deməyin özü onun hüquqlarının pozulması deməkdir. 
Düzdür, işdə, təhsil ocağında maksimum çalışmaq lazımdır ki, etik geyinək. Amma ümumən baxanda insanların geyiminə, həyatına müdaxilə etmək heç də normal hal deyil. 
Tahir müəllim bizim intellektual hüquqşünasımız, öz sözünü deyən millət vəkilimizdir, amma bu heç də onun dediyi bütün sözlərin birmənalı olaraq yaxşı qarşılanacağı anlamına gəlmir. Əslində, seçicilər sual edə bilər ki, Tahir müəllim, bizim çox ciddi problemlərimizin olduğu vaxtda bu məsələni ortaya atmaqda məqsədiniz nədir? 
İnsanlara belə geyin, elə geyin demək bir qədər etikadan kənardır, onların həyatına müdaxilə etmək deməkdir. Bu məsələni gündəmə gətirməkdənsə, Tahir müəllim sual etsin ki, niyə ali məktəbə qəbul edilmək istəyərkən gənclərdən ciddi imtahan götürülür, lakin ali təhsil ocağını bitirəndə onlar ciddi yoxlanılmır, bəzən hətta dövlət imtahanı da ləğv edilir. Bizə məgər sadəcə diplomlu şəxslər lazımdır, yoxsa öz ixtisasını yaxşı bilən mütəxəssislər?!” 
Kulturoloqun sözlərinə görə, gənclərin geyiminə qarışmaqla onlar ölkədən uzaq düşməyə vadar edilir: 
“Biz “belə geyinmə, açıq gəzmə, saqqallı gəlmə, şəpiklə dərsə girmə” deyə-deyə gənclərimizin böyük əksəriyyətini Azərbaycandan kənarda özəl təhsil müəssisələrində oxumağa sürükləmişik. Ölkədə milyardlarla təhsil kapitalı kənara axır. Gedən gənclərin əksəriyyəti də həmin ölkələrin təsiri altına düşürlər. Bax, bu məsələləri qabartmaq lazımdır, yoxsa ki, onu geyinməyin, makyaj etməyin demək yox. Yazıq qızlar dünyada dəbə düşmüş, lap qısa ətəyi universitetə geyinməsinlər, toya geyinməsinlər, şəhərə çıxanda geyinməsinlər, bəs harada geyinsinlər?! Gənclik gözəllik deməkdir, gözəllik liberallıq deməkdir. Xanımlar öz gözəl ayaqlarını, bədən quruluşlarını göstərə bilmirlərsə, onlar kimə ərə gedəcəklər?!” 
A.Əbilov qeyd edib ki, 18 yaşına çatmış insanların geyiminə qadağa qoymaq, onların həyatına müdaxilə etmək qanunsuzdur: 
“Düzdür, universitet gözəllik yarışması, gözəl ayaqları nümayiş üçün yer deyil, amma nəzərə alaq ki, universitet həm də gənclərin bir-birini tanıması, sosiallaşması, gələcək ailə həyatı üçün bir-birini seçməsi üçün bir yerdir. Bu, bütün dünyada belədir, məhz tələbə yoldaşı olan şəxslər sonradan ailə həyatı qururlar. 
Özü də Tahir müəllim insan hüquqları komitəsinin sədr müavinidir və onun bu sözü deməyi, hansısa qadağa qoyması nə qədər düzgündür? Milli-mənəvi dəyərlər baxımından ağsaqqal olaraq onun sözündə haradasa həqiqət var, həddindən artıq liberal geyinən xanımlar ətrafdakı kişilərə problem yaradırlar, amma biz çalışmalıyıq ki, hansısa mental dəyərlərə görə gənclərimizin hüquqlarını pozmayaq ki, sabah onlar hansısa xarici ölkəyə qaçıb getməsinlər”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.