Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident MÜHÜM fərman imzaladı

Prezident MÜHÜM fərman imzaladı

Prezident MÜHÜM fərman imzaladı
2023-07-29 , 16:00

“Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası” təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə QAYDASI
1. Ümumi müddəalar
1.1. Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası (bundan sonra – Qayda) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin XII hissəsinə əsasən hazırlanmışdır və dövlət avtomobil yollarında nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən (bundan sonra – vəsait) istifadə ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.
1.2. Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (bundan sonra – Nazirlik) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.
1.3. Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra – Agentlik) bank hesabına yığılır.
1.4. Bu Qaydada istifadə olunan anlayışlar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Vəsaitdən istifadə istiqamətləri
2.1. Nazirlik və Agentlik tərəfindən vəsaitdən aşağıdakı istiqamətlər üzrə istifadə olunur:
2.1.1. parklanma yerlərinin idarə olunması və saxlanılması (kommunal, mühafizə, təsərrüfat və rabitə xərcləri);
2.1.2. parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılması;
2.1.3. parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılması;
2.1.4. parklanma ilə bağlı maarifləndirmə və təbliğat işləri;
2.1.5. nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılması;
2.1.6. yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsi;
2.1.7. parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsi;
2.1.8. işçilərinin sosial müdafiəsinin gücləndirilməsi.
2.2. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulanlarla yanaşı, Agentlik həmin vəsaitdən ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişindaşıma və ona aid infrastrukturun inkişaf etdirilməsi istiqaməti üzrə də istifadə edir.
2.3. Nazirliyə daxil olan vəsaitin 50 faizədək, Agentliyə daxil olan vəsaitin isə 30 faizədək hissəsindən bu Qaydanın 2.1.8-ci yarımbəndində müəyyən edilmiş istiqamət üzrə istifadə olunur.
3. Yekun müddəalar
3.1. Vəsaitdən istifadəyə dair rüblük hesabatlar artan yekunla tərtib edilir. Rüblük hesabat hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq, Nazirlik tərəfindən, Bakı şəhərinin inzibati ərazisi üzrə isə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilir.
3.2. Agentliyin hesabına köçürülən vəsaitin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
3.3. Bu Qaydada büdcədənkənar vəsaitdən istifadə ilə bağlı nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.