Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycan MN Rusiya tərəfinə ötən gün Qarabağda baş verən insidentlə bağlı cavab verib

Azərbaycan MN Rusiya tərəfinə ötən gün Qarabağda baş verən insidentlə bağlı cavab verib

Azərbaycan MN Rusiya tərəfinə ötən gün Qarabağda baş verən insidentlə bağlı cavab verib
2023-03-06 , 23:15

“Təəssüf hissi ilə qeyd edirik ki, martın 6-da Rusiya Federasiyası Müdafiə Nazirliyi dünən Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş silahlı insidentlə bağlı yaydığı bülletendə faktları təhrif edib və həqiqəti əks etdirməyən məlumat yayılıb”.

Yenilik.az xəbər verir ki, bu sözlər Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, martın 5-də operativ məlumatlar əsasında Ermənistandan qanunsuz hərbi daşınmalar həyata keçirən erməni hərbi birləşmələrinin nəqliyyat vasitəsinin Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib:
“Nəqliyyat vasitəsinə yaxınlaşarkən avtomobilin içərisində olan erməni silahlı dəstəsinin üzvləri tərəfindən hərbi qulluqçularımız avtomat silahlardan atəşə tutulub və nəticədə iki hərbçimiz şəhid olub, biri isə yaralanıb. Cavab atəşi ilə qeyri-qanuni erməni dəstəsinin üç üzvü məhv edilib və biri yaralanıb. Silah-sursatla tam təchiz olunmuş bu hərbi qulluqçuların “pasport və viza” xidməti həyata keçirən polis əməkdaşları kimi təqdim edilməsi riyakarlıqdan başqa bir şey deyildir.
İnsident nəticəsində yaralanan hərbi qulluqçularımıza Rusiya sülhməramlı kontingentinin nümayəndələri tərəfindən ilkin tibbi yardımın göstərilməsi və təxliyə edilməsi barədə yayılan məlumat da həqiqəti əks etdirmir. Şəhidlərimizin və yaralı hərbçimizin ərazidən təxliyəsi hərbi qulluqçularımız tərəfindən həyata keçirilib.   
Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Ermənistan tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonundakı qeyri-qanuni erməni silahlı dəstələrinə silah, sursat, təminat və digər hərbi vasitələrin daşınması davam etdirilir, eləcə də şəxsi heyətin rotasiyası həyata keçirilir. Bu kimi qəbuledilməz halların qarşısının dərhal alınması məqsədilə Rusiya sülhməramlı kontingenti üzərinə düşən vəzifələri yerinə yetirməlidir.  
Xüsusilə qeyd edirik ki, Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur. Belə ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olmuşdur. 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması faktları müəyyən olunub, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri təşkil olunub.
Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilib.  
Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı, Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər görmək məcburiyyətində qalacaqdır.
Ermənistanın bu kimi əməlləri hərbi təcavüzün davam etdirilməsi kimi qiymətləndirilir.
Baş vermiş hadisələr və Ermənistanın ölkəmizin suveren ərazilərinə qanunsuz hərbi daşımaları davam etdirməsi Azərbaycan ərazisində olan Laçın yolunda nəzarət rejiminin təmin edilməsinin zəruriliyini bir daha təsbit edir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.