Bir qrup müəllimdən elm və təhsil naziri Emin Əmrullayevə AÇIQ MƏKTUB:"Məktəbi bağlamaqdansa, oğruları cəzalandırın"

Sumqayıt şəhərində yerləşən Evdə fərdi təhsil məktəbinin bir qrup müəllimi elm və təhsil naziri Emin Əmrullayevə açıq məktubla müraciət edib. Yenilik.az həmin məktubu olduğu kimi dərc edir:
Azərbaycan Respublikası Elm və təhsil
naziri Emin Əmrullayevə
Sumqayıt evdə fərdi təhsil məktəbinin bir
qrup müəllimi tərəfindən
AÇIQ MƏKTUB
Hörmətli cənab nazir!
Sizə yazdığımız müraciətlər ya cavabsız qalır, ya da araşdırılması üçün Abşeron-Xızı Regional Təhsil idarəsinə göndərilir ki, oradan bizi qane edən qanuni və əsaslandırılmış bir cavab verilmir. Bu müraciəti etməyimizə isə Sizin VIII ADA Beynəlxalq Təhsil Konfransında çıxış edərkən evdə fərdi təhsil məktəbləri ilə bağlı səsləndirdiyiniz fikirlər səbəb oldu. Həmin Forumda Siz tamamilə düzgün olaraq bildirmişiniz ki, “Həmin uşaqların (sağlamlıq imkanları məhdud uşaqlar nəzərdə tutulur) ümumi təhsil müəssisəsində oxuması əslində qanunla qadağandır. Çünki məktəblərdə xüsusi proqramlar yoxdur. Sadəcə bəzilərində var. Ya da bəzən kənd yerlərində uşağın heç bir xüsusi proqram olmadan kənd məktəbinə gedib gəlməsi təmin edilir. Bu, öz-özlüyündə getməməyindən, təbii ki, daha yaxşıdır, amma biz buna inklüziv təhsil deyə bilmərik".
Sonra qeyd etmişiniz ki, "Bizim evdə fərdi təhsillə məşğul olan məktəblərimiz var idi. İndi onları yavaş-yavaş bağlayırıq. Çünki ən çox korrupsiyaya uğramış məktəblər onlar idi. Çox sui-istifadə halları müşahidə olunurdu. 20 uşaq varsa, 20 sinif deməkdir və dərs saatlarının sayı 20 dəfə çoxdur. Dərs bölgüsündə sadəcə olaraq oğurluqla məşğul olurdular. Bunun qarşısını almaq üçün daha çox inklüziv siniflərə keçid etmək istəyirik. Yeni yanaşmamız ondan ibarətdir ki, uşaq hansısa məktəbin ərazisində yaşayırsa, həmin məktəbin müəllimi evdə təhsil üçün gedə bilər. Onu ayırmağa ehtiyac yoxdur, çünki sonradan məktəbə qayıda bilər". Bu Açıq məktubu yazmağa vadar edən də məlum sonuncu abzasdır.
Hörmətli cənab nazir!
Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva sağlamlıq imkanları məhdud uşaqlara həmişə xüsusi diqqət və qayğı göstərir, onların təhsili üçün möhtəşəm layihələrə imza atır ki, bunları Siz bizdən də gözəl bilirsiniz. Hörmətli Mehriban xanım Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü ilə sağlamlıq imkanları məhdud uşaqların təhsil almaları üçün müasir standartlara cavab verən xüsusi təhsil məktəbləri inşa edilir, mövcud olanlar təmir edilir və həmin məktəblərin nəzdində evdə fərdi təhsil də təşkil olunur. Bizim fəaliyyət göstərdiyimiz Sumqayıt evdə fərdi təhsil məktəbi də 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra yaradılıb və məktəbimizin yaranma tarixi ilə maraqlanan sağlamlıq imkanları məhdud uşaqların valideynləri, yaxınları həmişə Ulu Öndərimizə rəhmət oxuyurlar ki, onun prezidentliyi dövründə belə gözəl və nəcib bir təşəbbüs həyata vəsiqə qazanıb. Sonrakı dövrlərdə sağlamlıq imkanları məhdud uşaqların təhsili sahəsində qanunvericilik daha da təkmilləşdirilib, bu sahədə 2001-ci ildə yenə də Ulu Öndər Heydər Əliyevin imzası ilə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanun qəbul olunub, 2002-ci il mayın 10-da Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabineti qərar qəbul edib. Qanunvericilik bazası olduğu halda, Nazirlər Kabinetinin qərarı olmadan Siz evdə fərdi təhsil məktəblərini necə “yavaş-yavaş bağlayırsınız”, Emin müəllim?
Çıxışınızda bildirirsiniz ki, “ən çox korrupsiyaya uğramış məktəblər onlar idi. Çox sui-istifadə halları müşahidə olunurdu.” Deməli etiraf edirsiniz ki, korrupsiyaya uğramış başqa məktəblər də var, amma ən çoxu bu məktəblərdə olub. Bəs korrupsiyaya uğramış başqa məktəblər də bağlanacaqmı? Ölkədə bir neçə icra hakimiyyətində, nazirliklərdə korrupsiya halları aşkarlanıb, həbs olunanlar olub, indi həmin dövlət qurumları bağlanmalıdırmı?
Daha sonra qeyd edirsiniz ki, “Dərs bölgüsündə sadəcə olaraq oğurluqla məşğul olurdular. Bunun qarşısını almaq üçün daha çox inklüziv siniflərə keçid etmək istəyirik. Yeni yanaşmamız ondan ibarətdir ki, uşaq hansısa məktəbin ərazisində yaşayırsa, həmin məktəbin müəllimi evdə təhsil üçün gedə bilər. Onu ayırmağa ehtiyac yoxdur, çünki sonradan məktəbə qayıda bilər". Emin müəllim, hər halda dərs bölgüsündə müəllimin oğurluqla məşğul olmaq imkanının olmadığı ilə razılaşarsınız. Müəllim ələ baxandır, nə verirlər ona qane olur, dərs bölgüsünü isə direktor və müavinlər aparır. Siz dərsi bölənin cəzasını fağır müəllimlərə və onların sağlamlıq imkanları məhdud şagirdlərinəmi vermək istəyirsiniz? Evə oğru giribsə ev sahibimi günahkardır? Bu çıxışınız daha çox XVII əsrdə Osmanlıların yürüşlərinə cavab olaraq Şah Abbasın seçdiyi “Yandırılmış torpaq” taktikasını xatırladır. Həmin taktikaya görə ölkəni hücumdan qorumaqdansa, insanları zorla yurd-yuvasından köçürür, bütün təsərrüfatı məhv edirdilər ki, Osmanlılar gəlib yeməyə ərzaq, götürməyə qənimət tapmasınlar. Siz indi oğruların oğurluqlarının qarşısını almaq üçün sərt tədbirlər görməkdən, cəzalandırmaqdansa, əməllərinə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdənsə, çıxış yolunu evdə fərdi təhsil məktəblərini bağlamaqda görürsünüzsə, biz nə deyəcəyimizi bilmirik.
Sumqayıt evdə fərdi təhsil məktəbinin 2023-cü ilə qədərki fəaliyyəti ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi başlanıb, bildiyimiz qədər şübhəli və təqsirləndirilən şəxs qismində nə bir saxlanılan, nə də həbs olunan olub, nə də kiməsə qarşı ittiham irəli sürülüb. Əgər fikirləriniz həmin dövrdən sonraya aiddirsə, bəs Abşeron-Xızı Regional Təhsil idarəsi niyə vaxtında tədbir görməyib? Məktəbin müəllimi Təranə Nuriyeva Abşeron-Xızı Regional Təhsil idarəsinin müdirinin qəbulunda olub məktəbdə baş verənləri bildirəndə niyə qaldırılan məsələlərə laqeyd yanaşılıb? Əlaqədar şəxslər əgər baş verənləri zamanında görüb susublarsa, tədbir görməyiblərsə, məktəbin daşının-divarının, məktəbdə oxuyan sağlamlıq imkanları məhdud şagirdlərin, onların ev-ev, qapı-qapı gəzən müəllimlərinin günahı nədir ki, siz problemi məktəbi bağlamaqla həll etmək istəyirsiniz? Güzgüdə kimsə yaxşı görünmürsə, güzgünümü sındırmalıyıq?
“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 9-cu maddəsinə görə, Sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində təhsil almaq imkanı olmayan şəxslərin təhsili müvafiq təhsil müəssisəsi vasitəsilə evdə təşkil edilir. Nazirlər Kabinetinin təsdiq etdiyi 2002-ci il, 10 may tarixli qərarı ilə təsdiq olunmuş “Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları”nın 5-ci bəndinə görə, Evdə fərdi qaydada təhsil alan şagird evdə məktəbə və ya ərazidəki yaxın məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin təşkili həmin məktəbə həvalə olunur. İstinad etdiyimiz qanun və Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş Qaydalar qüvvədə olduğu halda, Siz hansı qanunvericilik aktına əsasən “evdə məktəb” sözünü kənara qoyub, cümlənin ikinci hissəsini əsas götürürsünüz? Digər tərəfdən sağlamlıq imkanları məhdud olan uşaqların yaxın ərazilərdəki məktəblərdə təhsillərini davam etdirməsi də o demək deyil ki, daha oğurluq olmayacaq. Buna nümunə kimi bir faktı xatırlatmağımız kifayətdir. Beləki, 2023-cü ildə Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə müəllimlərə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Tərtər rayon prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb. Bu fakta görə Tərtər rayon D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbi bağlanmalıdırmı?
Hörmətli cənab nazir!
Necə olur ki, 2023-cü ildə məkəbə Vladim İbrahimov direktor təyin olunandan sonra ətraf məktəblərdəki sağlamlıq imkanları məhdud olan şagirdlər Sumqayıt evdə fərdi təhsil məktəbinə cəlb edilərək 2024-2025-ci tədris ilində məktəbdə dərs saatı 380-ə çatdırılıb və təxminən 1 ay əvvəl kimsə qəfildən xatırlayıb ki, həmin uşaqlar yaxın ərazidəki digər məktəblərdə təşkil olunmuş evdə fərdi təhsil vasitəsilə təhsillərini davam etdirə bilərlər, ona görə də bizə psixoloji təzyiq göstərilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılacağımız xəbərdarlığı edilərək könüllü olaraq başqa məktəblərə köçürülməyimizə razılıq verməyimiz istənilir. Bəs ölkədə müəllimlərin yerdəyişməsi elektron sistem üzərindən aparılmırdı? İndi bu nə oyunlardır, bu oyunların ssenari müəlif(lər)i kim(lər)dir? Yoxsa qanunlar və qərarlar şəxslərə və zamana görə qüvvəsini dəyişir, bizim xəbərimiz yoxdur?
Hörmətli Emin müəllim.
Biz bilirik Sizin işləriniz çoxdur və Sizə düzgün məlumat verilsəydi, Sumqayıt evdə fərdi təhsil məktəbinin bağlanması yox, əksinə 3 ildir əsassız şəkildə öz binasından çıxarılıb başqa məktəblərdə 2 otağa sığınması məsələsini araşdırıb tədbir görərdiniz. Çünki biz bu 3 ildə öz məktəbimizin binasından səbəbsiz şəkildə sürgün olunsaq da, işimizə daha da məsuliyyətli yanaşmış, nəticədə məktəbimizin keyfiyyət göstəricisi ildən-ilə daha da artmışdır. Cari ilin iyun ayının 25-də keçirilən məktəbin Pedaqoji şura iclasında direktor müavini Diləfruz Mahmudova öz hesabat məruzəsində də göstərmişdir ki, 2023-2024-cü tədris ilində məktəbin keyfiyyət göstəricisi 53%, 2024-2025-ci tədris ilində isə 54% olmuşdur. Bu il Sumqayıt evdə fərdi təhsil məktəbinin məzunları arasında 2 nəfər fərqlənmə attestatı almışdır. Məktəb şagirdlərinin mənimsəmə faizi 100% olmuşdur. Halbuki elə orta məktəblər vardır ki, onların məzunları arasında 1 nəfər də olsun fərqlənmə attestatı alan yoxdur. Belə bir keyfiyyət göstəricisi olan məktəbi Sizin təbirinizcə desək, “Dərs bölgüsündə oğurluqlar” baş verdiyinə görə, bağlamaq nə qədər ədalətlidir? Əgər oğurluq baş veribsə, bununla hüquq-mühafizə orqanları məşğul olmalıdır, məktəb bağlanmalıdırsa, bunun üçün ilk növbədə müvafiq qanunvericilik aktlarına dəyişiklik edilməli, sonra Nazirlər Kabineti qərar verməlidir. Lakin bunların heç biri baş verməyib, amma biz 1 aydır məktəbin və regional təhsil idarəsi rəhbərliyinin təzyiqləri qarşısında müdafiəsiz qalmışıq.
Hörmətli cənab nazir.
Öz uzaqgörən və müdrik siyasəti ilə dünyaya səs salmış, Azərbaycanın suverenliyini bərpa etmiş möhtərəm Prezident İlham Əliyev hər zaman sadəliyi və xeyirxahlığı ilə xalqımızın hər bir nümayəndəsinə, o cümlədən bizə nümunədir. Möhtərəm Prezidentimiz hər zaman xalqın ən sadə, zəhmətkeş nümayəndələri ilə, hətta azyaşlı uşaqlarla da görüşür, həmsöhbət olur. Xahiş edirik inandığımız və güvəndiyimiz bir nazir olaraq Siz də bizi qəbul edib baş verənləri bir də bizim dilimizdən eşidib, sonra qərar verəsiniz. Ümid edirik ki, bu müraciətimiz cavabsız qalmayacaq və ən qısa zamanda Sizdən mübət reaksiya alacağıq.
Hörmətlə, Sumqayıt evdə fərdi təhsil məktəbinin bir qrup müəllimi"
Redaksiyadan: Elm və təhsil nazirliyinin də mövqeyini dərc etməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR