Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəqsanənin qızının ümidinə qalmışıq...

Rəqsanənin qızının ümidinə qalmışıq...

Rəqsanənin qızının ümidinə qalmışıq...
2023-05-24 , 13:18

Müəllim, bomba xəbər tapmışam. Partlayacaq. 

Jurnalistikanın sirlərini yenicə öyrənməyə başlayan gənc müxbirimiz o qədər həvəslə danışırdı ki, sözünü kəsmək istəmədim. O isə dil-boğaza qoymurdu:
- Bu yazı ən azı 30 000 oxunacaq. Qruplarda paylaşsaq, 50 mini də keçər. 
Maraq güc gəldiyi üçün tez-tələsik soruşdum:
- Nə baş verib? Putin müharibəni dayandırıb, yoxsa Kılıçdaroğlu namizədliyini geri götürüb?
Çaşqın nəzərlərlə üzümə baxıb bir neçə saniyə dayanmadan gözlərini döydü. Nəhayət, ondan cavab gözlədiyimı xatırlayıb izahat verməli oldu:
- Ay müəllim, siz Allah, mənimlə zarafat edirsiniz? Putin kimə lazımdır? Eşqin şok açıqlama verib. Onu yazıram. İki dəqiqəyə hazırdır.
Söhbətin kimdən getdiyini bilmədiyim üçün dəqiqləşdirmək istədim:
- Ay qız, Eşqin kimdir?
Üzümə elə baxdı ki, sanki "Sirlər xəzinəsi"ni kimin yazdığını bilmirəm. Ya da "Vaqif" dramının müəllifini tanımıram...
Təəccüb və təəssüf hissi ilə cavab verdi:
- Eşqin də, ay müəllim. Aysunun keçmiş əri. 
Bu gün mənimki gətirmirdi. Amma bu söhbətin axırına çıxmaq lazım idi. Odur ki, bu dəfə də Aysunun kim olduğunu soruşdum.
Balaca gözləri o qədər böyüdü ki, az qaldı yerindən çıxsın:
- Bıyyy! Aysunu tanımırsınız? Müğənni Rəqsanənin qızıdır də. Özü də müğənnidir...
Aramızda belə bir dialoq keçdi:
- Səncə, Aysunun keçmiş ərinin keçmiş arvadı haqda danışdıqları oxuculara maraqlıdır? 
- Nə danışırsınız? Oxucular əsas belə xəbərləri oxuyur. Kılıçdaroğlu kimə lazımdır?
- Göndər o zaman. 
- Hazırdır. Bir dəqiqəyə göndərirəm. Xahiş edirəm, tez yerləşdirin. İki dəqiqə sonra bütün saytlar bu xəbəri verəcək.
O, sözünün üstündə dayandı. Aradan bir dəqiqə keçməmiş yazını hazırlayıb göndərdi. Mən də yaşıma uyuşmayan cəldliklə redaktə edib cəlbedici başlıqla saytda yerləşdirdim. Arada gəncləri dinləməkdə fayda var...
Bilirsiniz, sonra nə baş verdi?
Otuz dəqiqə ərzində mənə düz 22 link göndərdi. Ölkənin ən çox oxunan saytlarının hamısı Rəqsanənin keçmiş kürəkəninin açıqlamalarını tirajlamışdı. 
İş gününün sonunda isə öz yazısının linkini göndərib belə dedi: "Müəllim, mənə inanmırdınız. Baxın, oxunma sayı 30 mini keçdi". 
...Dünən Ərdoğan da, Kılıçdaroğlu da, nəticəsiz Moskva görüşü də yaddan çıxdı. Rəqsanənin qayınanasına görə tanınan kürəkəni bir manat ödəmədən Azərbaycan mətbuatını özünə işlətdi.
Dünən hamımız Rəqsanənin qızının ümidinə qaldıq. Xoşbəxt ola bilməyən iki gəncin heç kimə lazım olmayan dedi-qodusunun sayəsində bolluca İP yığıb əməlli-başlı xoşbəxt olduq.
Bədbəxt olduğunun fərqinə varmadan yaşamaq özü də bir xoşbəxtlikdir... 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.