Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Doğulan uşaqların cins strukturunda fərq nədən yaranır?

Doğulan uşaqların cins strukturunda fərq nədən yaranır?

Doğulan uşaqların cins strukturunda fərq nədən yaranır?
2023-07-25 , 16:52

Azərbaycan doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında dünyada birinci yerdədir.

Son illər aparılan demoqrafik proseslərin təhlili nəticəsində ölkədə doğulan uşaqların cins strukturunda oğlanların payının və artım tempinin daha yüksək olduğu müəyyən edilib. 2021-ci ilin göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 116 oğlan düşürdü. 2022-ci ildə isə bu rəqəm müvafiq olaraq 100 qız, 112 oğlan təşkil edib. Bioloji normaya görə, yenidoğulmuşların cins nisbətində hər 100 qıza 102-106 oğlan düşür.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə Musavat.com-a bildirib ki, Azərbaycanda doğulan uşaqların cins nisbətində qeyri-təbii bərabərsizlik 90-cı illərdən başlayaraq yaranıb:
“Statistika regionlara görə dəyişir. Məsələn, Şəki-Zaqatala zonasında bəzi illərdə bu fərq kəskin olub, 145 oğlana nisbətdə 100 qız doğulub. Bu məsələ hər zaman beynəlxalq və yerli qurumların diqqət mərkəzində olub. Bu, elə problemdir ki, birdəfəlik həlli çətindir. Təkcə Azərbaycanda deyil, Qafqaz ölkələrində, Çində, Balkan ölkələrində də cins nisbəti pozulub. Əsas səbəb selektiv abortlardır. Burada ilk göstərici mədəni amildir. Bəzi cəmiyyətlərdə demoqrafik dəyişikliklərlə əlaqədar tədricən ailədə uşaq sayı azaldıqda təəssüf ki, oğlan uşaqlarına üstünlük verilir. Nəticədə bərabərsizlik yaranır. İllər əvvəl ultrasəs müayinəsi bu qədər əlçatan deyildi. Azərbaycanda selektiv abortların qarşısını almaq üçün müəyyən zamana qədər uşağın cinsiyyəti gizli saxlanırdı”.
Ekspert hesab edir ki, gender bərabərliyi üçün ən effektiv çıxış yolu ictimai şüurda fundamental dəyişikliklərə nail olmaqdır: “Qızların və oğlanların bərabər imkanlara malik olması, qız övladının dəyərinin aşılanması çox vacibdir. İctimai təfəkkürdə olan dəyişiklik statistikaya ciddi təsir edə bilər. Bu məsələni sosial norma çərçivəsindən çıxarmaq lazımdır. İctimai qınaq, həkimlərin mövqeyi və s.-i nəzərə aldıqda bu, uzunmüddətli dəyişikliklər tələb edən prosesdir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.