Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məmur məsuliyyətsizliyi pik həddədir! — Deputat niyə HİDDƏTLƏNDİ?

Məmur məsuliyyətsizliyi pik həddədir! — Deputat niyə HİDDƏTLƏNDİ?

Məmur məsuliyyətsizliyi pik həddədir! — Deputat niyə HİDDƏTLƏNDİ?
2023-09-06 , 15:46

“Görünür Azərbaycanda problemlərin həlli üzrə ayrıca nazirlik yaradılmalıdır. Adı elə birbaşa Problemlərin Həlli Nazirliyi olsun. Yəni bütün nazirliklər, dövlət komitələri, dövlət agentlikləri öz yerində durur, ancaq onların həll etmədiyi adi, sadə, mümkün problemləri bu nazirlik həll edir. Bu nazirliyə də əlahiddə səlahiyyət verilir ki, aldığı qərarlar qəti olsun”.


Demokrat.az
xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa səsləndirib.

O deyib ki, haqlılığı şübhə doğurmayan qərarlar fiziki və hüquqi şəxslərin işlərinin axsamaması, süründürməçiliyə görə dövlətdən narazı qalmaması üçün zəruridir:

“Baxın, bir orta məktəb müəllimi İsmayıllıdan gəlib ki, Koreyadan sifariş verib gətirdiyi maşını götürsün. Gömrükdən yaşıl kart almalıdır ki, aparıb DYP-yə təqdim etsin. Üç gündür gömrüyün qapısında gözləyir ki, inspektorun insafı gəlib onu yola salsın. Adam məktəbə də izah edə bilmir ki, bu səbəbdən işə gələ bilmir.

Digər bir adam uşağını dövlətin bağçasına qoya bilmir. Yer yoxdur, növbəyə durmalısan deyib süründürməçiliyə salırlar.

Digər bir adam illərdir sənəd ala bilmir, deyirlər ki bəs filan banka borcun var. Məhkəmə qərarı ilə sübut edir ki, heç bir borcu yoxdur, yenə də süründürməçiliyə salıb bir arayışı ona vermirlər. Hətta gedib həmin bankdan kredit borcu götürür və məlum olur ki, borcu yox imiş.

Başqa biri tamamailə haqlı olduğu iş üçün məhkəməyə müraciət edə bilmir. Düşünür ki, vəkilə filan qədər pul ödəməliyəm, 6-7 ay məhkəmə instansiyaları arasında ayaq döyməliyəm, təminatım da yoxdur ki, xeyrimə qərar çıxarılacaq. Yaxşısı budur taleyimlə razılaşım.

Bir başqası neçə ildir xaricə müalicəyə gedə bimir ki, təyyarə bileti Gürcüstandan on dəfə bahadır. Quru yollar bağlı olduğundan Gürcüstana da keçib oradan uça bilmir.

Yüzlərlə bu sayaq vətəndaşın problemi həllini tapmır, halbuki elektron hökumət deyilən asanlaşdırıcı sistemdə bunları onlayn formada vətəndaşa çatdırmaq mümkündür”.

F.Mustafanın sözlərinə görə, əslində “ASAN xidmət”in yaradılması bu məsələlərdə vətəndaşın işini yüngülləşdirdi, ancaq hələ də çoxsaylı müraciətlərdən görünür ki, adi və sadə problemlərin həlli mümkün olmur:

“İndi mən bəlkə də zarafatyana  belə bir təklif verdim, ancaq dövlət qurumlarının bir çoxu ilə təmasda olan insanların iztirabı göstərir ki, durum gerçəkdən xoşagələn deyil. Adam bir qurumun həll etməli olduğu məsələ ilə bağlı on instansiyaya qəbula gedir, poçta o qədər vəsait xərcləyir, həm vaxt itkisinə, həm də maddi-mənəvi itkiyə məruz qalır. Məmur məsuliyyətsizliyi isə pik həddədir və bizlər də təsir göstərməkdə çətinlik çəkirik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.