Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Yeni nəsil yazılı informasiyaları iqnor edir, ona görə də... ”

“Yeni nəsil yazılı informasiyaları iqnor edir, ona görə də... ”

“Yeni nəsil yazılı informasiyaları iqnor edir, ona görə də... ”
2024-02-07 , 15:55

Qeyri-ciddi mövzulara niyə diqqət çoxdur? 

Son vaxtlar cəmiyyətdə ölkənin ictimai-siyasi həyatı, problemlərindən fərqli olaraq, qeyri-ciddi mövzulara daha çox diqqət göstərilir. Cəmiyyətin populyarlaşdırıb, fenomen edib, ortaya çıxardığı adamlar, onların yaratdığı qalmaqallar indi əsas müzakirə mövzusuna çevrilib. Bu xüsusən Tik-Tok sosial şəbəkəsində özünü daha çox büruzə verir.
Bəs nə etmək lazımdır? O da məlumdur ki, mətbuatın, medianın ictimai fikrə təsir gücü böyükdür. Gənc nəslin müsbət istiqamətdə formalaşması üçün mətbuatda, mediada hansı maarifləndirici, mədəni-maarif proqramları hazırlana bilər və yaxud hazırlanmalıdır?
Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “Bu məsələ ilə bağlı 20 il bundan əvvəl verdiyimiz proqnozlar artıq reallaşmağa başlayıb. Bəli, radio və televiziyalar, yazılı mətbuat, o cümlədən qəzet və jurnallar, təbliğat-təşviqat xarakterli yazılı məlumatları özündə cəmləşdirən müxtəlif informasiyalar vaxtilə ictimai rəyə çox böyük təsir göstərə bilirdi. Sovet dövründə bu cür ideoloji vasitələrdən istifadə edərək, insanların beyninə kifayət qədər təsir edə bilirdilər. Əlbəttə ki, bunun müsbət və mənfi tərəfləri var idi.
İllər keçdi və daha bir fərqli bir texnologiyalar ortaya çıxmağa başladı. Bu texnologiyalar ilə məlumatların ötürülməsi, yayılması  və böyük mənada  insan şüuruna, toplunun dünyagörüşünə, fikirlərinə təsir edən formatlar ortaya qoydu. Təəssüf ki, bu formatlar Azərbaycanda milli deyil, hamısı qlobaldır. Məsələn, sosial şəbəkələr, mesencerlər, çatlaşma platformaları, “YouTube” kimi videogörüntülü portallar və sairədir. Hər nəsil də özünə uyğun bir platforma, ona uyğun bir texnologiya seçir və ona daha çox güvənməyə çalışır. Məsələn, daha yaşlı nəsil yazılı məlumatlara daha çox güvənir. Buna qəzetlər, jurnallar daxildir. Orta nəsil isə daha çox radio televiziya, bir qədər də internet  saytlarına güvənir. Yeni nəslin özünü də bir neçə yerə bölmək olar. Məsələn, gənclər daha çox Facebook, İnstagram,  YouTube kanallarına güvənir, orada özlərinə aid, maraqlı məlumatlar axtarıb tapmağa çalışır.  Yeniyetmələr isə Tik-Tok və görüntülü, səsli materialların əsarəti altındadır. Hər nəslin də özünə uyğun fenomenləri olur. Məsələn, yaşlı nəslin ən çox sevdiyi aktyor Xalq artisti Rasim Balayevdirsə, yeni nəsil Müşfiq Şahverdiyevi, Elməddini bəyənir. 
Bu baxımdan cəmiyyətin müəyyən problemlərini işıqlandıran media orqanlarının ünvanlandığı auditoriya var. Bunlar daha çox dövlət qurumlarında çalışanlar, ziyalılar, həkimlər və sairə insanlardır. Orta nəsil informasiyanı daha çox sənətçilərdən, aktyorlardan, televiziyadan almağa çalışır və onlara güvənir, inanır. Yeni nəsil isə əksinə, tiktokerləri qəhrəmana çevirir, onlara hədiyyələr atır, onları varlandırırlar. Tiktokerlər də istənilən vaxt onların düşüncəsini formalaşdıra, istiqamətləndirə bilirlər. 
Əlbəttə ki, belə bir mövcud vəziyyətdə mətbuatda hansısa maarifləndirci materialın verilməsi o demək deyil ki, biz gənclərə, yeni nəsilə hansısa formada təsir edə bilərik. Qeyd etdiyim kimi, mətbuat və mediada gedən həmin materiallar, informasiyalar gənc nəslə gedib çatmır. Çünki yazılı, mətn formasında olan informasiyaları yeni nəsil iqnor edir, özündən kənarlaşdırır. 
Dövlət qurumları, xüsusən Mədəniyyət, Təhsil nazirlikləri, Ailə, Uşaq Problemləri üzrə  Dövlət Komitəsi və Dini Komitə bu məsələyə xüsusi önəm verməlidir. Lakin təəssüf ki, qeyd olunan qurumların heç birində bununla əlaqədar ciddi ekspertlər yoxdur və yaxud bu sahədə olan ciddi ekspertlərin rəyi nəzərə alınmır. 
Bir məsələni də qeyd etmək istərdim, müşahidə edirik ki, telekanallarda yeni nəslin formatına uyğun hansısa texnologiyalardan istifadə edib, qalmaqal, şou yaradılır, yeni nəsil də həmən ona baxmağa çalışır, hətta Tik-Tok-da, İnstagram-da və yaxud digər platformalarda paylaşırlar. Deməli, istəsək telekanalların, yazılı mətbuatın imkanlarından istifadə edib, yeni nəslə təsir göstərə bilərik. Amma bunun üçün də əlbəttə ki, ciddi şəkildə xüsusi layihələr, proqramlar həyata keçirmək lazımdır. Lakin hələlik bu layihələri maliyyələşdirən olmadığından bu işlər lazım olan perspektivi verə bilmir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.