Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Belə prezidenti necə sevməyəsən?” – Flora Kərimova səsvermədə ağlamasından danışdı

“Belə prezidenti necə sevməyəsən?” – Flora Kərimova səsvermədə ağlamasından danışdı

“Belə prezidenti necə sevməyəsən?” – Flora Kərimova səsvermədə ağlamasından danışdı
2024-02-08 , 17:12

Ötən gün növbədənkənar prezident seçkilərində iştirak edən Xalq artisti Flora Kərimovanın seçki məntəqəsindən çəkilən görüntüləri qısa zamanda yayılaraq müzakirə mövzusuna çevrildi.

Sənətçinin İlham Əliyevə səs verdiyini deyərək kövrəlməsini tənqid atəşinə tutanlar da az olmadı. Bəziləri Flora Kərimovanın vaxtilə müxalif mövqedə dayandığını əsas gətirərək bu addımı ondan gözləmədiklərini yazdılar.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova ötən gün sevinc göz yaşları axıtdığını bildirib və bunun səbəbini açıqlayıb:
“Mənim seçki məntəqəsində kövrəlməyimi başa düşmək üçün yaşadıqlarımı yaşamaq, itkilərimi görmək lazımdır. Mənim anam Şuşanı görmədən vəfat etdi, o, Şuşa deyə-deyə zarıyaraq can verdi...
Torpaqlarımız işğaldan azad olunan gün mən onun qəbrinin üstünə gedib qışqıra-qışqıra dedim ki, ana, gözün aydın! Bu mənim qismətimə düşdü, torpaqlarımızı azad gördüm. Mənim buna heç ümidim yox idi. Məni başa düşmək üçün həsrətimi yaşamaq lazım idi, Allah heç kimə bu həsrəti yaşatmasın.
Bu gün bizim sevincimizə zəhər tökmək istəyən adamlar çoxdur. Göydə Allah, yerdə İlham Əliyev bizi arzumuza çatdırdı. Biz hamımız 100 yaşımıza yaxın bu sevinci yaşadıq. Bu, qürur yeridir. Belə prezidenti necə sevməyəsən? Necə səcdə etməyəsən? Ondan danışanda necə səsim titrəməsin?”
Sənətçi vaxtilə müxalif mövqe tutduğunu deyərək onu tənqid edənlərə sərt cavab verib:
“Mənim siyasi baxışımın müxalif olduğunu deyən qələt edir! Mən Heydər Əliyevə qarşı gedirdim, amma İlham Əliyev kimi mühüm şəxsi müdafiə etdim. Çünki mən sevindim və bunu dilimə gətirdim. Sonra bunu yozdular, şişirtdilər, məni bezdirmək istədilər. O, mənim millətimin oğludur! Ümumiyyətlə onu görməzliyə qoymaq mümkün deyil, görün, düşmənlər qarşısında necə əsirlər, ikiqat dayanırlar. Mənim mövqeyim hər zaman millət, xalq və Vətən olub. Mənim heç vaxt başqa mövqeyim olmayıb.
O vaxt Azərbaycanın nümayəndə heyəti ilə birgə xarici səfərdə idik. Orda olanda məlumat gəldi ki, Heydər Əliyev vəfat edib. Daha sonra bizə bildirdilər ki, nümayəndə heyəti üçün banket olacaq, siz də dəvətlisiniz, lakin mən imtina edib dedim ki, mənim prezidentim vəfat edib. Onda da təəccüb etdilər, çünki həmin vaxt çox çılğın idim. Mən kiminsə vətənin xeyrinə çalışdığını görürəmsə, onu necə sevməyim?  Necə səcdə etməyim?! Bəli, mən İlham Əliyevə səcdə edirəm! Mənim o vaxtkı mövqeyim müxalifət mövqeyi yox, vətəndaş mövqeyi idi.
Mənim bu sözləri deməyim kiməsə baş əymək deyil, heç vaxt kiməsə baş əyməmişəm, əymərəm də! Ancaq prezidentimizin şəxsiyyəti ilə, əməlləri ilə öyünməyə ixtiyarım var. Mən sevinc hissi ilə yaşayıram, hələ də bayram əhval-ruhiyyəsindəyəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.