Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakı-Sumqayıt-Bakı yoluna ALTERNATİV YOL: Bu ərazilərdə evlər SÖKÜLƏCƏK – XƏRİTƏ

Bakı-Sumqayıt-Bakı yoluna ALTERNATİV YOL: Bu ərazilərdə evlər SÖKÜLƏCƏK – XƏRİTƏ

Bakı-Sumqayıt-Bakı yoluna ALTERNATİV YOL: Bu ərazilərdə evlər SÖKÜLƏCƏK – XƏRİTƏ
2024-02-20 , 17:00

“Bakının üç tərəfi təpəlik ərazi, bir hissəsi də dənizdir. Paytaxtın təpəlik relyef ərazidə yerləşməsi şəhərin əlavə giriş-çıxış yollarının yaradılmasına maneə törədir. Bakının iki cənub, bir şimal girişi var. Digər ərazidən giriş yoxdur. Şəhərin giriş-çıxışının məhdudluğu paytaxtdakı nəqliyyat sıxlığı və sair problemləri yaradan əsas amildir”.

Yenilik.az xəbər verir ki, bu barədə Medianews.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib.
O qeyd edib ki, şəhər nəqliyyatına qoyulan investisiyaya baxmayaraq, relyef öz sözünü deyir.
Ekspert vəziyyətdən çıxış yolu kimi, Bakı-Sumqayıt-Bakı yoluna alternativ “Yeni yol” layihəsini təklif edib: “Təklif etdiyim layihə mövcud Bakı-Sumqayıt-Bakı yoluna alternativdir. Layihə şəhər yollarında tıxac məsələsinin həllinə dəstəkdir. Layihə üç mərhələli olaraq Bakı şəhərinin Binəqədi, həmçinin Abşeron rayonlarının ərazilərini əhatə edir. Birinci mərhələ Binəqədi rayonunun 9 mikrorayon ərazisində tikintisi aparılacaq tunel və dolayı yol çəkilişidir. Bu, Abşeron rayonunun Masazır, Saray qəsəbələrini, Binəqədi rayonunun Biləcəri, Binəqədi qəsəbələrini əhatə edəcəkdir. İkinci mərhələ küçələrin genişləndirilməsidir. Bu məqsədlə ərazi üzrə yaşayış və qeyri yaşayış evlərinin satın alınması, plana düşən yaşayış və ya qeyri yaşayış sahələrinin təyin edilməsi, layihəyə uyğun olaraq söküntü işlərinin aparılmasıdır. Üçüncü mərhələ yol ilə kəsişəcək yol və qovşaqların tikilməsi, onların təyin edilməsidir”.

Ekspert qeyd edib ki, sözügedən layihənin böyük hissəsi Binəqədi rayonunun Binəqədi və Biləcəri, həmçinin Abşeron rayonunun Masazır qəsəbələrinin ərazisinə düşür: “İlkin mərhələdə 2 gediş, 2 gəliş olmaqla, yolun 4 zolaqlı olması nəzərdə tutulur. Torpaq yatağının eni 16 metr planlaşdırılır. Gələcək perspektivdə 8 zolağa genişləndirmək də mümkün ola bilər. Layihə əsasən bir neçə ərazini əhatə edəcək. Bunlar ilk növbədə Bakı-Sumqayıt şəhəri istiqamətində 4-cü mikrorayon dairəsi, 9-cu və 6-cı mikrorayonların ərazisi, Zərifə Əliyeva adına Göz Klinikasının yaxınlığı, Mircəlal Paşayev və Cavadxan küçələri, Heydər məscidinin yaxınlığı, Həmzə Babaşov və Rezervuar küçələridir. Bununla yanaşı, Biləcəri məscidinin yanı – Məmiş Abbasov küçəsi, Nəsimi, Yəhya Hüseynov, Əhməd Qasımov küçələrinin kəsişməsi (Mehriban marketin yanı), Əhməd Qasımov küçəsi-Baksol yolu kəsişməsi, Məlik Abbasov, 1-ci mədən küçələri, Binəqədi qəsəbəsinin neftlə çirklənmiş əraziləri də layihənin əhatə etdiyi ərazilərdir. Ən nəhayət, layihənin əhatə etdiyi ərazi Əlağa Şıxlinski (Duz zavodunun yanı), Mübariz İbrahimov, İlqar Abdullayev küçələri ilə kəsişmə, Saray-Novxanı yolu, Heydər Əliyev, General Məhəmməd Əsədov küçələri olmaqla, son məntəqə kimi Sumqayıt şəhəri Daş tikinti bazarının yanı olacaq. Yeni yol layihəsi 30 irili-xırdalı küçə ilə kəsişəcək”.

A.Əsədov deyib ki, yeni alternativ yol ümumilikdə 16 kilometr, düz xətt boyunca isə 9 kilometr uzunluğunda olacaq. O, smeta xərclərindən də söhbət açıb. Vurğulayıb ki, smeta üzrə birinci mərhələdə torpaq sahələrinin alınması, ikinci mərhələdə yol yatağının salınması və çəkilməsi planlaşdırılıb.

Ekspert söyləyib ki, layihənin icra müddəti 3 ildir: “Yeni yol çəkilərsə, ərazidə yaşayan əhali bir çox üstünlüklərə sahib olacaq. İlk növbədə ərazidə, xüsusən də Biləcəri, Binəqədi, Novxanı, Masazır ərazisində mənzil qiymətləri dəyişəcək. Vətəndaşların mülklərinin dəyəri artacaq. Ərazidə məşğulluq artacaq, yeni iş yerləri açılacaq. Yerli ərazi də mərkəzi ərazi sisteminə daxil olacaqdır. Bundan başqa, illərdir həmin ərazilərdə həllini gözləyən kanalizasiya, içməli su, internet kimi sosial problemlərin həllində sıçrayış olacaq. Avtomatik olaraq torpaq və yaşayış sahələrinin qiymətləri də artacaq. Biləcəri, Masazır, Saray, Novxanı qəsəbələrinin Nəsimi metrosuna əlçatanlığı təmin olunacaq. Hətta kanat, funikulyor inşaası ilə ərazidə şəhər turizminin inkişafı mümkündür. Yeni marşrut xətlərinin çəkilməsi, ərazidə sərnişindaşımanın rahatlılığı təmin ediləcək, Biləcəri dəmiryol stansiyasının əhəmiyyəti artacaq, digər şəhər və rayonlara gediş-gəliş asanlaşacaq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.