"Bu torpaqların sahibləri "kupça" ala biləcəklər" - Prezidentin fərmanı ilə bağlı AÇIQLAMA
Prezident İlham Əliyev sentyabrın 28-də imzaladığı fərmanla “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nı təsdiq edib.
Bu barədə əmlak eksperti Ramil Qasımzadə Redaktor.az-a açıqlamasında danışdı.
O bildirdi ki, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriyanın müəyyən edilməsinə dair Prezident tərəfindən verilmiş sərəncam kənd təsərrüfatı və digər təyinatlı torpaq sahələrinin yaşayış məntəqələrinin torpaqlarına və digərlərinin təyinatının dəyişdirilməsi barədə çox əhəmiyyətlidir:
"İndiyə qədər torpaq təyinatının dəyişdirilməsi elə bu fərmanda da Nazirlər Kabinetinin müstəsna səlahiyyətindədir, amma bununla bağlı vətəndaşlar müraciət edə bilmirdilər. Yalnız rayon icra hakimiyyəti, bələdiyyələr Nazirlər Kabinetinə müraciət edirdi və Nazirlər Kabinetinin müvafiq qərarı əsasında torpaqların kateqoriyasının dəyişdirilməsi həyata keçirilirdi. Bu da çox uzunmüddətli bir proses idi, hətta bəzən illər sonra həmin müraciətlərə baxılırdı, uzun müzakirələr aparılırdı, dövlət qurumları tərəfindən müvafiq rəylər verilirdi. Amma indiki həmin qaydalara əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən, bilavasitə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu müraciətlər qəbul edilə biləcək. Bu müraciətlər qəbul edildikdən sonra torpağın kateqoriyasının dəyişdirilməsi əsaslandırıldıqdan, müvafiq rəylər toplandıqdan sonra Nazirlər Kabinetinə bu kateqoriyanın dəyişdirilməsi ilə bağlı məsələ təqdim ediləcək və müvafiq müsbət qərar olduqdan sonra qısa bir müddətdə fərmanda da göstərildiyi kimi, üç iş günü müddətində artıq bu məsələ həllini tapmış olacaq".
Ekspert vurğuladı ki, indiyə qədər kənd təsərrüfatı təyinatlı torpaq sahələrində elə Bakının özündə də minlərlə evlər salınıb, onlara çıxarış verilməsi mümkün deyildi:
"Çünki kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində tikilib. Bu, tək Bakıda deyil, respublikanın rayonlarına da aiddir. Hətta meşə fondu torpaqlarında yaşayış məntəqələri var. Belə meşə fonduna aid olan yaşayış məntəqələri regionlarda çoxluq təşkil edir. Məsələn, Balakənin Katex kəndinin bir hissəsi, demək olar ki, meşə fondunun torpaq sahəsi üzərində inşa olunub, vətəndaşların orada artımından asılı olaraq yeni evlər tikilib. Əvvəllər həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələrində və yaxud meşə fondu torpaqlarında yerləşdiyi üçün onlara mülkiyyətə dair çıxarışlar verilə bilmirdi. Bundan sonra isə artıq vətəndaşların müraciəti əsasında bu məsələlərə baxmaq mümkün olacaq. Onlar birbaşa Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edəcəklər və qurum müraciətləri ümumiləşdirdikdən, müvafiq rəylər toplandıqdan sonra Nazirlər Kabinetinə torpaqların kateqoriyasının dəyişdirilməsi ilə bağlı təkliflə çıxış edə biləcək və bu, minlərlə fərdi yaşayış evlərinin çıxarışla bağlı məsələlərin həllinə təkan verəcək".
OXŞAR XƏBƏRLƏR