Yenilik.Az
www.Yenilik.Az » Dünya » Səfirliyə hücumdan sonra bir ilk - iranlı nazir Bakıda!

Səfirliyə hücumdan sonra bir ilk - iranlı nazir Bakıda!

Səfirliyə hücumdan sonra bir ilk - iranlı nazir Bakıda!
2023-07-05 , 14:21

Tehranın baş diplomatının Azərbaycan səfərindən nələr gözləyək?; ekspertlərdən maraqlı proqnozlar və təhlillər...

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iyulun 4-də Azərbaycana gəlib. Səfərin məqsədi Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun nazirlər səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir. İki gün davam edəcək iclas “Qoşulmama Hərəkatı: yaranan çağırışlara qarşı vahidlik və sarsılmazlıq” mövzusuna həsr olunacaq. Bundan başqa, səfər çərçivəsində Azərbaycan rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Tehrandakı səfirliyimizə hücumdan sonra hər iki ölkə arasında yeganə kommunikasiya xarici işlər nazirləri arasında qalıb. Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian bir neçə dəfə belə təmas qurublar, ancaq münasibətlərin normallaşmasına müsbət təsir etməyib.
Son olaraq iyunun 25-də Ceyhun Bayramovla Hüseyn Əmir Abdullahian arasında yenə telefon danışığı baş tutub. Rəsmi bilgiyə görə, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
Bu, iranlı nazirin münasibətlərin gərginləşməsindən sonra Bakıya ilk səfəridir. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani son həftələr bir neçə dəfə Bakıya müsbət mesajlar verib. Tehranın son mesajlarından aydın olan budur ki, İran əlaqələrin əvvəlki vəziyyətə qaytarılmasını, o cümlədən səfirliyin fəaliyyətinin bərpasını arzu edir. Bakının da şərtləri məlumdur. Səfirliyin bərpası yalnız terror aksiyasını həyata keçirən və onu sifariş verən şəxslərin ədalət məhkəməsi qarşısında dayanmasından, layiqli cəzalarını almasından və diplomatlarımızın təhlükəsizliyinə əminlik yaradan mexanizmlərlə təminat verməsindən sonra mümkün ola bilər.
Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum işi üzrə əvvəlkitək bir müttəhim var. İran KİV-in məlumatına görə, bu barədə İranın məhkəmə sistemi və ədliyyə  üzrə nümayəndəsi Məsud Satayşi bildirib.
O, baş verənləri “gözlənilməz və kədərli insident” adlandırıb. “Odur ki, ölkənin məhkəmə, siyasi və güc orqanları hər zaman bildiriblər  ki, bu hücumun əsas günahkarı və ya bunda əli olan digər şəxslərlə qətiyyətli və qanuni şəkildə davranmaq lazımdır. Geniş araşdırmalardan sonra qeyd olunub ki, işin müxtəlif aspektləri aydınlaşdırılmalı və iş Azərbaycan hökuməti ilə əməkdaşlıq şəraitində hökmün çıxarılması ilə nəticələnməlidir. Əvvəlkitək iş üzrə eyni müttəhim keçir”, - Satayşi deyib.
Onun bəyanatı İranın Xarici İşlər Nazirliyinin rəhbəri  Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri ərəfəsində səslənib. Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Eyni zamanda polis hücum edən şəxsin səfirliyin binasının yanında müsahibə verməsinə və cinayətin motivlərini açıqlamasına şərait yaradıb. O, cinayətin səbəblərini “ailə və şəxsi problemləri ilə” əlaqələndirib,  deyib ki, guya onun Azərbaycan vətəndaş olan xanımını səfirlikdə “gizlədiblər”.
Azərbaycanda səfirliyə hücum terror aktı kimi qiymətləndirilib və hərtərəfli araşdırma tələb olunub.
Bakı səfirliyin bütün əməkdaşlarını təxliyə edib və diplomatik missiyanın fəaliyyətinin bərpası üçün hücumda iştirak edənlərin hamısının müəyyənləşdirilməsini və cəzalandırılmasını şərt kimi irəli sürüb.
İndiyədək İran hakimiyyəti istintaqın gedişi barədə susurdu.
Daha bir mühüm məsələ İranın Zəngəzur dəhlizinin gerçəkləşməsinə mane olmasıdır. İranın xüsusi xidmət orqanları radikal qrupları maliyyələşdiriblər, dövlətimizə qarşı ideoloji təxribatlar törədiblər ki, bu da həllini gözləyən məsələlər sırasına daxildir. Hər halda, İran xarici işlər nazirinin səfəri daha bir müsbət addım kimi dəyərləndirilə bilər. Amma bəzi ekspertlərə görə, İranda Azərbaycanla bağlı qərarları XİN deyil, güc strukturları - İran İslam Keşikçiləri Korpusu və ona aid strukturlar verirlər. Məsələn, İsveçdə Qurani-Kərimin yandırılmasına qarşı müsəlman ölkələrinin reaksiyaları fonunda İran kəşfiyyatına yaxın “Səhər” kanalı ölkəmizə qarşı yeni “ittihamla” çıxış edib. “Səhər” ölkəmizə qarşı növbəti böhtanında guya “bütün dünyanın İsveçdə Quranın yandırılmasını lənətləndiyi bir vaxtda” Azərbaycanın susqunluq nümayiş etdirdiyini iddia edib. Bəs bu səfər əlaqələrin bərpası üçün nə qədər faydalı ola bilər?
 Elçin Mirzəbəyli 
Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana Qoşulmama Hərəkatı Əlaqələndirmə Bürosunun iclasında iştirak etmək üçün gəlib: “Bu, artıq Abdullahianın ölkəmizə səfərinin motivinin Azərbaycanla münasibətlər olmadığı reallığını yaradır. Səfər, eyni zamanda rəsmi Tehranın Bakı ilə münasibətləri tamamilə qırılma nöqtəsinə gətirməkdə maraqlı olmadığını, daha doğrusu, bunun İran rejimi üçün də təhlükəli proseslərə yol aça biləcəyini anladığını sübuta yetirir”. E.Mirzəbəyli qeyd etdi ki, Azərbaycanın İranla qarşılıqlı münasibətlərin normallaşması üçün təqdim etdiyi gündəlik kifayət qədər aydındır: “Azərbaycan səfirliyinə qarşı həyata keçirilən terror aksiyasının iştirakçı və sifarişçiləri məsuliyyətə cəlb edilməli, rəsmi Tehran diplomatik nümayəndəliyimizin təhlükəslziliyini təmin edə bilmədiyi üçün üzr istəməli, Azərbaycan ərazisində həyata keçirilən və həmçinin keçirilməsi nəzərdə tutulan, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı nəticəsində ifşa edilən terror aksiyalarının və digər cinayətlərin İran İslam Respublikasının ərazisində məskunlaşmış sifarişçiləri Azərbaycana təhvil verilməli, İran mediasında, o cümlədən bu ölkənin Azərbaycana yönəlik təbliğat resurslarında dövlət quruluşumuza qarşı həyata keçirilən təxribatlara son qoyulmalıdır”. Siyasi şərhçi əlavə etdi ki, bütövlükdə rəsmi Tehran Azərbaycana qarşı apardığı pozuculuq kampaniyalarına son qoymalıdır. İranın Ermənistanı dəstəkləməsinə, həmçinin Zəngəzur dəhlizinin gerçəkləşməsinə maneə yaratmaq cəhdlərinə gəldikdə isə E.Mirzəbəyli hesab edir ki, bu məsələlərlə bağlı da Tehranın mövqeyində ciddi dəyişikliklər etməsinə, bölgədə regiondankənar qüvvələrin maraqlarını ifadə edən İrəvanla münasibətlərinə yenidən və ciddi şəkildə baxmasına ehtiyac var: “Düşmənçilik münasibəti İran tərəfindən sərgiləndiyinə görə, münasibətlərin normallaşması üçün addımları da bu ölkə atmalıdır. İndiki davranışları ilə rəsmi Tehran bu günədək Azərbaycana qarşı həyata keçirdiyi düşmənçilik siyasətini görməzdən gəlməyimizi, həzm etməyimizi, unutmağımızı istəyir. Bu isə heç bir halda Azərbaycan tərəfindən qəbul edilə bilməz. İndiki şəraitdə yalnız qarşılıqlı iqtisadi əlaqələrin qorunmasından, Şimal-Cənib nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçən marşrutunun dəmir yol xəttinin işə salınmasından söhbət gedə bilər. Molla rejiminin Azərbaycana qarşı düşmənçilik münasibəti bu ölkənin potensialı ilə uzlaşmayan geosiyasi iddialarından qaynaqlanır və bu baxımdan da qarşılıqlı münasibətlərin sabit bir müstəviyə düşəcəyi ehtimalı çox azdır”.


Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, İran xarici işlər nazirinin Azərbaycana səfəri ilə bağlı müsbət tendensiyaların başlanmasını istəyərdik: “Azərbaycan rəsmiləri, o cümlədən xarici işlər nazirimiz qonşu ölkə ilə xoş münasibətlərin tərəfdarı olduğunu bildirib. İrandan da həm xarici işlər naziri, həm də dini liderin müşaviri Vilayətinin dilindən müsbət fikirlər səsləndirilib. Azərbaycanın xoş niyyəti ortadadır. Amma İranın sözü ilə əməlinin üst-üstə düşdüyünü görmürük. Ən əsası isə Azərbaycan səfirliyinə basqın və terror hərəkəti ilə bağlı heç bir tədbir görülməyib, adamlarımız orada uydurma ittihamlarla saxlanılır, İran rəsmiləri tərəfindən dayanmadan təxribatçı bəyanatlar verilir, hətta Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürülür”. A.Nağı qeyd etdi ki, üstəlik, Ermənistanla isti münasibətlər qurmaqda israrlı görünürlər: “Ona görə də bu səfərin münasibətlərin düzəlməsinə ciddi təsir edəcəyi inandırıcı deyil. İranın xarici işlər naziri, böyük ehtimalla, bu səfərdə iki məqsəd güdür: birincisi, Qoşulmama Hərəkatı çərçivəsindəki ptoseslərdən kənarda qalmaq istəmir, eyni zamanda Azərbaycanın səyləri nəticəsində getdikcə nüfuzu artan bu təşkilatın imkanlarından yararlanmağa çalışır. Lakin belə demək olar ki, Azərbaycanla Ermənistan arasında hələ də düzgün seçim edə bilmədiyinə görə İran bu qurumun dəstəyinə ümid edə bilməyəcək. Digər tərəfdən, İran Azərbaycanla münasibətlərin əhəmiyyətini başa düşür, əməkdaşlığa can atır. Amma siyasətlərində dediyimiz düzəlişləri etmədən, ciddi nəticələrə ümid etməməlidirlər. Hər halda, xeyli müddət davam edən qarşıdurmadan sonra müəyyən əlaqələrin yaranması pis deyil. Bizim ermənilərdən başqa əbədi düşmənimiz yoxdur, məlum fikri təkrar edib, siyasətdə maraqlar var desək, yanılmarıq”.
Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov isə qeyd etdi ki, İran XİN rəhbərinin Bakıya səfəri ikitərəfli münasibətləri inkişaf etdirmək baxımından həyata keçmir: “Qoşulmama Hərəkatının toplantısı üçün iranlı nazir də dünyanın bir çox önəmli diplomatı kimi ölkəmizə gəlir. O rakursdan bu səfərin elə də mühüm əhəmiyyəti mövcud deyil. Amma İranın son zamanlar artan birmənalı qərəzindən sonra hansısa yüksək rütbəli iranlı siyasinin Bakıya səfəri vacibdir”. T.İsmayılov qeyd etdi ki, XİN rəhbərinin səfərində ölkələrimiz arasındakı əlaqələrin gələcəyi ilə bağlı müzakirələr aparılır: “Eyni zamanda fikir ayrılıqlarını aradan qaldırmaq, münasibətlərdə yeni xətt başlatmaq üçün də səfər vacib əhəmiyyətə malikdir. Lakin İranda səfirliyimizə qarşı törədilən terror izah edilmədikcə, Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən ekstremistlər Azərbaycana təhvil verilmədikcə İranı səmimi hesab etmək olmaz”.
Hər halda, İran rəsmisinin Bakıda ikitərəfli münasibətlərin perspektivləri barədə açıqlamaları da maraq kəsb edir. Rəsmi Bakı mövqeyini qəti və aydın şəkildə bəyan edir, Tehran körpülərin sonadək yandırılmasını istəmirsə, beynəlxalq hüquqa və ikitərəfli münasibətlərə istinadən üzərinə düşənləri icra etməlidir... 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.