Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nazpəri Dostəliyevadan ağır ittiham

Nazpəri Dostəliyevadan ağır ittiham

Nazpəri Dostəliyevadan ağır ittiham
2023-04-09 , 09:35

"Yaxşı olmağa çalışıram. Bu da Allahın bir imtahanıdır. Allah sevdiyi insanları imtahana çəkir. Görsün ki, onlar onun sevgisinə layiqdirlər... Düşünürəm ki, Allahın sevgisinə layiqəm ki, mənə bu imtahanları göstərdi və mən bu imtahanlardan alnıaçıq, üzüağ çıxa bilirəm. Çünki bu güc və bu qüvvə hər insanda olmur".  

Yenilik.az xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Günaydın Azərbaycan!" səhər şousunda deyib.  
Ailə üzvlərini itirən müğənni bu acı ilə barışdığını və daha da möhkəm olduğu bildirib:  
"Mənim bir tərəfim əzab, əziyyət üçün yaranıb, digər tərəfim isə sənət, səhnə, mədəniyyətimiz üçün yaranıb. Yəni əlli-əlliyə... Çox çətindir... Gərək bunu çiyinlərində daşıya biləsən".  
Nazpəri xanımın sözlərinə görə, mərhum bacısı Zeynəblə onun münasibətlərinin korlanmasına səbəb televiziya kanallarının birində çalışan şəxs olub:
"Televiziya kanallarının birində işləyən bir şəxs, kimliyini deməyəcəm, dünyasını dəyişən bacım Zeynəbə söyləyirdi ki, sənin yolunu kəsən, efirə buraxmayan öz bacın Nazpəridir. Belə insanlar çoxdur. O şəxslə üz-üzə gəlmişəm. Elə onun yanında zəng vurdum, amma o, qaçdı sözündən. Bacım Zeynəb əsəbiləşdi.
Dedim ki, məni bacım Zeynəbə qarşı doldurursan. Ayıb olsun, o şəxsə! İndi düzdür çıxıb kanaldan, işləmir. Sözlərimsə özünə çatacaq. Onun adını niyə çəkmirdim, çünki bacım dərhal onların sözlərinə inanırdı, pafoslu danışardı, əsəbi idi, bir sözlə özgəyə inanırdı.  
Misal üçün o şəxs yox, lap yüz min adam o sözləri mənə desəydi "Bir kəlimə deyərdim ki, o, mənim bacımdır. Sizə inanmıram". Bacım Zeynəb tez-tez söyləyərdi ki, əti dırnaqdan ayırmaq olmaz. O insan bu gün də yaşayır. Onu bağışlayıram, amma onu olduğu kimi tanıyıram. Hər görüşümdə onu utandırıram, başını qaldıra bilmir. Bu gün də elədir. Hansısa məclisə mən gələndə, o qaçıb gedir".  
Proqramın gedişatında verilişin aparıcısı Xoşqədəm Hidayətqızının "Bacınız Zeynəblə aranızda yaşanan bu məsələlərdən sonra necə barışdınız?" sualına Nazpəri belə cavab verib: 
"Bağda uşaqların ad günü idi. Dedim ki, bacı, gəl bizə. Söylədi ki, gəlməyəcəyəm. Cavab olaraq dedim ki, mən balaca bacınam, haqsız yerə incimisən, gəl, izah edim sənə bu məsələni. O, gəldi, biz oturub danışdıq, qucaqlaşdıq, ağladıq.
Zeynəb söylədi ki, gör necə kar və kor olmuşam ki, kimlərinsə sözünə inanıb bu cür bacımın ürəyini qırmışam. Söylədim ki, canım da sənə qurbandır. Hər şeyi qoyuram bir kənara. Bir şeyi bilmək lazımdır ki, biz bir atanın və bir ananın övladlarıyıq.


Səndən də mənə çox sözlər deyirdilər. Amma mənim bir cavabım vardı "Zeynəb mənim bacımdır. Hətta belə bir iş olsa belə, ona icazə verirəm, danışsın, amma sənə yox". Zeynəb hər sözə inanan insan idi".  
Qeyd edək ki, Z.Dostəliyeva ötən ilin dekabr ayında resperator qrip virusuna yoluxub. Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilən sənətçinin qəfil vəziyyəti pisləşib. Böyrəkləri və qaraciyəri fəaliyyətini dayandırıb. Həkimlərin müdaxiləsinə baxmaraq, Zeynəb Dostəliyevanın həyatını xilas etmək mümkün olmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.