Yenilik.Az
www.Yenilik.Az » Maqazin » Nura-Sinan dastanı: Bu zarafatın zibili çıxmasa yaxşıdır

Nura-Sinan dastanı: Bu zarafatın zibili çıxmasa yaxşıdır

Nura-Sinan dastanı: Bu zarafatın zibili çıxmasa yaxşıdır
2023-05-17 , 13:50

Nura Suriyə halaldır, 3 kəlməsi ilə bu boyda ölkənin gündəmini dəyişdirdi. Düzdür, gündəm də elə bir gündəm deyildi, eləcə, demokratiya üstündə höcətləşmələrdən ibarət idi, amma yenə də ictimai-siyasi fəallar yazmağa mövzu tapmışdılar.

İndi isə əsas məsələ tanınmış müğənnimizin Türkiyədə seçki üçüncüsü olmuş Sinan Oğana ingiliscə “Marry Me” mesajı göndərməsidir.
“Marry Me” pis söz deyil, hərfi tərcüməsi “mənimlə evlən”dir, amma el-obamızın və Vaqifin şirin dilinə çevirsək, dəqiq mənası “məni al”dır.
Bildiyiniz kimi, Şərqdə həmişə oğlan qıza “gəl, səni alım” (yaxud da “gəl ol anam gəlini”) deyir, qız xeylağı bir oğlana hələm-hələm “məni al” deməz. Hərçənd istisna hallar var. Məsələn, belə bir situasiya yaranır ki, qız dirəşir, deyir, ya məni təcili al, ya da xalamoğluna verirlər. Bir də bir durum var, onu çox açıb-bükməyək, amma qısa replikası belədir ki, variantın yoxdur, alassan. Bu durumun “ya”dan sonrası hissəsində adətən kəsici-deşici alətlərlə bağlı hədə səslənir. (Bir neçə il öncə ən azı 3 epizodda qızlar söz verib almayan oğlanı bıçaqlamışdılar).
Nura xanımın mesajı Avropa standartlarına tam uyğundur. Oralarda kişilər qadınlara “marry me” dedikləri kimi, qadınlar da kişilərə elə deyə bilirlər. Sevdanın “mərrid”lə bitib-bitməməsi isə tərəflərin sonrakı davranışından asılıdır. Ola bilər ki, 10 il bir yerdə yaşayarlar, iki də uşaq böyüdərlər, amma axırda deyərlər ki, xasiyyətimiz tutmur, evlənməsək yaxşıdır.
İndi hörmətli müğənnimiz belə bir aktual təşəbbüslə çıxış edərək bəzi mental dəyərlərə məhəl qoymadıını göstərib, amma hələ bilinmir ki, bunu zarafatla edib, yoxsa fikri həqiqətən də xalxın kişisinin ailəsini dağıtmaqdır.
Məsələ ondadır ki, Sinan bəy ailəlidir və iki övladı var, sur-suyumundan da gündə bir arvad alana oxşamır. Hərçənd atalar “xəmir yeyənin fağırı olmaz” deyə insan oğlunun bir çox məsələlərdə, xüsusilə də intim müstəvidə etibarsızlığına dəqiq qiymət verib. Vaxtilə onun adaşı gürcü qızından ötrü gedib donuz otarmayıbmı? Amma yenə də prezidentliyə namizəd olmuş, 2.7 milyon səs almış bəyə şər atmayaq. Elə bir şey olsa, indiyə kaseti çıxardı.
Əslində xanımın könlündə biclik olsaydı, bunu açıq şəkildə yazmazdı, sayın Oğanın elektron poçtuna isti bir mesaj yazardı və məsələ müəyyən mənada öz optimal həllini tapardı. İndi bəziləri düşünə bilər ki, müğənni xanım “məni al” deyərkən, əslində “məni saxla” mesajı verir. Amma elə ola bilməz. Birincisi, Nura Suri elə qadın deyil, neçə dəfə ərə gedibsə, hamısında leqal gedib. İkincisi, belə mesajları sosial şəbəkədə vermirlər. Belə şeyləri düzüb-qoşan cantaraq-cantaraq (pəzəvəng-pəzəvəng) qadınlar, kişilər var.
Fəqət bu mesajın ortalığı qarışdırdığını da qeyd etməliyik. Bir çox adamlar deyirlər ki, belə təşəbbüslə çıxış etmək qadına, xüsusilə də Tomris, Sara xatun, Nigar yadıgarı olan Azərbaycan qadınına yaraşmaz. (Bu sıraya Həcərin də adını salardım, amma mütləq kimsə çıxıb deyəcək ki, he-he-he, Həcər Nəbidən sonra 3-4 dəfə ərə gedib).
Yüz faiz elə adamlar da var ki, artıq qısqanmağa başlayıblar, deyirlər, bizə nə gəlib, yaraşıqda Sinandan da yaraşıqlıyıq, pulumuz da onunkundan çoxdur, özü də budur, burdayıq, Nuraya ər lazımdırsa, biz hazır. Bəlkə də artıq xanımın rəfiqələrinə müvafiq xahişlə ağız açan da var ki, ona denən, dağa-daşa düşməsin.
Amma bu, ürək-könül məsələsidir. Xanım Surinin quşu iğdırlı oğlana, cənab Oğana qonubsa, ta nə edə bilərik. Qarşı tərəfdən “hə” cavabı gəlsə, bizə də “Allah xoşbəxt eləsin” demək düşər. Oğlan yaxşı yerdəndir, əsgərliyini çəkib, universitetini oxuyub, deputat və prezidentliyə namizəd olub, içmir, çəkmir. Amma deyəsən, gəzməyi var. Bir ara gəzə-gəzə gəlib Bakıda da işləyib. (Bu yerdə dəli şeytan deyir, stop, stop, bəlkə Nura ilə Sinan köhnədən, o, Bakıda işləyən vaxtdan tanışdırlar. Ola bilməzmi?).
Hər halda xətrini çox istədiyimiz müğənni xanımın bu mesajı 14 may seçkiləri ilə bağlı ölkəmizdə (Türkiyədəki qədər) yaranmış gərginliyi bir xeyli səngitdi, məsələyə romantik-məhrəm çalar gətirdi. Amma belə görünür ki, daha çox zarafata oxşayan bu mesajı ciddiyə alanlar da var. Bir qadın Nura Suriyə müraciət edərək sovet ədəbiyyatının incə replikalarından birini yazıb: “Siz elə qadın deyilsiz axı, siz kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmazsız”.
Əgər Sinan Oğanın xanımı da bu mesajdan xəbər tutsa (əl-əlbət, tutacaq), o zaman Sinan bəyin günü qara olacaq, tez-tez gəlib-getdiyi Bakıdan ayağı kəsiləcək. Çünki Gökçən xanım deyəcək: “Baküyə gidəməzsin!!!”.
Ta deməyəcək ki, Nura xanım eləcə zarafat eləmişdi, yəni şaka...

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.