Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Qlobal diplomatizmin yeni paytaxtı: COP29 və WUF13-dən İslam İnkişaf Bankının 51-ci İllik Toplantılarına uzanan uğur yolu

Qlobal diplomatizmin yeni paytaxtı: COP29 və WUF13-dən İslam İnkişaf Bankının 51-ci İllik Toplantılarına uzanan uğur yolu

Qlobal diplomatizmin yeni paytaxtı: COP29 və WUF13-dən İslam İnkişaf Bankının 51-ci İllik Toplantılarına uzanan uğur yolu
2026-06-19 , 11:30

Son illərdə Azərbaycan dünya siyasətinin və qlobal iqtisadi müzakirələrin mərkəzi qovşağına çevrilməkdədir. Ölkəmizin ev sahibliyi etdiyi qlobal tədbirlərin miqyası və coğrafiyası bunu əyani şəkildə sübut edir. Dünyanın ən mötəbər iqlim sammiti olan COP29-un Bakıda yüksək səviyyədə təşkili və ardınca bəşəriyyətin gələcək şəhərsalma modelini müəyyən edən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) uğurlu icrası Azərbaycanın beynəlxalq nüfuzunu tamamilə yeni bir mərhələyə daşıdı. Məhz bu tarixi zəncirin məntiqi davamı olaraq, Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantılarının keçirilməsi ölkəmizin regionda və dünyada artan liderlik rolunun növbəti təsdiqidir.
Bu toplantı sadəcə bir maliyyə forumu deyil, həm də Azərbaycanın qlobal həmrəylik, yaşıl keçid və iqtisadi şaxələndirmə sahəsində əldə etdiyi nailiyyətlərin İslam dünyası və beynəlxalq tərəfdaşlarla paylaşıldığı strateji bir platformadır. Çünki sabitlik və güclü iqtisadi bünövrə olmadan bu cür nəhəng platformaları bir araya gətirmək qeyri-mümkündür.

Sabitlik və müstəqil siyasət: Beynəlxalq nüfuzun rəmzi

Azərbaycanın son 20 ildə keçdiyi yol, milli maraqlara söykənən müstəqil xarici siyasətin və daxili sabitliyin qlobal miqyasda necə böyük hörmət qazandırdığını göstərir. Təsadüfi deyil ki, ölkəmiz vaxtilə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmiş, 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik etmişdir. Bakıda keçirilən builki İİB toplantıları da məhz bu möhkəm beynəlxalq etimadın göstəricisidir.
Dövlətimizin başçısı cənab İlham Əliyev tədbirdəki dərin məzmunlu çıxışında sabitliyin inkişaf üçün nə dərəcədə həlledici rol oynadığını bu sözlərlə ifadə etmişdir:“Müharibə, işğal, humanitar fəlakət, vətəndaş müharibəsi və digər çətinliklərlə səciyyələnən ilk iki ili istisna etməklə, qalan dövr ölkənin sabit inkişafı ilə yadda qaldı. Bu isə hər hansı ölkənin uğuru üçün əsas ilkin şərtlərdən biridir. Sabitlik pozulduqda biz inkişaf haqqında heç danışa bilmərik. Beləliklə, sabitlik, - yəni bu gün Azərbaycanın reallığını təşkil edən siyasi, iqtisadi və sosial sabitlik, - nəinki inkişafımızın əsas meyarıdır, o cümlədən regional inkişaf göstəricisidir.”

Bu sabitlik fonunda, Azərbaycan həm də tarixi ədaləti təkbaşına bərpa edərək öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. Cənab Prezident çıxışında 30 illik işğal dövründə beynəlxalq təşkilatların və ATƏT-in Minsk qrupunun ikili standartlarını xatırladaraq, Azərbaycanın bu planları pozduğunu və indi regionda real sülhün bərqərar olduğunu vurğulamışdır:“Güclü tərəf olaraq biz müharibəyə son qoyduq və sülh təklif etdik. Beləliklə, bu gün sülh artıq reallıqdır.”

İndi bu sülh reallığı azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı quruculuq işləri ilə müşayiət olunur. Dövlət büdcəsindən və digər mənbələrdən ayrılan milyardlarla dollarlıq investisiya sayəsində bu torpaqlarda artıq 90 minə yaxın insan yeni həyata başlayıb.

Qarşıya qoyulan hədəflər və strateji prioritetlər

İslam İnkişaf Bankı Qrupunun Bakı toplantılarının gündəliyi olduqca zəngindir. İyunun 19-dək davam edən bu mühüm platformada inklüziv iqtisadi inkişaf, dayanıqlı maliyyələşdirmə, rəqəmsal transformasiya, ticarət və yaşıl enerji kimi qlobal çağırışlar mərkəzi yer tutur. Azərbaycan üçün bu tədbir həm də özünün uzunmüddətli iqtisadi hədəflərini reallaşdırmaq üçün mühüm fürsətdir.

Bu hədəflərin başında ölkəmizin açıq dənizə çıxışı olmayan bir dövlətdən qlobal Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas qovşağına çevrilməsi dayanır. Azərbaycan coğrafi üstünlüyünü güclü infrastrukturla birləşdirərək ərazisindən daşınan yüklərin həcmini iki dəfə artırmağı — yəni 14-15 milyon tondan təxminən 30 milyon tona çatdırmağı qarşısına məqsəd qoyub.

Digər bir prioritet isə bərpaolunan enerjidir. COP29-da qəbul edilən qlobal qərarların davamı olaraq, Azərbaycan 2032-ci ilə qədər 8 giqavat həcmində Günəş və külək enerjisi gücü yaratmağı hədəfləyir. Bu təmiz enerji təkcə daxili tələbatı ödəməyəcək, həm də Avropa bazarlarına ixrac ediləcək.

Azərbaycan iqtisadiyyatına təsirlər və şaxələndirmə uğuru

Azərbaycanın həyata keçirdiyi uğurlu islahatlar artıq beynəlxalq reytinq agentlikləri ("Moody's", "Fitch") tərəfindən yüksək qiymətləndirilir. Ölkəmiz xarici borcunu ÜDM-in cəmi 6 faizinə endirməklə dünyada ən sabit maliyyə vəziyyətinə malik dövlətlərdən birinə çevrilmişdir. Bu isə xarici valyuta ehtiyatlarımızın xarici borcumuzu 20 dəfə üstələməsi deməkdir.

Ən böyük nailiyyətlərdən biri iqtisadiyyatın neft-qaz amilindən asılılığının azaldılmasıdır. Hazırda qeyri-neft/qaz sektorunun ÜDM-də payı 70 faizdən çoxdur. Tədbirdə çıxış edən iqtisadiyyat naziri, İİB Rəhbərlər Şurasının sədri Mikayıl Cabbarov Azərbaycanın bu uğur hekayəsini və İslam İnkişaf Bankı ilə tərəfdaşlığın yeni səviyyəsini xüsusi qeyd etmişdir: “Bizim tərəfdaşlığımız sonuncu görüşümüzdən bu günə qədər böyük inkişaf yolu keçmişdir. Bizim bank fəaliyyətlərimiz 10 dəfə - 0,1-dən 1 faizə qədər artmışdır. Portfelimiz də əhəmiyyətli dərəcədə artmışdır. Burada Qarabağ suvarma kanalının inşasına dair müqavilənin imzalanmasını xüsusilə qeyd etmək istəyirəm. Azad edilmiş ərazilərdə dəmir yollarının və kənd təsərrüfatı sahələrinin inkişafı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Əməkdaşlığımız artıq strateji səviyyəyə qalxıb.”

Nazir Mikayıl Cabbarov həmçinin vurğulayıb ki, Azərbaycan cənab Prezidentin rəhbərliyi altında inkişaf etməkdə olan ölkələr üçün unikal bir tərəfdaşlıq modeli olan "Cənub-Cənub" iqtisadi əməkdaşlıq modelini formalaşdırıb. Ölkəmiz özünün intellektual brendləri olan "ASAN xidmət" və DOST Agentliyi kimi innovativ idarəetmə təcrübələrini, eləcə də bu mərkəzlərin azad olunmuş ərazilərdə qurulması modelini digər üzv dövlətlərlə bölüşməyə tam hazırdır.

Tamamilə dəyişmiş və güclənmiş 

Bundan tam 15 il əvvəl — 2010-cu ildə Bakı İslam İnkişaf Bankının 35-ci İllik Toplantısına ev sahibliyi edəndə Azərbaycan hələ öz torpaqlarının işğalı reallığı ilə mübarizə aparan, iqtisadi şaxələndirmənin ilkin mərhələsində olan bir ölkə idi. Bu gün isə 51-ci İllik Toplantıya ev sahibliyi edən Azərbaycan tamamilə fərqli, suverenliyini bərpa etmiş, iqtisadiyyatını gücləndirmiş və qlobal arenada söz sahibi olan bir dövlətdir.
Məhz COP29, WUF13 və İİB Qrupunun İllik Toplantıları kimi dünya əhəmiyyətli ardıcıl mötəbər tədbirlər göstərir ki, Bakı artıq sadəcə regional mərkəz deyil, həm də bəşəriyyətin ortaq gələcəyinin, iqtisadi tərəfdaşlıqlarının və həmrəyliyinin formalaşdığı mühüm qlobal paytaxtdır. Bu platformada əldə olunan razılaşmalar, imzalanan yeni infrastruktur müqavilələri ölkəmizin qeyri-neft sektorunun inkişafına yeni nəfəs verəcək, İslam dünyası ilə əlaqələrimizi daha da sarsılmaz edəcəkdir.

Xanlar Sətullayev 
hüquqşünas, psixoloq

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.