Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentdən Muxtar Babayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Muxtar Babayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Muxtar Babayevlə bağlı SƏRƏNCAM
2024-01-07 , 15:15

Prezident İlham Əliyev Muxtar Babayevin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilməsi haqqında Sərəncam imzalayıb.


Bu barədə President.az xəbər verir.
Sərəncamda deyilir:

"Azərbaycan Respublikası ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir.

Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.

İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.
Azərbaycan beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görəcək.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, habelə formalaşmış beynəlxalq təcrübəni nəzərə alaraq qərara alıram:

1. Muxtar Bahadur oğlu Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilsin.

2. Müəyyən edilmiş Prezidentə (President-Designate) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına (COP29), Kioto Protokolunun Tərəfləri Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəfləri Görüşünün 6-cı sessiyasına hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilsin”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.