Yenilik.Az
www.Yenilik.Az » “Həcc ziyarətinə gedənlər müqəddəslərə rüşvət verib günahlarını yumaq istəyirlər”

“Həcc ziyarətinə gedənlər müqəddəslərə rüşvət verib günahlarını yumaq istəyirlər”

“Həcc ziyarətinə gedənlər müqəddəslərə rüşvət verib günahlarını yumaq istəyirlər”
2023-06-16 , 16:58

"Azərbaycan əhalisinin böyük əksəriyyəti müxtəlif məhzəblərə xidmət etsə də, hər halda, İslam dininə etiqad edən insanlardırlar. Toplumumuz klassik İslam ənənələrinin və islam sivilizasiyasının ən gözəl tərəflərini götürüb inkişaf etdirsəydi, bizim tanınmış, maarifpərvər yazıçılarımız, mütəfəkkürlərimiz müsəlman cəmiyyətində olan bu qədər problemləri kəskinliklə tənqid etməzdilər. 

Axundovdan üzü bəri, Seyid Əzim Şirvanidən tutmuş, Sabirə qədər ziyalılarımız fırıldaqçı mollaları, eyni zamanda din adından alver edərək kasıb, savadsız cəmiyyətdən qazanmaq istəyənləri hər zaman tənqid ediblər. Amma əsrlər keçsə də düzəlmək əvəzinə sanki hər şey geriyə gedir..." 
Bu sözləri Yenisabah.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. 
O, bu gün Həcc ziyarətinə yollananların böyük qisminin bunun mahiyyətini başa düşmədiyini deyib:
"Son vaxtlar İslam dininin ehkamlarından biri olan müqəddəs Həcc ziyarətinə gedişlə bağlı elanları görındən sonra biz növbəti nəsil intellektualları buna öz etirazımızı ortaya əks arqumentlər qoymaqla bildirməliyik və bildiririk. Həcc ziyarəti dinimizə görə, insan yaşa dolandan sonra, cəmiyyətin, ölkənin, İslam elminin inkişafına verdiyi qatqılara görə, öz nəslində olan, qohum-qonşuya kömək edəndən sonra, həyat yoldaşı, ailə üzvlərini yerbəyer edəndən sonra ömrünün sonuna yaxın piyada, yaxud eşşək, dəvə, atla Azərbaycandan uzaq Ərəb səhrasına uzun bir yol qət etməlidir. Və bu uzun yolu Allaha dua edə-edə, əzab çəkə-çəkə, həyatının son enerjisini verərək getməlidir.
Yoxsa ki, bugünkü Hacıxanımlar, Kərbəlayilər, Hacılar kimi yox... İnsanlar bu gün 10 min verib özlərinə heç bir əziyyət vermədən təyyarə ilə Həcc ziyarətinə gedirlər. Belə çıxır ki, onlar Allahın evinə, müqəddəs ziyarətə günahlarını yumaq üçün yox, hacı, hacıxanım titulu almaq üçün gedirlər, onlar müqəddəslərə rüşvət verərək öz günahlarını yumağa çalışır, hansı sahədən əldə etdiyi bilinməyən 10 mini verib Həccə yollanırlar. Təkcə ora gedib 2-3 gün qalmaq 10-20 min arası xərc tələb edir. İnsanlar belə ağır zəmanədə bu pulu haradan tapırlar? Yaxşı, tutalım, siz ömür boyu işləmisiniz, bu pulu yığmısınız, amma bu pulun heç olmasa, bir hissəsini kasıblara paylayın. Azərbaycanda o qədər problemlər var ki... Uşaqlar evinə, qocalar evinə, kasıblara yardım edin, sonra gedin günahlarınızın silinməsini kimlərdənsə tələb edin. Həcc ziyarətini bu qədər fərdi mənafeyinə çevirən insanlara necə hörmətlə yanaşa bilərik?"
Kulturoloq Həcc ziyarətinə yollananlardan da vergi tutulmasını təklif edib:
"Əgər bu qədər həvəslisinizsə, bu xərci çəkirsinizsə, hesab edirəm ki, dövlət bu xərcdən də vergi ala bilər. Necə ki, turist kimi səfərə çıxanlardan vergi alınır, Həcc ziyarətinə gedənlərdən də bu vergini ala bilərik. Bu vergi isə hansısa məmurun cibinə, dövlət orqanının işçilərinin əməkhaqqının artırılmasına yox, sırf qocalar evinə, uşaqlar evinə, məktəblərin tikilməsinə və digər humanitar-sosial sahələrə yönəldilməlidir. Həcc ziyarətinə gedənlərə, o arzuda olanlara hörmətlə yanaşırıq, amma yenə də deyirəm, indiki ağır zəmanədə 10 min dollara yaxın pulu  bu ziyarətə xərcləməyin məntiqini anlamaq istəyirəm.
Nəzərə alın ki, milyonlarla, milyardlarla pul axını Səudiyyə Ərəbistana gedir. Sağ olsun krallıq, həmin pulun bir hissəsi ilə müsəlman ölkələrinə müəyyən yardım edir, amma heç bir ölkədə rüşvət alan məmur özü gedə bilməsə də, kimisə əvəzinə Həccə göndərmir. Başqa heç bir yerdə bu yoxdur.
Əgər pul halallıqla əldə edilmirsə, o pulla ziyarətə getmək ən böyük günahdır. Allah bunu heç vaxt bağışlamayacaq! Əgər sizin evinizin yanında qonşunuz acından ölürsə, qocaların, xəstələrin ahı qulağınıza gəlirsə, halallıqla qazandığınız pullarla belə Həccə gedirsinizsə, Allah bunu bağışlamaz. Azərbaycan cəmiyyəti bu məsələlərdə diqqətli olmalıdır. Həccə gedənlər bilməlidirlər ki, burada qalan kasıb-kusublar sizin arxanızca yaxşı sözlər demirlər. Üzdə "Allah ziyarətini qəbul etsin" desələr də, içlərində düşünürlər ki, axı bu insan vaxtilə mənə dərman almağa yardım etməmişdi. Belə insanlara necə xeyir-dua vermək olar? Bu məsələdə bizdə boşluqlar var". 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.