Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir

Azərbaycanda Novruz bayramı qeyd edilir
2023-03-20 , 07:00

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir.

Yenilik.az xəbər verir ki, bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi üçüncü Novruz bayramıdır.
Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq üçüncü dəfədir işğaldan azad olunan ərazilərdə də qeyd edilir. Ona görə də Azərbaycan xalqı son iki ildə olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.
Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.
Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.
2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT martın 21-ni “Beynəlxalq Novruz Günü” elan edib.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiqlənən müvafiq qərara əsasən, 2023-cü il martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramıdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.