Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Milli Məclis Mərkəzi Bankın səlahiyyətlərini artıran qanun layihəsini təsdiqlədi

Milli Məclis Mərkəzi Bankın səlahiyyətlərini artıran qanun layihəsini təsdiqlədi

Milli Məclis Mərkəzi Bankın səlahiyyətlərini artıran qanun layihəsini təsdiqlədi
2023-06-10 , 14:43

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirilib. Komitə sədri Siyavuş Novruzov bildirdi ki, iyunun 9-u Ümummilli lider Heydər Əliyevin Bakıya qayıdış günüdür. Bildirdi ki, Heydər Əliyev 30 il əvvəl Naxçıvan Muxtar Respublikasından hakimiyyətə qayıtmaqla xalqı böyük fəlakətlərdən xilas etdi.

“Vaxtilə burada İsa Qəmbər, Pənah Hüseyn qeyd edirdi ki, biz silah yolu ilə gəlmişik, bizi ancaq silah yolu ilə devirmək olar. Dövlət çevrilişi ilə hakimiyyətə gələnlərin silah yolu ilə hakimiyyətə gəlmək ənənəsinə son qoydu”, - deyən S.Novruzov bildirdi ki, bu gün cənab Prezidentin rəhbərliyi altında islahatlar davam edir. Azərbaycan inkişaf etmiş Avropa ölkələri ilə rəqabətdədir. “Bütün bunlar ümummilli liderin Azərbaycan xalqı qarşısında xidmətlərinin nəticəsidir”, - Novruzov əlavə etdi.
Deputat Fazil Mustafa Milli Məclisin iclasında Türkiyədəki naxçıvanlılarla bağlı vacib bir mövzuya diqqət çəkdi. Bildirdi ki, bizim bir sıra sahələrdə Türkiyə ilə yüksək səviyyədə hərtərəfli münasibətlərimiz var, bəzi sahələrdə isə bəzi çözə bilmədiyimiz problemlərimiz mövcuddur. F.Mustafa qeyd etdi ki, vaxtilə sosial vəziyyətin ağırlığına görə Türkiyəyə köçüblər, 20-30 ildir orada yaşayırlar. “Onlar orda qəbristanlıq yarada bildilər, amma məktəb yarada bilmədilər. Çoxsaylı naxçıvanlını taleyin ümidinə buraxdıq”, - deputat əlavə etdi. Bildirdi ki, arada xeyli sayda tibb sahəsinin azərbaycanlı məzunu var. F.Mustafanın sözlərinə görə, bizim məzunlar savadlı, hazırlıqlı olduğuna görə uzmanlı üçün tələb olunan balı toplayırlar. Ancaq onlar işlədiyi yerlərdə türkiyəli mütəxəssislərinin aldığı əmək haqqının dörddə birini alırlar. Deputatın sözlərinə görə, azərbaycanlı mütəxəssislər Türkiyədəki səhiyyə ocaqlarında eyni töhfəni versələr də, türkiyəli mütəxəssislərlə müqayisədə çox aşağı miqdarda əmək haqqı alırlar ki, bu məsələnin çözülməsi lazımdır.
Deputat Elşad Mirbəşir ölkədə Qayıdış günün təsis edilməsi ilə bağlı təklif irəli sürdü. “2016-cı il aprel döyüşləri nəticəsində ordumuz Lələtəpə yüksəlikərini işğaldan azad etdi. Bununla da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin məskunlaşdırılması imkanı yarandı. 2017-ci il iyun ayının 14-də ölkə Prezidenti bərpadan sonra kəndin açılışını edib. Bundan sonra kənddə soydaşlarımızın ilk qrupunun məskunlaşdırılmasına başlanılıb və qısa zamanda uğurla başa çatdırılıb. Bu, işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdışın başlanğıcı idi”, - deyə E.Mirbəşir yaxın tarixin şərəfli səhifələrindən xatırlatmalar etdi. Bildirdi ki, bu baxımdan, 14 iyun tarixinin Azərbaycanda Qayıdış günü kimi təsis edilməsi əhəmiyyətli olardı: “Bunu əhəmiyyəti bir neçə məqam üzərindən əsaslandırmaq olar: birincisi, bu, böyük tarixi uğurumuz haqqında əlavə tarixi yaddaş elementi olardı. İkincisi, bildiyimiz kimi, Azərbaycan 2030- sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən birini məhz böyük qayıdış istiqamətində görüləcək işlərdən ibarətdir. Bu mənada Qayıdış gününün təsis edilməsi, sözügedən istiqamətdə işlərin həyata keçiliməsinin də ümumi ruhuna müsbət təsir göstərər. Üçüncüsü isə, ermənilərin işğalçılıq siyasəti haqqında da tarixi yaddaşımızı daha da möhkəmləndirmiş olarıq. Bu gün biz bir daha xatırlayacağıq ki, soydaşlarımız Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşüb”.
İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu ikinci səsverməyə çıxarılaraq qəbul edildi.
Deputat Azay Quliyev Ermənistanın beynəlxalq hüquqa zidd əməllərindən danışaraq bildirdi ki, bu gün Ermənistanda Azərbaycan əsgərinə qarşı saxta məhkəmə şousu təşkil olunacaq: “Bildiyimiz kimi, Azərbaycan ordusunun əsgərləri - Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir neçə gün əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. Baxmayaraq ki, Azərbaycanla Ermənistan nümayəndələri arasında olan razılığa əsasən, yolu azaraq qarşı tərəfə keçən şəxs maksimum iki günə qaytarılmalıdır, lakin Ermənistan tərəfi buna əməl etmədi. Bu gün isə Hüseyn Axundova qarşı yenə də saxta məhkəmə qurulması gözlənilir”.
Deputat dedi ki, dünya ictimaiyyəti hələ də bizim əsgərlərin taleyinə laqeyd yanaşır və onların geri qaytarılmasını Ermənistandan tələb etmir: “Ona görə də hüquq müdafiəçiləri, Ombudsman institutu və müvafiq qurumlar vahid mövqedən çıxış edərək bu məsələni beynəlxalq müstəvidə daha çox qaldırmalı və Ermənistanın bu cür qanunsuz hərəkətlərini ifşa etməkdə davam etməliyik”.
Milli Məclisdə Azərbaycan, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair 2022-ci ilin 18 avqustunda Bakıda imzalanmış Saziş təsdiq olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili dedi ki, bu, təkcə Azərbaycan-Gürcüstan-Türkiyə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yol hesab edilir: “Bu yol Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın, həmçinin Çinin Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, sonrakı mərhələdə 17 milyon ton, daha sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil edib. Bakı-Tiflis-Qars dəmir yolu tarixi, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir”.
Milli Məclisdə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə edildi.
Komitə sədri Tahir Mirkişili layihələr barədə danışarkən bildirdi ki, 30 aprel 2023-cü il tarixinədək fəaliyyət göstərən 25 bankın filiallarının sayı 493-dür. Fəaliyyətdə olan bankların cəmi aktivləri 45,582.7 mln. manat, cəmi öhdəlikləri 39,771.3 mln. manat, balans kapitalı 5,811.4 mln. manat olub. Aprel ayında bankların kredit portfeli 1.7% və ya 341 mln. manat artaraq 20,379.6 mln. manat olub. Kredit portfelinin strukturu: a) biznes kreditləri - 54.5% (11,108 mln. manat), b) istehlak kreditləri - 29.8% (6,072.3 mln. manat) və q) ipoteka kreditləri - 15.7% -dir(3,199.3 mln. manat). Komitə sədrinin sözlərinə görə, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb: “2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3202 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2535 mln. manatı elektron ticarətin payına düşür”.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna dəyişikliklərə görə, Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri artırılır. Qüvvədə olan qanuna əsasən, Mərkəzi Bank İdarə Heyəti tərəfindən idarə olunur. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yeddi nəfərdən ibarətdir. İdarə Heyətinin tərkibinə sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv daxildir. Dəyişikliklərə görə, İdarə Heyəti Mərkəzi Bankın kollegial ali idarəetmə orqanı funksiyası rolunu oynayacaq. Mərkəzi Bankın İdarə Heyətinin tərkibi Mərkəzi Bankın sədri, Mərkəzi Bankda daimi əsaslarla işləyən 6 (altı) üzv və 2 (iki) kənar üzv daxil olmaqla 9 (doqquz) üzvdən ibarət olacaq. Beləliklə, Mərkəzi Bankda daimi əsaslarla işləyən üzvlərinin sayı da 4-dən 6-ya altıya qaldırılır. Eyni zamanda korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərə görə məhkum olanlar da İdarə Heyətinin üzvü ola bilməyəcəklər.
Bəzi deputatlar çıxışlarında bank faizlərinin yüksək olmasından şikayətləndilər və Mərkəzi Bank rəhbərliyinə təkliflər ünvanladılar.
Komitə sədri Siyavuş Novruzov valyutadəyişmə məntəqələrinin açılması zərurətindən danışdı. Bildirdi ki, vaxtilə 5 minədək valyutadəyişmə məntəqəsində ümumilikdə 20 minədək işçi ailəsinə çörək aparırdı. Bu məntqələrin yaradılması işsizlərin sayının artmasına səbəb oldu, əvəzində metrostansiyaların qarşısında, parklarda “qara bazar” fəaliyyətə başladı. S.Novruzov qeyd etdi ki, ölkəmiz turizmin inkişafına xüsusi diqqət yetirir: “Deyək ki, turistlər valyuta mübadiləsini həyata keçirmək istəyirlər, amma şəhərdə qeyri-iş günlərində bir-iki məntəqə fəaliyyət göstərir. Əhmədlidə pul dəyişmək istəyən gərək gəlsin şəhərin mərkəzinə, valyutasını dəyişsin. Düzdür, girov da çoxdur, 50 min girov tələb olunur. Elə olur ölkədə 7 gün iş olmur, bəs, turistlər, yaxud vətəndaşlar valyutanı harada dəyişsinlər? Dünyanın hər yerində elə dayanacaq formasında valyutadəyişmə məntəqələri fəaliyyət göstərir, bizdə də bu cür məntəqələr açmaq olar. Bu, həm iş yeridir, həm vətəndaşların, həm də turistlərin rahatlığı üçün vacibdir”.
S.Novruzov dedi ki, 100 min pul banka qoyulanda sığortası yoxdur: “Niyə? Belə çıxır ki, bank vətəndaşı vadar edir ki, pulunu evdə saxlasın”.
İclasda “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliklər sonuncu oxunuşda müzakirəyə çıxarıldı. Dəyişikliklərə əsasən, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilverənlər sertifikatlaşdırmadan keçəcək. Layihə barədə məlumat verilərkən bildirilib ki, bu məsələ təhsilverənlərin vəzifələri sırasına daxil edilib. Beləliklə, dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı yoxlanılacaq. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlər 5 ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçəcəklər. Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 il müddətində dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Bununla belə, dövlət məktəbəqədər təhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq.
Qaydalara əsasən, ilk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər. Eyni zamanda, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmadan keçməyəcəklər. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bununla əlaqədar “Məktəbəqədər təhsil haqqında” qanuna da müvafiq dəyişikliklər edilir. “Məktəbəqədər təhsil haqqında” qanuna əsasən, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçirilir. Təklif olunan dəyişikliyə əsasən, sertifikatlaşdırmadan keçən işçilər istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin işçiləri Əmək Məcəlləsinə uyğun olaraq attestasiyadan keçiriləcək. 60 yaşdan yuxarı müəllimlər üçünsə sertifikasiya könüllülük əsasında həyata keçiriləcək, məcburi xarakter daşımayacaq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.