Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tahir Kərimli Elşən Musayevin müdafiəsinə qalxdı, Cəmil Həsənliyə cavab verdi: “Prezidentin verdiyi altıotaqlı evi niyə geri qaytarmırsan?”

Tahir Kərimli Elşən Musayevin müdafiəsinə qalxdı, Cəmil Həsənliyə cavab verdi: “Prezidentin verdiyi altıotaqlı evi niyə geri qaytarmırsan?”

Tahir Kərimli Elşən Musayevin müdafiəsinə qalxdı, Cəmil Həsənliyə cavab verdi: “Prezidentin verdiyi altıotaqlı evi niyə geri qaytarmırsan?”
2023-07-07 , 20:18

“Milli Şuranın sədri Cəmil Həsənlinin deputat Elşən Musayev haqqında “Facebook”da paylaşımını görəndə təəccüb etdim. Sözün açığı, Elşən Musayev çox nadir deputatlardandır ki, hədsiz hazırcabalığı var. Ona sataşmaq heç kimə tövsiyə olunmur. Nə üçün Cəmil Həsənli həqiqətlər olmadığı halda Elşən Musayev haqqında status, özü də doğru olmayan status paylaşıb? Çox təəccüblüdür. Əlbəttə ki, Elşən Musayev Cəmil Həsənlinin layiqli cavabını verib. Elşən Musayev Milli Məclisin Avropa Şurasındakı nümayəndə heyətinin üzvü olmadığı halda Cəmil Həsənli onu bu cür təqdim edir. Musayevin rəhbəri olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyasının özünü buraxdığını elan edir. Axı Cəmil Həsənli bu məlumatı haradan götürüb? Özünü bu qədər müxalifətin önəmli şəxsi hesab edir, bəs niyə doğru mənbələrə istinad etmir? Çox maraqlıdır. Elşən Musayevin fikirləri ilə razılaşmamaq mümkün deyil. Həqiqətən də, Cəmil Həsənli hakimiyyətə qarşı hikkəli, qərəzli olduğunu göstərir. Yada salır ki, doğrudan da Xarici İşlər Nazirliyinin təşəbbüsü və ideya müəllifliyi ilə ərsəyə gələn Heydər Əliyevə həsr olunmuş kitabların ən azı 35-nə ön sözü Cəmil Həsənli deputat olduğu dövrdə yazıb. Axı Cəmil Həsənli bunu unutmamalıdır. Bu yaxınlarda demişdim ki, Cəmil Həsənli deputat olsaydı, heç vaxt bu cür radikal olmazdı. Həqiqət belədir. Bilirsiniz ki, 2005-ci ildə Əli Kərimligil parlamentdə 10 il qalandan sonra AXCP gözdən düşmüşdü. Bunları elə ən çox Müsavat tənqid edirdi”.

 
Bu sözləri Pravda.az-a müsahibəsində Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib.
 
Onun sözlərinə görə, Müsavat Partiyası AXCP-ni iqtidara işlədiyi üçün 10 il tənqid edib: “Onun yerinə bu dəfə parlamentə Müsavatdan seçildi, 5 il də onlar təmsil olundular. Amma ikibaşlı oyunlarına görə onlar da gözdən düşdülər. Həmin dövrdə həqiqətən də Cəmil Həsənli AXCP sədrinin müavini idi. Əli Kərimli ilə beş saatlıq görüşdən sonra aşkar şəkildə açıqlama vermişdi ki, tarixi araşdırmalarla məşğul olmaq istəyirəm, buna görə də müavinlikdən, aktiv siyasətdən gedirəm, mənim fəaliyyətimə AXCP yox, mandat lazımdır. Həqiqətən də deputat oldu. AXCP ilə yolu elə o vaxt ayrılmışdı. Lakin təkrar deputat olmayandan sonra yenidən radikal mövqeyə keçməli oldu. Hər kəs bilir ki, mən iqtidarda olanda da, müxalifətdə olanda da müxalifət kimi olmuşam. İqtidara da müxalifət olmuşam, müxalifətə də. Bu fikrim həmişə qalıb. Kimsə mənə deyə bilməz ki, əvvəl başqa cür idin, sonradan dəyişdin. Cəmil Həsənli, axı sən belə olmamısan. Deputatlıqdan məhrum olandan sonra guya müxalifətə keçmisən. Elşən Musayev tamamilə haqlıdır ki, siz Vətən müharibəsi zamanı Gəncədə törədilən terrora və s. hadisələrə qarşı etiraz bəyanatını Milli Şuranın rəhbəri kimi imzalamaqdan imtina etdiniz. Necə olur, Cəmil Həsənli Prezidentin ona verdiyi ordendən imtina etdiyini bəyan edir. Prezident sənə altıotaqlı ev bağışlayır, bəs onu niyə geri qaytarmırsan? Evdən də imtina et də. Yaxşı, bəyənmədiyin nədir? Şəxsən mən belə olsaydım, nəinki altıotaqlı, hətta birotaqlı, yüzotaqlı da olsaydı, dərhal geri qaytarardım. Necə yəni söydüyüm, nifrət etdiyim adamın verdiyi hədiyyəni özümə götürürəm, amma əvəzində söyürəm? Bu, vicdanlı iş deyil axı. Yadıma gəlir, o vaxt Fərhad Əliyev tutulanda Cəmil Həsənli necə vəkillik edirdi. Söz-söhbət çıxdı ki, ondan nə qədər pul alıbmış. Bəlkə, bunun da sübuta daha çox ehtiyacı var”.
 
Deputat deyib ki, doğru, düzgün olmaq lazımdır: “Elşən Musayev siyahı tərtib edərək partiyasının üzvləri haqqında Ədliyyə Nazirliyinə müraciət edib. Bizim partiyamız da müraciət edib. Bu, sizi niyə narahat edir ki? “Avtobus müxalifəti”nə gəlincə, çox sərrast şəkildə Elşən Musayev onun cavabını verdi ki, həmin avtobusda Şuşaya gediblər, təyyarə ilə erməni qucağına yox. Ağlı varsa, radikal müxalifət özü də, adamları da yaxşı olardı ki, Şuşanı ziyarət etsin. Şuşa müqəddəs şəhərimizdir. Doğru danışmaq lazımdır. Partiya buraxılar da, fəaliyyətini davam da edər. Amma sən özün demişdin ki, partiya üzvlüyündən çıxıram, deputat olacağam, belə bəyanat vermişdin. Düşünürəm, partiyanı buraxmaq o qədər də ayıb iş deyil. Siz vaxtında kifayət qədər parlamentdə oturmusunuz, deputat statusundan faydalanmısınız, özünüzə şərait qurmusunuz. Buna görə də indi belə danışmağınız doğru deyil. Oturmalısınız, yaşlı vaxtınızda papağınızı qabağınıza qoyub ədalətli olmalısınız. Ədalət ən böyük açardır. Ədalətli olmaq lazımdır. Mehribanlıq yaratmaq əvəzinə... Siz bir adamsınız, iqtidarla düşmən ola bilərsiniz, amma arxanızca gedən insanlara iqtidarı düşmən kimi qələmə vermək, barışmaz ziddiyyətlər yaratmaq doğru deyil. Əksinə, çalışmalısınız ki, cəmiyyətdə ahəng, mehribanlıq olsun”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.