Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azərbaycanda 5 yaşdan sonra qızlara müştəri axtarırlar” - Vəziroğludan qalmaqallı sözlər

“Azərbaycanda 5 yaşdan sonra qızlara müştəri axtarırlar” - Vəziroğludan qalmaqallı sözlər

“Azərbaycanda 5 yaşdan sonra qızlara müştəri axtarırlar” - Vəziroğludan qalmaqallı sözlər
2023-07-28 , 19:51

“Qohum evliliklərinin statistikası azalmayıb, əksinə artıb. Hətta bu hesablama bir az Azərbaycansayağı olub. Çünki insanın nəfsi varsa, özü də qız tərəfi varlı, oğlan tərəfi isə kasıb olanda fikirləşirlər ki, onlar balansı düzəltsinlər, imkanlı qız alsınlar və öz oğulları da adam kimi həyat yaşasın”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış jurnalist, fəlsəfə doktoru Anar Vəziroğlu deyib.
O, 2022-ci ildə qeydə alınan nikahların 3,1%-nin qohum nikahları olması faktına münasibət bildirib.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin (DSK) 2022-ci il üzrə yayımladığı hesabatda Azərbaycanda 61.939 nikah qeydə alınıb. Onlardan 1915-i isə qohum evlilikləri olub.
Qeyd edək ki, DSK qohum evlilikləri kimi sadəcə əmi, dayı, xala və bibi uşaqları arasında olan evlilikləri nəzərə alıb.
Öz növbəsində A.Vəziroğlu bildirib:
“Xatırladım ki, Mirzə Fətəli Axundovun özü belə gedib dost-doğma bibisi qızını almışdı. Bu “dəb” həmişə olub. İstəyir filosof, istəyir şair, istəyirsə də jurnalist olsun, sən azərbaycanlısan, şərq adamısan deyə, səndə nəfs var. Bütün o dava-şavalar da buna görə olur. 
Baxın, mən demirəm xarici təbliğ edək, amma onlara baxanda görürük ki, belə şey yoxdur. Toyda cəmi  50 qram araq içirlər. Bizdə isə 2 butulkanı “aşırdırlar”. Bu gün xanımlarımız da belədir, kişilərimiz də. Hər şey nəfsin üstündə qurulub. Ona görə də o statistikaya inanmıram”. 
“Təkcə Azərbaycanda boşananların sayına baxaq. 10 min adam evlənirsə, 6 mini boşanır. Niyə? Birincisi kasıblıqdırsa, ikincisi qohumlararası münasibətlərdir. Bacı bacı ilə, qardaş qardaşla düşmən olur. Bu da gətirib məhkəmələrə çıxarır. Qızı boşanır, dədəsi mal davası edir, deyir orada mənim bir divanım, çarpayım, bir cüt corabım qalıb. Biz buyuq”, – müsahibimiz qeyd edib. 
Jurnalistin fikrincə, maariflənmə təkcə televiziyada, radioda, saytlarda olmamalıdır:
“Maariflənmə evin içindən başlamalıdır. Necə ki uşaq 3 yaşından sonra hər şeyi qanırsa, maariflənmə də buradan başlamalıdır. Hazırda bu dığ-dığalar, zığ-zığalar, kiminsə evini yıxmaq, kimisə ərə vermək və s. bizim iç üzümüzdür. Qız uşağı evdə böyüyür, 5 yaşından sonra ona müştəri axtarmağa başlayırlar ki, görəsən, kimə verim? Təsəvvür edin ki, uşağın beynini ərlə doldururlar. Maariflənmə söhbəti yoxdur. Elm və təhsil naziri Emin Əmrullayev o dəfə dedi ki, Azərbaycanda elmə sərf edilən vaxt çox azdır. Gəlin, görək, evlərdə maariflənmə varmı? Ata uşaqlarını qabağına qoyub nəyisə öyrədirmi? Yoxdur bunlar!”
“Uşaqlar “camaat nə deyər” xatirinə universitetə qəbul olur. Qoy, desinlər ki, filankəsin qızı və oğlu təhsillidir. Mən vaxtında uşaqlarıma demişdim ki, ali təhsil alıb oxuyun ki, hansısa məmur haqqınızı tapdalayıb, sizi aldatmasın, 2x2 4 edir. Bu gün bunu uşaqlarına öyrədənlər yoxdur”, - o, fikirlərini tamamlayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.