Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Cinsi azlıqlara qarşı cəza sistemini işə salsaq, gərək cəmiyyətin 20 faiz istedadlı adamını ölkədən qovaq”

“Cinsi azlıqlara qarşı cəza sistemini işə salsaq, gərək cəmiyyətin 20 faiz istedadlı adamını ölkədən qovaq”

“Cinsi azlıqlara qarşı cəza sistemini işə salsaq, gərək cəmiyyətin 20 faiz istedadlı adamını ölkədən qovaq”
2023-10-27 , 17:02

“Cins, oriyentasiya, dil və din mənsubiyyətindən asılı olmayaraq, istənilən cinayətkar öz layiqli cəzasını almalıdır. Əgər bu, uşaqlara, qocalara, qadınlara, mülki və vəzifəli şəxslərə qarşı olan silsilə cinayətdirsə, həmin adam daha sərt cəzalara məruz qalmalıdır ki, digərləri üçün də ibrət olsun”.

KONKRET.az-a bu fikirləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov Milli Məclisdə “Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliyə münasibət bildirərkən açıqlayıb. Yazıçı cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslərin pedaqoji fəaliyyətlərinə qoyulan qadağını belə şərh edib: “Sözügedən qanun çox normaldır və dünyanın bir çox ölkələrində qəbul edilən normativ aktlara və qanunlara uyğundur. Çünki hər hansı azyaşlıya və yaxud bir başqasının iradəsinə qarşı cinsəl cinayət törətmiş şəxsin həm pedaqoji, həm də dövlət qurumlarında vəzifə almaq səlahiyyətlərinə xitam verilməlidir”.
Ekspert bu xüsusda cinsi azlıqların pedaqoji fəaliyyətlərinin nəzərdən keçirilməsinin mümkünlüyü məsələsinə də aydınlıq gətirib: “Onsuz da pedaqoji sahədə böyük problemlərimiz var. Qadınların mütləq çoxluq təşkil etdiyi məktəblərimizdə kişi müəllimlərin sayı çox azdır. İndi onlara da bir ad qoyaq ki, cinsi azlığın nümayəndəsidir, psixoloji problemi var, bununla da olan-qalan kişiləri də orta və ya ali məktəblərdən xaric edək? Bu nə bizim pedaqoji uğurlarımıza kömək edər, nə də şagirdlərin tərbiyələnməsinə təsiri olar. Biz tez-tez müxtəlif sahələrdə, o cümlədən, ali məktəblərdə cinsi azlıq nümayəndələrinin pedaqoq kimi böyük nailiyyətlər əldə etdiyinin şahidi oluruq. Amma cinsi azlığın nümayəndəsidir deyə, onlara qarşı hansısa qadağa qoymaq absurddur və bununla dünyanı özümüzə güldürə bilmərik. Cinsi azlığın nümayəndəsi müəllim işləyərək hansısa qanunu pozarsa, şagirdinə qarşı bu və ya digər formada cinsi zorakılıq edərsə, o da digər insanlar kimu qanunun ən sərt tələblərindən irəli gələn cəza növünə tuş gələ bilər. Amma bütövlükdə cinsi azlıqdır deyə, məktəbdə işləyə bilməz, belə bir ayrı-seçkiliyə yol vermək olmaz”.
Yazıçının sözlərinə görə, əslində bu məsələdə bir qədər fərqli nüanslar var: “Məsələn, idman və ya incəsənətin müxtəlif sahələrində unikal istedadı olan şəxslər var, onların bir çoxu həm cinsi azlığın nümayəndəsidir, həm də seksual azlıqdan əziyyət çəkirlər. Onlara bir qədər fərqli münasibət bəslənə bilər. Amma Azərbaycan inkişaf etmiş ölkədir, dünyanın hər yerində olduğu kimi, bizdə də insanlar arasında ayrı-seçkiliyə yol vermək Konstitusiya ilə qəti qadağandır”.
Kulturoloq hesab edir ki, insanlara cinsi oriyentasiyasına görə qadağa qoyarıqsa, onda gərək müğənnilərin böyük əksəriyyətinə qadağa qoyulsun. Həmçinin, müxtəlif sahələrdə çalışan belə insanların işi əngəllənsin: “Əgər cinsi azlıq bunu istər geyimi, istər ədası, istər davranışı, istərsə də kimlərəsə xüsusi münasibətilə göstərirsə, o zaman ona qarşı hansısa cəza seçmək olar. Amma bütövlükdə biz onların hamısına qarşı cəza sistemini işə salsaq, az qala cəmiyyətin 20 faizə çatan müxtəlif təbəqələrində təmsil olunan istedadlı adamların böyük əksəriyyətini ya ölkədən qovmalı, ya da həbsxanaya atmalıyıq. Buna isə qətiyyən yol vermək olmaz. Ona görə də çalışmaq lazımdır ki, daha çevik və liberal münasibət bəsləməklə cinsi azlıq nümayəndələrinin bacarığı, istedadı çərçivəsində onlara cəmiyyətdə öz yerlərini tutmağa kömək edək, nəinki sıxışdıraq, işdən azad edək. Əks halda, onlar da küçələrə doluşub, bizim uşaqlarımızı, yeni nəslin nümayəndələrini öz tərəflərinə çəkəcəklər. Biz isə təbii ki, belə halla rastlaşmaq istəmərik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.