AZƏRTAC-ın jurnalistinin Yeni Kaledoniyadan əsassız deportasiyası ilə bağlı açıqlaması
Fransa dünyada özünü söz azadlığının və demokratiyanın carçısı kimi təqdim etsə də, jurnalistlərin fəaliyyətinə maneçilik törətməkdən, onları təqib etməkdən və təzyiq altında saxlamaqdan, hətta təhdidlərə məruz qoymaqdan çəkinmir. Belə ki, AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub. Bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb. Təbii ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib. Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. AZƏRTAC-ın əməkdaşının polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür.
AZƏRTAC bu halı jurnalist fəaliyyətinin, söz və ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin öz vəzifəsini icra etməsinə imkan verməmək və ona qarşı qəddar davranış nümayişi kimi qiymətləndirir və bunu kəskin şəkildə qınayır. Fransa jurnalistimizə qarşı bu məhdudiyyətləri tətbiq etməklə, ona hədə-qorxu gəlməklə və qatı cinayətkarlara olan davranışı nümayiş etdirməklə dövlət səviyyəsində fundamental insan hüquqlarına və söz azadlığına əsl düşmən münasibətini aydın şəkildə nümayiş etdirdi.