Deputatımız AŞPA-da Fransanı sərt tənqid etdi: "...İflasa uğrayıb" - VİDEO
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov "Fransanın Avropa Şurasına üzvlük öhdəliklərinə əməl etməsi" mövzusu ilə bağlı keçirilən müzakirədə çıxış edərək Fransanın insan hüquqları siyasətini sərt tənqid edib.
Musavat.com xəbər verir ki, Kamal Cəfərv çıxış edərək ilkin olaraq Fransanın insan hüquqları ilə bağlı daxili siyasətini sərt tənqid edib.
"Fransa Avropa Şurasının təsisçi üzvü kimi insan hüquqları, qanunun aliliyi və demokratiya ilə bağlı öhdəliklərini yerinə yetirə bilməyib. Fransa iflasa uğrayıb. Əvvəla, bu hesabatda qeyd edilir ki, hüquq-mühafizə orqanlarının silahdan istifadə etməsi kütləvi nümayişlərdə ciddi xəsarətlər və ölümlərlə səbəb olub. Mərakeşli və Əlcəzair əsilli 17 yaşlı Nahel Merzukun 2023-cü ilin iyununda yol hərəkəti yoxlanışı zamanı polis tərəfindən öldürülməsi həddindən artıq gücün tətbiqi və irqçiliyin sistemli xarakterinin ən dəhşətli nümunəsidir."
Daha sonra K.Cəfərov Fransanın neokolonialist siyasətini ifşa edib. O qeyd edib ki, hər kəs sülh istədiyi halda, Fransa müharibə istəyir.
"Fransa neokolonializm siyasəti ilə xaricdə də insan hüquqlarını kobud şəkildə pozur. Fransa hələ də Afrikanı istismar etməyə davam edir. Bu gün Fransa 14 Afrika ölkəsi üçün kolonial pul çap edir, Nigerdə olduğu kimi azyaşlıq uşaqların əməyindən istismar edərək onları mədənlərdə istismar edir.
Hörmətli həmkarlar, indiki miqrasiya böhranı da Fransanın günahıdır. Afrikalılar Fransaya görə öz qitələrini tərk edirlər. Həll yolu afrikalıları Avropaya təhlükəsiz köçürmək deyil, Afrikanı Fransadan azad etməkdir.
Fransa Komor adalarının Mayotte adası üzərindəki suverenliyinə hörmət etməlidir. Fransa Yeni Kaledoniya xalqının və Fransanın xaricdəki icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməlidir.
Fransanın soyqırımı zamanı 1,5 milyona yaxın Əlcəzairli öldürüldü. Əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri hələ də Paris Muzeyində hərbi qəniməti kimi nümayiş etdirilir. Bu utancverici və iyrəncdir. Biz Fransa prezidenti Emmanuel Makrondan onların qəhrəmanlarının qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.
Fransız qoşunlarının Niger, Mali və Burkina-Fasodan bu yaxınlarda çıxarılması bir daha nümayiş etdirdi ki, Fransanın Afrikadakı amansız neokolonializm siyasəti iflasa məhkumdur.
Fransa Ermənistanı yeni silah müqaviləsi ilə dəstəkləməklə Cənubi Qafqaz regionunda da eyni pis təcrübəni tətbiq etməyə çalışır.
Əziz həmkarlar, bu yanaşma sülhə xidmət etmir, əksinə, yeni münaqişənin alovlanmasına yönəlib və əgər regionda hər hansı yeni münaqişə baş verərsə, bunun səbəbkarı Fransa olacaq".
OXŞAR XƏBƏRLƏR