“Space TV”yə xəbərdarlıq edildi
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə aparılmış monitorinq zamanı “Space TV” kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.Şuradan Yenisabah.az-a verilən xəbərə görə, 11 dekabr 2023-cü il tarixində APA TV-nin efirində yayımlanmış “Ekstra müsahibə” proqramından video-görüntülər 25 dekabr 2023-cü il tarixdə saat 22.09-da “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində “Gül kimi Şou” proqramında müəllifə istinad edilməyərək yayımlanıb.
Aparılan müzakirələrdən sonra Audiovizual Şura “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən “APAMARK” MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də var.
Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR