Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Elşad Miri: “Hicab məsələsində mövqeyim tam müəyyənləşməyib, yəni hicab varmı, yoxmu?”

Elşad Miri: “Hicab məsələsində mövqeyim tam müəyyənləşməyib, yəni hicab varmı, yoxmu?”

Elşad Miri: “Hicab məsələsində mövqeyim tam müəyyənləşməyib, yəni hicab varmı, yoxmu?”
2024-01-15 , 16:52

“Son günlər bəziləri mənim haqqımda tənqid, daha doğrusu, təhqir formasında videolar paylaşır, fikirlər səsləndirirlər. Bunun sanki kampaniya şəkilində çoxaldığının şahidiyəm. Müəyyən vaxt idi, ölkədə deyildim. Tutarlı cavab verməyə ehtiyac görmürəm. Çünki bu, yeni məsələ deyil. Bütün peyğəmbərləri tənqid ediblər – o demək deyil ki, mən özümü peyğəmbərlərlə müqayisə edirəm. Yəni, demək istəyirəm ki, peyğəmbərləri belə tənqid, təhqir ediblərsə, biz sadə insanları təhqir etmələrini anlayışla qarşılamaq lazımdır. Təsəvvür edin, Allahın haqqına dəvət etməyə başlayandan sonra güvənilən, etibarlı Məhəmməd deyilən insana “məcnun”, “dəli”, “cinlənmiş”, “başı xarab olub” dedilər, yalançı adlandırdılar, hətta “kahin” deyənlər də oldu. Tarix boyu həmişə belə hallar baş verib, həqiqətlər hər zaman acı olur. Bu məsələni hər kəsin tam şəkildə qavraması mümkün olmur. Qavraya, cavab verə bilmədikləri zaman şəxslər üzərindən bu təhqirlər həyata keçirilir. Bu da cılız insanların gördüyü işdir”.

Yenilik.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.“Təbii ki, mən belələrini ciddiyə alıb, nəsə deməyin tərəfdarı deyiləm. Çünki onların da istədikləri budur. Daha ülvi məsələmiz, böyük vizyonumuz olan “Quran”ın insanlara düzgün çatdırılmasını, onu insanlara olduğu kimi təbliğ etməyi ikinci plana atmağa çalışırlar. Bizim danışdığımız məsələlər onların qurduqları “din biznesi”nə xələl gətirdiyinə görə, onların özlərini çətin vəziyyətə saldığına görə belə hücum taktikasını seçirlər. Təbii ki, bu da başadüşüləndir. Onları ciddiyə almamağı əsas götürürəm və öz gündəmimizə davam edirik. Deyirlər ki, Elşad Miri dini parçalamaq üçün addımlar atır. Tam əksinə. Mən deyirəm ki, bu gün dini parçalayanlar məzhəb tərəfdarı olan insanlardır. Allah “Qurani-Kərim”də “Al-i İmran” surəsinin 103-cü ayəsində deyir ki, “Allahın ipindən möhkəm yapışın, firqələrə bölünməyin”, yəni məzhəblərə, qruplara bölünməyin. Halbuki bu gün həmin insanlar özlərini gah “şiə”, gah “sünni”, gah “sələfi” adlandırırlar. Gəlin görək, Allahın dinini parçalayanlar onlardırmı, yoxsa “Allahın dinində birlik olaq, bərabər yaşayaq, “Quran”a əsaslanaq, “Quran”dan başqa Allahın dininə paralel vəhy çıxarmayaq” deyən Elşad Miridirmi? Bundan başqa, “Quran”ı inkar etdiyimi iddia edirlər. Tamamilə əksinə, “Quran”ı inkar etmək nədir? Onların dedikləri, “Quran”a paralel çıxardıqları uydurma hədisləri inkar edirəm. Halbuki onu inkar edərək, insanları “Quran”a dəvət edirəm. Çünki insanları bölən, parçalayan, Peyğəmbərə, imamlara istinad edilən, adına “hədis” deyilən anlayışdır. “Quran”da Allah öz sözlərini “ən gözəl hədis” adlandırır. Hicab, namaz məsələsində də yanlış mövqedə olduğumu deyirlər. Bu da onların fikirləridir. Bu gün sünniliyin özündə namazın 4 növ qılınma forması var, amma heç kim heç kimə deyə bilməz ki, bu, yanlışdır. Yaxud şiəliklə sünnilikdə biri namazı əliaçıq, biri əlibağlı qılır. Onlara da deyirəm ki, istədiyiniz kimi qıla bilərsiniz, əsas odur, namazınızı qılın. Hicab məsələsində isə mövqeyim tam müəyyənləşməyib, yəni hicab varmı, yoxmu? Müəyyən şübhələrim var və həmin şübhələri dilə gətirmişəm. Konkret olaraq bu məsələyə “hə”, ya “yox” deyə bilmirəm. Uşaqların hicaba bürünməsinin isə əleyhinəyəm, çünki bu, uşaqların özlərinin verdikləri qərar deyil. Bu, valideynlərin özlərini başqalarının yanında dindar göstərmək qərarıdır”, – ilahiyyatçı fikirlərini belə əsaslandırıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.