Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Gülnar Orucova: "İnsanların ağzına söz düşür ki, "psixoloqun özünə psixoloq lazımdır..."

Gülnar Orucova: "İnsanların ağzına söz düşür ki, "psixoloqun özünə psixoloq lazımdır..."

Gülnar Orucova:
2024-01-30 , 15:02

Bir sıra ilahiyyatçıların rəyinə görə, insan namaz qılmırsa, dinə bağlı deyilsə, məscidə getmirsə, onun probleminə psixoloq heç bir təsir edə bilməz. Təsir etsə də, bu, müvəqqətidir, bir müddət sonra həmin insan yenə problemlər yaşayacaq... 

 
Tanınmış psixoloq Gülnar Orucova Pravda.az-a bildirib ki, psixoloqun olması mütləqdir.
 
“İllər öncə deyirdilər ki, “psixoloq yox idi, cəmiyyət keçinmirdi?” Yox, keçinirdi. Həm də bugünküdən daha yaxşı keçinirdi. Bəs bu gün niyə psixoloq lazımdır? Çünki o vaxtlar informasiyanı ancaq radio, televiziya və qəzetlərdən alırdıq. Mən sovetlər dönəmindən danışıram. İndi isə o qədər şəbəkələr, oyunlar yaranıb, elm texnika inkişaf edib, internet üzərindən doğru oldu-olmadı hər cür adamlar peyda olub ki... Buna görə də hazırda psixoloqun olması mütləqdir. “Din” adı altında bəzi sektalar yaranır, onlar belə insanları dəyişdirməyə çalışırlar. Əqidəsi, iradəsi olan insana psixoloq lazım olmaya bilər. Amma bu gün insanların əqidəsini dəyişmək çox asandır. Hətta bunu “dini görüşlər” adı altında edir, dində olmayan nələrisə dinə gətirirlər. Sektalar yaranır və burada iştirak edənlərə aylıq nə qədər ödəniş ödəyirlər. Sual verirəm: Əgər bu gün Azərbaycanda orta aylıq əməkhaqqı 345 manatdırsa, bu, hansı qurumdur ki, gizlin sektalar təşkil edir və insanları özünə cəlb edir? Məqsəd nədir? İnsanları dinə cəlb etmək, yoxsa din pərdəsi altında başqa nələrsə var? Həqiqətən, bu gün dindar, mömin insan tapmaq çox çətindir. Bəzi "dindarları" da gördük. Eləsi oldu ki, başqasının malına göz tikdi, dedi ki, neçənci İmamam, dünyaya gəlmişəm, axırda camaatın malını mənimsədi. Bu gün "din" adı altında gözdən pərdə asaraq nələr edirlər, nələr...” - o qeyd edib.
 
G.Orucova düşünür ki, psixoloq cəmiyyətə əvvəlki illərdə lazım deyildisə belə, hazırkı zamanda həddindən artıq lazımdır: “Bu fikirlə razıyam, düzdür, bir insanın dini inancları yoxdursa, Allaha itaət etmirsə, bəli, belə insan zalım, qəddar, mərhəmətsiz ola bilər. Mərhəmətsizlikdən savayı insanlara zülm edə, şiddət göstərə bilər. Hətta insanları müxtəlif yollara çəkə bilər. İnsanın qəlbində Allaha sevgi və Allahdan qorxu olmalıdır. Amma psixoloqun da təsiri var. Bəzən insana psixoloq kömək edir, o, məhz elə dinə qayıdır, Allahı tanıyır, oları-olmazı, sərhədlərini bilir. Doğrudur, bəzi psixoloqlar üz qarasıdır, elə çıxışlar edirlər ki... Kimlərsə özünü psixoloq kimi reklam edib pul qazanmaq istəyir.  Bəzən teleaparıcılar həmin psixoloqların və ya verilişlərinin reytinqini  qaldırmaq üçün psixoloqlar haqqında yanlış fikirlər irəli sürürlər. İnsanların da ağzına söz düşür ki, "psixoloqun özünə psixoloq lazımdır..." Bəli, hər birimizə psixoloq lazımdır. Razıyam, psixoloqun özünə də psixoloq lazımdır, amma cəmiyyətdə psixoloqu aşağılamağa çalışmayın. Psixoloq ziyalı təbəqədir. Ziyalısını aşağı görən bir millətə heç bir dövlət yaxşı baxmaz. Yəni deməliyik ki, "ziyalılar başımızın tacıdır". Azərbaycanda "din, din" deyirlər, amma hələ də dini qaydalara əməl etməyənlər var. Görürsünüz, hər kəs dünyasını dəyişən insana ehsan verir. Nə qədər xərcə girir, ölmək belə Azərbaycanda böyük bir xərc tələb edir. Yas məclislərində verilən ehsan süfrəsini hələ də yığışdıra bilməyiblər. Bər-bəzəkli qəbirlər də öz yerində. Hələ də dindarlarımız başa sala bilməyiblər ki, o bər-bəzəkli məzar daşlarına ehtiyac yoxdur. Məzar daşı nə qədər balaca olsa, az yer tutsa, daha yaxşıdır. Onda biz də psixoloq olaraq dindarlarla bağlı çox səbəblər tapa bilərik ki, siz bu gün Azərbaycanda İslam dəyərlərini insanlara öyrədə, dini dəyərlərə hörmət hissini aşılaya bilməmisiniz. Hələ də insanlar deyirlər ki, "öləndən sonra məzar daşıma bu şəklim vurular". Niyə? Məzar daşına şəkil vurulmalı deyil, din bunu demir. Bizim insanlar isə məzarlarına belə şəkil seçirlər. Doğru deyil. İrad tutmağa nə var ki? Bu, çox asan məsələdir. Psixoloq dindar insana heç bir narahatlıq törətmir, onun haqqında xoşagəlməz söz demir. Əslində, bu gün birinci müəllimə hörmətdən başlamaq lazımdır. Dini kitabları oxuyun, alimin qanını şəhidin qanı ilə bərabər tutublar. Amma bu gün məktəblərdə müəllimlərə edilən hörmətsizliklərə baxın! Hər bir insanın davranışı onun ailəsindən qaynaqlanır. Ailələrdə dinə meyillilik varsa, uşaq dini qaydalar əsasında böyüyürsə, mərhəmətli olur. Cəmiyyətdə də mərhəmət formalaşır. Ailənin öz tərbiyə sistemi düzgün qurulmayıbsa, ona nə din, nə də psixoloq təsir edəcək. Çünki həmin ailənin insanlıq parametrləri düzgün qurulmayıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.