Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat: “Övladına normal tərbiyə verməyən valideynlər cəzalandırılmalıdır”

Deputat: “Övladına normal tərbiyə verməyən valideynlər cəzalandırılmalıdır”

Deputat: “Övladına normal tərbiyə verməyən valideynlər cəzalandırılmalıdır”
2024-02-20 , 17:20

Bakıda yerləşən 156 saylı məktəbin XI sinif şagirdinin 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı qeyri-etik hərəkətlər etməsi barədə görüntülər narazılıqlara səbəb olub. Baş verənlərdə xüsusən məktəblilərin valideynləri günahlandırılıb. Bildirilib ki, məktəb rəhbərliyi və psixoloqu tərəfindən maarifləndirici söhbətlər aparılması kifayət etmir. Hadisəni törədən və onu lentə alan şagirdlərlə yanaşı, onların valideynlərinin də cəzalandırılması tələb olunur.

 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, hər bir qanun pozuntusu dövlət qanunları ilə tənzimlənir: “Valideynlərin cəzalandırılması kimi addımlar kiminsə arzu-istəyi ilə həyata keçmir və keçməməlidir. Burada mütləq qanun öz sözünü deməlidir. Məsələnin səbəbini ciddi öyrənməliyik. Bundan sonra müvafiq addımlarımızı ata, qərar qəbul edə bilərik. Əlbəttə, daha dərin yanaşsaq, ehtiyac varsa, qanunvericiliyə də dəyişiklik etməli, belə hallara görə valideynləri də cəzalandırmalıyıq. Çünki övlad bu cür addım atırsa, valideyn də məsuliyyət daşıyır, o, üzərinə düşən işi layiqincə yerinə yetirməlidir. Təəssüf ki, valideyn bunu etmədikdə belə mənfi nəticələri görürük. Prosesin təhlili göstərir ki, belə hallar getdikcə daha da artır. Daha ciddi tədbirlər görməliyik. Əks halda, bu kimi hadisələri çox yaşayacağıq. Ümumiyyətlə, hər bir valideyn övladının tərbiyəsinə görə məsuliyyət daşımalıdır. Övladına normal tərbiyə verməyən valideynlər mütləq cəzalandırılmalı, onlarla bağlı cəza tədbirləri görülməlidir”.
 
Deputat bildirib ki, sözügedən videonun kütləvi şəkildə yayılması yolverilməzdir: “İnsanlar düşünürlərsə ki bununla yaxşı nəsə edirlər və ya təhsilimizdə nəyisə düzəldəcəklər, yanılırlar. Xahiş edirəm, videonu yayımlamasınlar. Bu problem həm də cəmiyyətimizin problemidir. Deməli, təlim-tərbiyə prosesinə yenidən baxmalıyıq. Niyə bəzi gənclər bu qədər aqressiv, digər gənclərə belə hörmətsiz yanaşırlar? Bunu ciddi araşdırmalıyıq. Əslində, cənab Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində təlim-tərbiyə məsələsindən, bu məsələdə ailənin və məktəbin rolundan geniş bəhs etmişdi. Son baş verən hadisə isə məsələnin aktuallığını bir daha göstərdi. Belə bir hörmətsizliyi sərgiləyən gənc barədə ciddi addımlar atılmalı və cəmiyyətə ətraflı məlumat verilməlidir. Hazırda dövlət qurumları məsələni ciddi araşdırırlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.