Nadir Adilov: “Vətəndaşlar keyfiyyətsiz hüquq xidmətinin qurbanı olurlar”
“30 ildə əldə edilən nəticəni 5 aya görməyimizi istəyirlər...”
Bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun iclasında deyib.
O bildirib ki, ölkəmizin statistik göstəricilərini özündə əks etdirən rəqəmlər vahid məhkəmə sistemində dərc olunur. Yəni hər bir şəxs daxil olub məhkəmə işlərinin sayı, həll olma əmsalı barədə statistik məlumatları əldə edə bilərlər.
Nazir müavini onu da qeyd edib ki, elektron məhkəmə sisteminin inkişafı, habelə məhkəmələrin və digər orqanların qərarlarının operativ icrası və effektivliyinin artırılması istiqamətində qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üzrə işlər aparılır.
Mediasiya təşkilatı, ümumilikdə bu proses cəmiyyətə, hüquqi sahəyə nələr qazandırdı? Nəticələr nədir?
Məlumat üçün bildirək ki, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Mediasiyanın belə uğurlu olmasının əsas səbəbləri aşağıdakılardır:
Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.
Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda, sadəcə olaraq, daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.
Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə, mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin tərəflər öz müqəddəratını özləri müəyyən edirlər.
Mediasiya prosesi məhkəmə və arbitrajdan fərqli olaraq, daha qısa müddətdə (adətən bir gün ərzində) baş verir. Bu isə tərəflərin xərclərinə və vaxtlarına qənaət edir. Əlavə olaraq, məhkəmə və arbitraj zamanı tərəflər qərarların qüvvəyə minməsi və icraya yönəldilməsi üçün uzunmüddətli məhkəmə (arbitraj) və icra proseslərindən keçməli olurlar. Mediasiya zamanı isə adətən tərəflər barışıq sazişini qısa müddət ərzində icra edirlər. Bu zaman tərəflər bir neçə il sonra hər hansı bir məbləğ əldə etmək əvəzinə, daha qısa müddətdə və mövcud dəyəri daha yüksək olan maddi və digər nemətlər əldə edirlər. Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.
Yeri gəlmişkən, 2024-cü ilin 1-ci rübündə ölkədə Mediasiya Təşkilatlarına 11 692 müraciət daxil olub, bunlardan 10 308 müraciət tamamlanıb. Bunlardan təxminən 10 000 müraciət ailə mübahisəsinin payına düşür. 522 müraciət kommersiya, 487 müraciət əmək mübahisələrinin, 83 mübahisə isə digər mülki mübahisələrin payına düşür. Burada mübahisə təkcə boşanmadan getmir. Uşaqla ünsiyyət, qızıl zinət əşyaların geri alınması, cehizin geri alınması və s. statistika ailə mübahisələrinin tərkibinə daxildir. Ailə mübahisələrindən təxminən 317 işə xitam verilib, məhkəməyə getməyib.
“Vətəndaşlar keyfiyyətsiz hüquq xidmətinin qurbanı olurlar” Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib. O deyib ki, şura üç ildir fəaliyyət göstərir: “Mediasiya cəmiyyətə yeni bir hüquq mədəniyyəti gətirib. İstər ailə məsələləri, istər kommersiya mübahisələri, mülki-inzibati məsələlərdə artıq vətəndaşlar öz aralarında çəkişmə prinsipini yox, uzlaşma prinsipini əsas götürür. "Mediasiya haqqında Azərbaycan Respublikasının" Qanunu vətəndaşa bu hüququ verir ki, bir hakimdən, qərar verən şəxsdən hansı ədalətli qərarı istəyərsə, onu özü qəbul etsin. Hər iki tərəf barışıq sazişini imzalasın. Tərəflərdən biri icra etməsə, məhkəmədə dövlət o şansı da vətəndaşa verir ki, tərəflərin biri bu sazişi təsdiq etdirməklə icraat qaydasında bu məsələnin icrasına nail ola bilsin. Bu gün mediasiyada razılığa gələ bilməyən şəxsin heç bir məhkəmədən, hakimdən inciməyə haqqı yoxdur. Çünki qanun vətəndaşlara şans verib ki, mediasiya vasitəsilə öz problemini həll etsin. Vətəndaşlar alimentin artırılması, uşaqla ünsiyyət, cehizin qaytarılması, qızıl zinət əşyalarının qaytarılması ilə bağlı mübahisələr var və bu problemin çoxunu həll edə bilir. Həll edə bilməyənlər məhkəməyə gedir. Məhkəmə də ədalətli baxır.
Mediasiya bizə nə verdi? Statistik məlumatlarımızı hər üç aydan bir paylaşırıq. Mediasiya məxfiliyini qorumaq şərtilə mediatorların adı orada olur. Hansı mediator neçə işə baxır. Bu vaxta qədər nə qədər barışıq əldə edib. Ümumiyyətlə, barışıq sazişi dedikdə biz nəyi nəzərdə tuturuq? Burada nikahın pozulmamasından yox tərəflərin öz aralarında gəldiyi razılığı nəzərdə tuturuq. Əlbəttə, biz nikahların dağılmasının əleyhinəyik. Bizim kazuslarda olur ki, minlərlə ailə dağılmır, mediasiyada bu məsələ də həll olunur. İmzaladığımız barışıq sazişlərinin orta statistik dərəcəsi üç aylara böləndə 49-54 faiz arasında dəyişir. Uşaqla ünsiyyət məsələsinin mübahisə predmeti olmasının özü belə absurddur. Ata bəlli, ana bəlli, amma tərəfin biri uşaqla ünsiyyətə icazə vermir. Bu zaman ailə bağları pozulur. Ya da tərəflərdən biri qisas alır, cehizi vermir, zinət əşyasını qaytarmır, bu məsələlər məhkəmə predmetinə çevrilir. Bu, vətəndaşın şəxsi mədəniyyətinə bağlı məsələdir".
Sədr əlavə edib ki, bəzən vətəndaşlar keyfiyyətsiz hüquq xidmətinin də qurbanı olurlar: “Vətəndaşlar 10-15 il bir yerdə yaşamış insanların mübahisəsini qısa vaxtda həll edə bilən hüquqşünaslara müraciət etməlidirlər. Bəzi hüquqşünasların mediasiyadan, ümumiyyətlə, xəbərləri yoxdur. Amma bizə dəstək olan yüzlərlə hüquqşünas da var. Mediasiya həm də vətəndaşların mübahisələrinin vaxtını minimuma endirir. İllərlə davam edən mübahisələrə ehtiyac qalmır. Artıq mediasiya institutu ölkəmizdə özünü doğruldur. Ola bilər, bəziləri mediasiya ilə bağlı məlumatlı olmur, biz bəzən bundan sevinirik. Çünki adamın mediasiyaya işi düşməyibsə, deməli, bu adamın mübahisəsi yoxdur. Biz artıq digər beynəlxalq təşkilatlarla sıx əlaqədəyik.
Bəzən də biz qınaqlarla üz-üzə qalırıq. 30 ildə əldə edilən nəticəni 5 aya görməyimizi istəyirlər. Bu çox çətindir, yeni bir institutdur. Eyni ekosistemə aid olan insanlar özləri də bu prosesə dəstək verməlidirlər".
OXŞAR XƏBƏRLƏR