Aliment təyinində yeni qayda - problem çözülür, yoxsa...

Ekspert: “Optimal variant Aliment Fondunun olmasıdır”
Yeni qayda aliment problemini həll edəcək, yoxsa konfliktləri daha da artıracaq? Əsas iş - Aliment Fondunun yaranması niyə həllini tapmır?
Məsələ ilə bağlı Musavat.com-a danışan hüquqşünas Anar Məmişov deyir ki, Azərbaycanda Aliment Fondunun yaradılmasında müəyyən risklər var.
.jpg)
Anar Məmişov
“Əgər Aliment Fondu yaradılsa, formal boşanmalar çoxala bilər. İnsanlar danışılmış şəkildə boşanacaqlar ki, fonddan pul alsınlar. Bu fondun mahiyyəti belədir ki, dövlət pulu uşağın hesabına köçürür və sonra həmin məbləği atadan alır. Bu isə ölkəmizdə sui-istifadəyə səbəb ola bilər. Məsələn, fond alimenti anaya ödəyər, daha sonra onu atadan almaqda çətinlik yaranar. Bu baxımdan böyük risklər var.
Alimentin minimum əmək haqqına uyğun olaraq tutulması isə proseslərin hər il məhkəmədə iddia formasında keçməsinə yox, sadələşmiş formada baxılmasına şərait yaradacaq. Bu, aliment alan tərəfə daha çox sərf edir.
Yaşayış minimumu əsasında aliment təyin ediləndə aliment alan tərəf məcbur idi ki, yaşayış miniumumu artdıqca iddia qaldırsın. Aliment sabit pul məbləğinə uyğun tutulanda isə miniumum əmək haqqının 70 faizi tutulacaq. Gələcəkdə bu məbləğ artanda isə ana iddia deyil, ərizə əsasında məhkəməyə müraciət edəcək ki, aliment indeksasiya olunsun. Əvvəl isə aliment alan məcbur idi ki, Mediasiya Şurasına müraciət etsin, ora müəyyən məbləğ ödəsin, daha sonra məhkəmədə iddia qaldırsın və s. İndeksasiya formasında isə buna ehtiyac yoxdur. Bunlar aliment alanların işini xeyli yüngülləşdirdi.
Əvvəl alimentin artırılması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanırdı, indi məhkəməyə müraciət etdikdən dərhal sonra qüvvəyə minəcək, daha sadələşmiş formada olacaq. Bu isə daha operativ reaksiya deməkdir.
İlk dəfə alimentlə bağlı məhkəməyə müraciət edən vətəndaşlar ölkə üzrə yaşayış minimumuna əsaslana bilərlər. Lakin daha sonra alimentin məbləğini artırmaq istəyirlərsə, daha sadə prosedurla məhkəməyə müraciət edəcəklər".
Hüquqşünas deyir ki, yeni qayda məhkəmələrin yükünü azaldacaq, insanlar mediasiyaya müraciət etməyə məcbur olmayacaqlar: “Mən tamamilə başqa variant təklif etmişdim. Bildirirdim ki, əgər aliment yaşayış minimuna görə tutulursa, konkret qətnamədə qeyd edilsin ki, yaşayış minimumu həddində tutulsun və hər il o artdıqca alimentin də məbləği avtomatik artırılsın. Optimal variant Aliment Fondunun olmasıdır”.
OXŞAR XƏBƏRLƏR