Yenilik.Az
www.Yenilik.Az » Dünya » Paşinyan yenə ölümlə hədələndi - “Səhər qəhvəsinə zəhər və...”

Paşinyan yenə ölümlə hədələndi - “Səhər qəhvəsinə zəhər və...”

Paşinyan yenə ölümlə hədələndi - “Səhər qəhvəsinə zəhər və...”
2023-09-26 , 13:17

Azərbaycanın 24 saatlıq uğurlu antiterror tədbirlərindən sonra Ermənistanda Rusiyaya bağlı radikal-revanşist müxalifət baş nazir Nikol Paşinyanı devirmək üçün təzədən hərəkətə keçib. Ancaq ötən dəfələrdəki kimi, yenə öz ətrafına geniş elektoratı cəlb edə bilmir.

Təbii ki, Rusiyadakı anti-Paşinyan qüvvələri də radikalları şirnikəndirməkdən, ona daha “səmərəli mübarizə” üsulları təklif etməkdən geri qalmır. Məsələn, Ermənistana girişi qadağan olunan bədnam Marqarita Simonyan yazır: “Xarici agentlər yazır ki, erməniləri etiraza çağırıram. Erməniləri etiraza çağırmıram. Bunun kömək edəcəyi ehtimalı azdır. Mən Paşinyanın səhər qəhvəsinə zəhər qatmağa çağırıram və bunun niyə hələ də edilmədiyini anlaya bilmirəm”.
Yəni Simonyan açıqca Nikol Paşinyanı fiziki olaraq aradan götürməyə çağırır, “reseptini” də verir.
Belə bir cəhd mümkünmü? Nikolun aşpazı buna gedərmi? Radikal müxalifətin hakimiyyəti götürmək şansları get-gedə artır, yoxsa azalır? Artıq N.Paşinyana qarşı sui-qəsd cəhdi ilə bağlı Ermənistanda həbslər başlayıb.

Bəhruz Məhərrəmov: “Hər bir vəziyyətə hazırıq”
Deputat Bəhruz Məhərrəmov: “Ermənistanda yaşanan proseslər, artmaqda olan siyasi gərginlik, genişlənməkdə olan iğtişaşlar və vətəndaş itaətsizliyi, heç şübhəsiz ki, bu ölkənin daxili məsələləridir. Amma Azərbaycan prosesləri çox diqqətlə izləyir. İlk növbədə ona görə ki, müşahidə olunan proseslərin təməlində məhz  Ermənistanın Azərbaycan siyasəti dayanır. İrəvan 30 il ərzində özünün mifləri və yanlış təbliğatı ilə erməni cəmiyyətini işğala və Azərbaycan torpaqlarına şirnikləndirdiyi üçün bu gün erməni cəmiyyəti Azərbaycanın qələbəsini həzm edə bilmir. Ölkədəki radikal kəsim, o cümlədən bölgədə qüvvələr balansını dəyişmək istəyən beynəlxalq qüvvələr bu proseslərdən mümkün qədər qazanclı çıxmaq niyyətindədirlər.
Öz növbəsində Ermənistan hakimiyyəti isə son 3 ildə artıq bir reallığı dərk edib ki, Azərbaycanla münasibətlərdə güc, təhdid dili ilə danışmaq mümkün deyil. Bu mənada, Paşinyanın son bir neçə gündə müşahidə etdiyimiz ritorikası da əslində erməni baş nazirin sülhsevərliyindən yox, cənab İlham Əliyevin məcburetmə tədbirlərindən qaynaqlanır.
Bildiyiniz kimi, hazırda Ermənistan yeni hərbi-siyasi çevriliş ərəfəsindədir. Paşinyanın müqavimət göstərib- göstərə bilməyəcəyini yaxın günlərdə zaman göstərəcək. Lakin prosesləri kənardan idarə edərək Ermənistanın mövcud vəziyyətindən yararlanmaq istəyən ayrı-ayrı dairələr, o cümlədən Qərbin riyakar subyektləri də artıq elə mövcud erməni iqtidar komandası kimi başa düşürlər ki, Ermənistanda hakimiyyətin hansı formada dəyişməsi, yaxud əldən ələ keçməsi və yaxud hansı qütbdən digər qütbə keçməsi Azərbaycanın yaratdığı reallığı dəyişə bilməz.
Lakin bu qüvvələr istənilən halda yenə də indiki həssas məqamda hakimiyyəti qeyri-qanuni formada ələ keçirmək üçün ən əlverişli situasiya olmasının fərqindədirlər və bu şansı buraxmaq niyyətində deyillər. Bu mənada Paşinyana sui-qəsdlər də istisna deyil. Heç şübhəsiz ki, proseslər bu yöndə cərəyan edərsə tələb və şüarlar, o cümlədən radikal çağırışların əsas hədəfi Azərbaycan olacaq. Bu mənada baş verənləri Ermənistanın daxili işi hesab etsək də, hər bir vəziyyətə hazırıq və möhtərəm Prezidentin ifadə etdiyi kimi, “Dəmir yumruq yerindədir”. Ermənistan hakimiyyəti kimi, cəmiyyəti də başa düşməlidir ki, Azərbaycana hörmətlə davranmaq artıq şərtdir. Təhdidlər, ərazi iddiaları, mifik istinadlara əsaslanan aqressiv ritorika ilə bölgədə dayanıqlı sülhün, birgəyaşayışın və mehriban qonşuluq münasibətlərinin qurulması asan olmayacaq. Azərbaycan artıq bir reallıq yaradıb. Bu reallıq həm də Ermənistanın özü üçün şansdır və Ermənistan işğal, təcavüz ritorikasına özünün gələcəyini qurban verməməlidir. Bu baxımdan, Paşinyanın devrilməsi nəyisə dəyişməyəcək, kimliyindən asılı olmayaraq erməni iqtidarı sülh müqaviləsini imzalamağa məhkumdur".

Elçin Mirzəbəyli: “Simonyan öz gününə “ağlayır”
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli simyonların “işsiz” qaldıqları üçün öz günlərinə ağladıqlarını bildirdi: “Məsələ burasındadır ki, Marqarita Simonyan, Tiqran Keosayan kimi ermənilər hələ də xidmət etdikləri nifrət və kin idealogiyasının iflasa uğramasının, tarixi Azərbaycan torpaqlarında etnik təmizləmə və məcburi deportasiya hesabına onlar üçün "qurulan" “Ermənistan” adlı qucaq dövlətinin rüsvaçı məğlubiyyətinin yeganə səbəbkarı kimi Nikol Paşinyanı görürlər. Amma anlamırlar ki, xəstə, zəhərli erməni ultramillətçiliyinin biabırçı məğlubiyyətinin səbəbi, Azərbaycanın işğalın himayə olunmasından arxayınlaşan Ermənistandan fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmək üçün vahid və çoxşaxəli strategiya üzrə hərəkət etməsi, dünyada Ermənistan və erməniliklə olan təsəvvürləri, regiondakı reallıqları mümkün qədər dəyişə bilməsi, güclənməsidir. Ermənistan və ultramillətçi ermənilik ona görə məğlub olmayıb ki, bu ölkənin siyasi rəhbəri Nikol Paşinyandır, ona görə məğlub olub ki, Azərbaycanın lideri İlham Əliyevdir. Simonyanın Nikol Paşinyana qarşı sui-qəsd çağırışına gəldikdə isə burada təəccüblü heç nə yoxdur. Sui-qəsd, terror ermənilərin xəstə, ultramillətçi kəsiyinin yeganə silahıdır. Bu xəstə təfəkkür reallığı, həqiqəti qəbul etmək iqtidarında deyil, o problemi heç vaxt özündə axtarmır. Əslində bu gün baş verənlərdə və vəziyyətin bu yerə gəlib çıxmasında ən böyük günahkarlardan biri də Marqarita Simonyan və onun kimilərdir. Məhz onların daşıyıcısı və təbliğatçısı olduğu xəstə ideologiya Ermənistanı və erməniləri indiki duruma salıb. Simonyanlar erməni xalqına həqiqəti deyənlərin məhvinə bais olublar. Ermənistanı qonşulara qarşı ədavətdən çəkinməyə, sülhə çağıran vardqes petrosyanlar evlərinin qarşısında güllələndikcə onların yerini simonyanlar, keosayanlar tutub. Digər tərəfdən, Simonyan öz gününə “ağlayır”. Çünki daha Azərbaycan torpaqlarının işğalı, separatçılığın, ədavətin qızışdırılması üzərindən milyonlar qazana bilməyəcək. Marqaritanın və onun kimilərin bacardıqları yeganə “iş” - təxribatçılıq, təfriqəçilik, millətlər arasında ədavəti qızışdırmaq, nifrət toxumu səpmək, saxta tarix, yalan və böhtan xarakterli məlumatlar üzərindən təbliğat aparmaqdır. Azərbaycanın qələbəsi və öz əraziləri üzərində suveren hüquqlarını bərpa etməsi ilə simonyanlar “işsiz” qalıblar".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.