Yenilik.Az
www.Yenilik.Az » Dünya » Rusiya buğdasını su qiymətinə satır 

Rusiya buğdasını su qiymətinə satır 

Rusiya buğdasını su qiymətinə satır 
2023-09-26 , 13:34

Rusiya Taxıl İttifaqının monitorinqinə əsasən, 1-24 sentyabrda Rusiya 4,933 milyon ton buğda ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur.

Musavat.com xəbər verir ki, Birliyin analitik departamentinin direktoru Yelena Türinanın “İnterfaks”a verdiyi məlumata görə, ümumilikdə 5,4 milyon ton əsas taxıl növü daşınıb ki, bu da bir il əvvəllə müqayisədə 20,7 faiz çoxdur.
O cümlədən, arpa ixracı 27 faiz azalaraq 439 min ton, qarğıdalı ixracı 32,5 faiz artaraq 33,8 min ton olub: “Biz artıq sentyabr ayında buğda tədarükünün 6 milyon tona yaxınlaşacağını gözləyirik. Bu, ötən mövsümlə müqayisədə 30 faiz çoxdur və son 6 ildə sentyabr ayı üçün maksimum ola bilər”.
Ayın əvvəlindən ən çox buğda Misirə göndərilib - 784 min ton, lakin bu, bir il əvvəlkindən 13 faiz azdır. İkinci yeri İran tutur, lakin bu istiqamətdə ixrac 40 faiz azalaraq 355 min ton olub. Türkiyəyə daşınmalar 35 faiz azalaraq 310 min tona düşüb. Eyni zamanda keçən il ixracın olmadığı İndoneziyaya 226 min ton göndərilib. Ekspert bildirib ki, ilk beşliyi Yəmən tamamlayır və bu ölkə alışı 4 dəfədən çox artıraraq 192 min tona çatdırıb. Beləliklə, ənənəvi iri alıcılar alışları azaldır, yeni ölkələr prosesə qoşulur. Belə ölkələr arasında Banqladeş (2 dəfə artım), Sudan (2 dəfədən çox), Braziliya (2,8 dəfə), Keniya (1,8 dəfə), Oman (3 dəfə), Uqanda (2,7 dəfə) var. Sentyabrda 156 min ton buğda göndərilən Tanzaniya alıcılar arasında ilk dəfə yer alıb.
Bazardakı qiymət vəziyyətindən danışan ekspert bildirib ki, Avropa buğdası həftə ərzində 2,9 faiz bahalaşaraq ton üçün 252 dollar olub. Mövsümün əvvəlindən (2023-cü il iyulun 1-dən) artım 1,2 faiz təşkil edib. Amerika buğdasının qiyməti sentyabrın əvvəlində 234 dollardan 253 dollara qalxıb. Rusiya buğdasının (FOB Novorossiysk) qiyməti həftə ərzində 1,6 faiz ucuzlaşaraq bir ton üçün 243 dollar təşkil edib. Beləliklə, Avropa buğdasına nəzərən Rusiya buğdasına bir ton üçün 9-10 dollar endirim formalaşıb.
Rusiyada buğdanın istehsalçı qiymətləri həftə ərzində 5,3 faiz azalaraq bir ton üçün 12400 rubla (4-cü dərəcəli buğda) düşüb. Dollar ifadəsində istehsalçıdan buğdanın qiyməti 129 dollara düşüb. Bir həftə əvvəl bu qiymət 135 dollar, mövsümün əvvəlində isə bir ton üçün 136 dollar idi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.