Yenilik.Az
www.Yenilik.Az » Kriminal » Xəyanətə görə öldürülən müğənni: Yataq söhbətləri necə ictimailəşdi...

Xəyanətə görə öldürülən müğənni: Yataq söhbətləri necə ictimailəşdi...

Xəyanətə görə öldürülən müğənni: Yataq söhbətləri necə ictimailəşdi...
2024-02-01 , 18:02

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib. 

İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ildə arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq müxtəlif kişilərlə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən edib. 
Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində müğənnini öldürüb. 
Bu cür faktların mətbuatda yayılması isə cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb, bəziləri bu faktların ictimaiyyətə açıqlanmasının yanlış olduğunu iddia edib. 
Məsələ ilə bağlı Yenisabah.az-a Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev danışıb. O bildirib ki, qətl edilən müğənninin şəxsi həyatı haqda bu qədər geniş və detallı məlumatların mətbuatda dərc edilməsi düzgün deyil: 
“Bunlar ittiham aktından gətirilən sitatlardır. Ancaq sitatlar çox geniş yazılıb və burada şəxsi həyata müdaxilə məsələsi də var. Öldürülən qadının telefonundan götürülmüş məlumatlar mətbuatda geniş formada yazılır. Bu isə qadın haqqında cəmiyyətdə mənfi rəy yaradır. Hələ ki, istintaq gedir, məhkəmə qərarı yoxdur. Hətta məhkəmə qərarı olsa belə, müğənni qadın haqqında, onun şəxsi həyatı haqqında yazıların dərc edilib ictimailəşdirilməsi fikrimcə, düzgün deyil. Jurnalistlər bu məsələlərə diqqət etməlidirlər. Bu qətli ümumi sözlərlə ifadə edərək qətlin qısqanclıq zəmnində baş verdiyini qeyd etmək olardı”. 
Vəkil bu cür materialların təqsirləndirilən şəxs barədə də prezumpsiya hüququnun pozulmasına gətirib çıxardığını qeyd edib:
“Bu materiallar qətli törətdiyi iddia edilən şəxs barədə prezumpsiya hüququnun pozulmasına gətirib çıxara bilər. Çünki ortada məhkəmə qərarı yoxdur, amma onun tərəfindən törədilmiş hərəkətlər, qəddarlıq geniş təsvir olunur. 
Bu gün mətbuatda yayılan təsvirlər var, lakin məhkəmə hələ bitməyib, məhkəmənin gedişatında nələrin baş verəcəyini bilmirik. Sabah təqsirləndirilən şəxs məhkəmədə deyə bilər ki, hadisə belə olmayıb. Amma artıq onun haqqında cəmiyyətdə fikir formalaşmış olacaq. Ona görə də jurnalistlər məhkəmə proseslərindən reportajlar hazırlayanda şəxsi həyata müdaxilə olub-olmadığını, təqsirsizlik prezumpsiyasını pozub-pozmadığını dəqiq bilməlidir. Çünki bu yazı təqsizləndirilən şəxs haqqında cəmiyyətdə fikir formalaşdırır. Şəxs ancaq məhkəmə qərarı ilə təqsirli hesab oluna bilər. Yazılanlar isə sadəcə müəyyən versiyalar, ehtimallardır. Bu cür yazıların dərc edilməsi həmin şəxs haqqında cəmiyyətdə neqativ fikirlər yaradır və məhkəmə istintaqı sonda tamam başqa bir şey göstərə bilər. 
Çox təəssüf ki, jurnalistlərə məhkəmə proseslərinin işıqlandırılması haqqında təlimlər keçilmir. Keçirilsə də, sayı çox azdır. Jurnalistlərin maarifləndirilməsinə çox böyük ehtiyac var. Bu yazılanları oxuyanda həm qətlə yetirilən, həm də təqsirləndirilən şəxs barədə cəmiyyətdə mənfi rəylər yaranır, bu isə yolverilməzdir!”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.