Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Vəkillik institutunun güclənməsi kimləri və niyə təlaşa salıb? - ARAŞDIRMA

Vəkillik institutunun güclənməsi kimləri və niyə təlaşa salıb? - ARAŞDIRMA

Vəkillik institutunun güclənməsi kimləri və niyə təlaşa salıb? - ARAŞDIRMA
2023-11-03 , 03:17

Müstəqillik qazandıqdan sonra ölkəmizin hüquq sistemində islahatlar aparmaq ən mühüm çağırışlardan idi. 70 il boyunca totalitar sistemdə formalaşmış hüquqdankənar münasibətlər və streotiplər müstəqil hüquqi dövlət olmaq əzmində olan Azərbaycanın Respublikanının qarşısında ən mühüm əngəllərdən biri kimi dayanmışdı. Sonucda sovetlər dövründən miras qalmış hüquq sisteminin demokratik əsaslarla yenidən qurulması üçün köklü islahatlara start verildi. Normativ-institutsional bazanın və hüquq mədəniyyətinin dəyişməsi ölkəmizdə hüquqi yardım xidmətinin də müasir təcrübəyə uyğunlaşdırılmasını zəruri edirdi. Odur ki, fiziki və hüquqi şəxslərə peşəkar hüquqi yardım göstərən müstəqil təsisat olaraq vəkillik institutuna yeni baxış ortaya qoyulmalı idi.

2017-ci ilin dekabrında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrliyinə gənc, dinamik və peşəkar vəkil kimi tanınan hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun namizədliyi məhz islahatçı namizəd kimi irəli sürülmüş, kollegiyanın ali konfransı tərəfindən dəstəklənmişdi. Anar Bağırovun ötən müddətdə ona göstərilən etimadı doğrultması şübhəsiz və mübaliğəsiz faktdır. Bunun ən sadə göstəricələri ötən ilin sonlarında VK sədrinə yenidən etimad göstərilməsi və ölkəmizdə vəkillik peşəsinin prestijinin kəskin şəkildə artmasıdır. Arxada qalan 6 il ərzində ölkəmizdə vəkillik institutunun maddi-texniki bazası yenidən qurulub. 2017-ci ilin statistikasına görə, Azərbaycan adambaşına düşən vəkillərin sayına görə Avropa ölkələri arasında axırıncı yerlərdən birini tuturdu. Məmləkətimizdə vəkil statusunun möhkəmlənməsi hazırda hüquqşünasların bu sahəyə yönəlməsinə rəvac verib. Son məlumatlara görə, hazırda ölkəmizdə 2335 vəkil, 131 vəkil qurumu fəaliyyət göstərir.

Bütün bunlar, sadəcə, texniki və ya kəmiyyət göstəriciləri deyil, eyni zamanda, peşəkar hüquqi yardım müstəvisində fəallığı və rəqabətliliyi artıran, xidmət keyfiyyətinin müsbətə doğru dəyişməsini təmin edən amillərdir. Uzun illər boyu vətəndaşların peşəkar hüquqi yardım almasını, yumşaq desək, tormozlayan, əksər hallarda hüquq təhsilinə malik olmayan işbazların inhisarında olan “nümayəndə”lərin ayağı məhkəmələrdən kəsilib. Qarşılığında vəkillərin peşəkarlığının artırılması istiqamətində həyata keçirilən layihələr insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təşkilinə ciddi töhfələr verib. Müasir informasiya-kommunikasiya sistemlərinə inteqrasiya, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, ictimai etimad formalaşdırılması ilə yanaşı vəkillərin davranış qaydaları da yenilənib. Əlbəttə, bir araşdırmada Vəkillər Kollegiyasında aparılan islahatların bütün məzmunu əhatə etmək, detalları bircə-bircə ortaya qoymaq mümkün deyil. Ancaq bir gerçəklik də var: islahatlar hansı sahədə aparılmasına baxmayaraq, özünə qarşı həmişə müqavimət yaradır. Vəkillər Kollegiyasında aparılan islahatlar da istisna olmadı.
Azərbaycanda peşəkar hüquqi yardım təsisatının sürətlə güclənməsi və məhkəmə çəkişmələrində funkionallığının artmasından narahatlıq keçirən maraq qruplarının üzə çıxması, daha doğrusu, kölgədə qalaraq Vəkillər Kollegiyasının islahatçı sədrinə qarşı gözdənsalma kampaniyası təşkil etmələri, necə deyərlər, təbii idi. Bu qrup ilk növbədə məhkəmə sistemində və müxtəlif hüquq-mühafizə orqanlarında kök salmış, vəkilə “marginal hüquqşünas”, ən yaxşı halda, “makler” gözü ilə baxan sovet streotiplərindən qurtulmağı bacarmayanlardan ibarət idi. Ancaq prezident İlham Əliyevin müasir vəkillik institutuna verdiyi önəm, bu yöndə qəbul etdiyi qərarlarla dövlətin hüquq sistemində apardığı çoxşaxəli islahatların tərkib hissəsi olaraq hüquq və azadlıqların müdafiə işinin yenidən təşkilinə nümayiş etdirdiyi dəstək sözügedən “kölgə qrupları”nı geri çəkilməyə vadar etdi. Bu baxımdan Anar Bağırovun cəmiyyətdəki və hüquqşünas cameəsindəki nüfuzu, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə sağlam dialoq qurmaq bacarığı da olduqca müsbət rol oynadı. Nəticədə, vəkillərin peşə fəaliyyətinə maneçilik törədilməsi faktları ilə ortaya çıxan bu qəbildən olan ziddiyyətlər kollegiya üzvlərinin lehinə həll olundu.
Qısa zamanda o da məlum oldu ki, vəkillik institutunun fundamental problemlərinin həllindən narahat olan digər qruplar da mövcuddur. Bu qruplara o kəslər daxil idilər ki, beynəlxalq təşkilatlardan böyük məbləğdə qrantlar alır və guya hüquqi yardım təsisatının inkişafı üçün çalışırdılar. Azərbaycanın tamamilə öz iradəsi və resursları hesabına hüquqi yardım mexanizmlərini təkmilləşdirməsi, bu sahədə əlçatanlığı artırması və hətta vətəndaşlara pulsuz hüquqi yardım təklif etməsi həmin süni “qrant islahatçıları”nı maliyyə mənbələrini itirmək riski qarşında qoydu. Qazanc yerini itirmək istəməyən, xüsusən Avropa İnsan Haqları Məhkəməsinə müraciətləri inhisara almış bu şəbəkə əsasən xaricdən maliyyələşən media resurslarında peyda olaraq islahatların uğurlu nəticələr verəcəyinə inamsızlıq yaratmağa, vəkillərə “siyasi təzyiqlər” göstərilməsi barədə dedi-qodu yaymağa başladılar. Ancaq Kollegiyanın fəaliyyətlərini qanunlara, nizamnaməsinə və peşə kodeksinə zidd saydığı vəkilləri öz üzvlüyündən xaric etmək üçün məhkəməyə etdiyi müraciətlərə yüngülvari nəzər salanda tamamilə fərqli mənzərə ortaya çıxır. Məlum olur ki, bu cür qərarlar siyasi motivlərlə yox, məsələn, vətəndaşlara qarşı külli miqdarda dələduzluq edilməsi barədə şikayətlər əsasında qəbul edilib.

Vəkillər Kollegiyasına qarşı “stəkanda fırtına” yaratmaq istəyən hüquqşünaslardan biri də Camal Bağırzadədir. 21-ci əsrin hər şeyi görən və hafizəsində saxlayan resursu- “Google” onun haqqında neqativ məzmunlu məlumatlarla zəngindir. 6 oktyabr 2023-cü ildə nüfuzlu “Report” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Bağırzadə özünü Pərvanə Bağırova adlı vətəndaşa “vəkil” kimi təqdim edib, ondan müəyyən məbləğdə pul alıb və həmin şəxsin şikayəti əsasında Nizami rayon məhkəməsi tərəfindən inzibati qaydada cərimələnib.
LİNK: https://report.az/hadise/vekil-adindan-qanunsuz-istifade-eden-sexs-cezalandirilib/
“Vəkilin səsi” adlı qəzetin baş redaktoru kimi də təqdim olunan Camal Bağırzadə medianın gündəminə Bəxtiyar Dadaşov adlı dostunu qadınlarla şərlədiyi barədə məlumatlarla da gəlib. Bağırzadə qarşılıqlı olaraq həmin şəxsi ona külli-miqdarda maddi ziyan vurmaqda ittiham edib. Özünün dediyinə görə, bu məsələ 4 ildən çox müddətdə polis, prokurorluq və məhkəmə orqanlarında araşdırılıb.
LİNK: https://axar.az/news/gundem/588411.html
Hazırda ölkəmizdə “Vəkilin səsi” adlı bir qəzetin çıxıb-çıxmamasını tam dəqiqləşdirə bilmədik. Həmin qəzetin nüsxəsini əldə etmək üçün qəzet köşklərinə müraciət edəndə satıcılar belə bir nəşr almadıqlarını bildirdilər. Qəzetin internet versiyası da yoxdur, ancaq iki mikrobloqu var- blogspot.com-da və “Facebook”-da. İlk bloq o qədər də aktiv deyil. “Facebook”-dakı “Vəkilin səsi” səhifəsi isə, deyəsən, bu yaxınlarda dondurulub. Buna baxmayaraq, həmin səhifədə edilən paylaşımlar arxivimizdə qalır. Paylaşımlardan birindən belə məlum olur ki, “Müasir Vəkillər Kollegiyası” adlı alternativ vəkillər Kollegiyası” dövlət qeydiyyatdan keçimək üçün” (qrammatik səhvlər bizim deyil- Araşdırma Qrupu) təqdim edilib. Təşkilatın digər təsisçisi kimi Abdulla Əfəndizadənin adı çəkilir. Lakin adı çəkilən “lap müasir vəkillər” (heç biri VK üzvü deyil) ya bilmirlər, ya da qəsdən unudurlar ki, respublikamızda Vəkillər Kollegiyasının təşkili və fəaliyyətini tənzimləyən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna görə, belə bir hüquqi şəxsin dövlət qeydiyyatına alınması, sadəcə olaraq, yolverilməzdir. Bu qanunazidd təşəbbüsün müəlliflərindən olan Camal Bağırzadə soruşur: “Azərbaycanda professional vəkil hazırlayan xüsusi universitet olmadığı halda, praktikası olmayan gənc hüquqşünaslar birdən birə necə “peşəkar” və “tanınmış” vəkil olurlar?

Əvvəla, dünyanın heç bir ölkəsində sırf “professional vəkil” hazırlayan XÜSUSİ universitet yoxdur. Dünyanın ən inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da universitetlər hüquqşünas hazırlayırlar. Düzdür, 1532-ci ildən bəri Şotlandiyada fəaliyyət göstərən Ədliyyə Kollecində ayrıca vəkillik fakültəsi mövcuddur. Ancaq bu cür azsaylı nümunələr “bütün vəkillər hüquqşünasdır, bütün hüquqşünaslar vəkil deyil” reallığını dəyişdirmir.
Digər tərəfdən, Azərbaycanda hətta ali hüquq təhsili olanların da “birdən-birə” vəkillik fəaliyyəti ilə məşğul olması mümkün deyil. Çünki “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda deyilir:
“Hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin II hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər”.
Sözügedən qanun, eyni zamanda, vəkillərin hüquq bərabərliyini təmin edir. Deməli, hər hansı vəkilin populyarlaşmasına etiraz, peşəkarlığına şübhə etmək həm qanunun tələblərinə, həm də “Vəkillərin davranış qaydaları” haqqında Əsasnaməyə ziddir. Nə yazıq ki, fəaliyyətini məhz “zidd”lər üzərində qurmaq Camal Bağırzadənin təkcə Vəkillər Kollegiyasına qarşı “savadlı alim” sayaq uğursuz ifadələrlə apardığı qarayaxma kampaniyası üçün xarakterik deyil. O, çeşidli “ittihamlar”la Youtub kanallarına çıxaraq, təkcə Vəkillər Kollegiyasını yox, siyasi hakimiyyəti də “rüsvay etdiyinə” inanır.

KİV-də yayılmış məlumatlara görə, onu “separatçı” adlandırmış tanınmış vəkil Alov Səfəralıyevi xüsusi ittiham qaydasında məhkəməyə verən Camal Bağırzadənin sədri ilə tez-tez görüşdüyü bir QHT var- “İşkəncələr Əleyhinə Araşdırmalar Mərkəzi”.

QHT-nin sədri Fikrət Cəfərli hüquqşünas deyil. O, insan haqlarının qorunması sahəsinə siyasətdə və biznesdə uğursuzluğa düçar olandan sonra gəlib. Vəkillər Kollegiyasından məlumat tələb etdiyi halda, sədri olduğu QHT-nin maliyyə hesabatları cəmiyyət üçün əlçatan deyil. Məsələn, İƏAM-in məişət zorakılığına “yox” demək üçün Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən hansı məbləğdə qrant alması, vəsaiti necə xərcləməsi barədə məlumat əldə etmək müşkül məsələdir. BMT İnsan haqları üzrə Ali Komissarlığının açıqlamasına görə, 2021-ci ildən 23-cü ilin birinci yarısını əhatə etdən müddətdə İƏAM-ə verilmiş 35.360 evro qrantın aqibəti də naməlumdur.

Ancaq bu qrantlar İƏAM-ın maliyyələşməsində xarici donorların iştirakını təsdiqləyir. Bu ipucu Fikrət Cəfərlinin və QHT-nin əsas fəaliyyət sferasından kənara çıxıb işgəncə halları ilə institutsional əlaqəsi mümkün olmayan Vəkillər Kollegiyasına, eləcə də QHT-lərə Dövlət Dəstəyi Agentliyinə fokuslanmasının səbəbləri ilə bağlı müyyən gümanlar yaradır. Heç kimə sirr deyil ki, bir çox xarici donorlar Azərbaycandakı tərəfdaşlarına ayırdığı qrantlarla bağlı məlumatları gizli saxlayırlar. Əksər hallarda ayrılan pul vəsaitləri illeqal yollara ölkəyə ötürülür. Bütün bunlar ictimai-siyasi fəaliyyətlə məşğul olan hər kəsə məlumdur. Əcəba, Fikrət Cəfərli və onun çevrəsinin Vəkillər Kollegiyasının müsbət reputasiyanı korlamaq cəhdlərinin arxasında bu illeqal qrantlar dayanırmı? Bu suala İƏAM rəhbərliyi mütləq aydınlıq gətirməli, maliyyə hesabatlarını cəmiyyətə təqdim etməlidir. Üstəlik ona da aydınlıq gətirməlidir ki, “Məlahət Quliyeva”, “Nəcəf Jurnalist Nəcəfli” kimi profillər İƏAM-ın ofisindən, yaxud onun çevrəsinə toplaşanlar tərəfindən idarə olunur, ya yox?

"Məlahət Quliyeva" profilində nə sahibinin gerçək fotosu, nə də bioqrafik məlumatları var. Bu da onun saxta hesab olması təəssüratını yaradır. Haradan və kimlər tərəfindən idarə olunmasından asılı olmayaraq “Məlahət Quliyeva” adı ilə feyk profil açmağın altında uğursuzluq sindromu yatır. Bunu profilin “Uğur Uğurlu” nikindən istifadə etməsi də aydın göstərir. Saxta profildən Vəkillər Kollegiyasına qarşı təqhir və böhtanlar yağdırmaq üçün istifadə edən və bununla da Cinayət Məcəlləsinin 148.1 maddəsi ilə təqsirləndirilmək üçün əsaslar yaradan bu “uğurlu xanım” unudur ki, VK-nın rəsmi saytında axtarış sistemi mövcuddur. Həmin sistem vasitəsi ilə cəmi bir neçə saniyəyə müəyyən etmək olar ki, Azərbaycanda bu adda vəkil var, ya yox.

Saxta hesablar açmaq və qadın profilinin arxasında gizlənmək ilk növbədə haqsızlığın, sübutsuzluğun, dəlilsizliyin göstəricisidir. Azərbaycanın keçirdiyi uğurlu anti-terror əməliyyatı ilə qondarma “DQR”-i ləğv etməsi, Arayik Arutyunyan da daxil olmaqla “prezident”lərini qandallayıb Bakıya gətirməsi trolları yetərincə qeyzləndirmiş kimi görünür. Azərbaycanın separatizm üzərindəki qələbəsini həzm etməyənlərin arzusu deyəsən budur ki, Arayik və digərləri ədalət mühakiməsində peşəkar vəkillər tərəfindən müdafiə olunmasın. Bu, gələcəkdə onu azad etdirmək üçün beynəlxalq təşkilatların əlində arqumentə çevrilsin. Belə məkrli planların müəllifləri və icraçıları isə, təkcə Vəkillər Kollegiyasını deyil, “Nəcəf Nəcəfli” saxta profili vasitəsi ilə bütövlükdə Azərbaycanın qələbəsini, multikultural cəmiyyətini və bir hüquq dövləti olaraq inkişafını hədəfə alıblar.


Vəkillər Kollegiyasına qarşı qarayaxma kampaniyasında xüsusi “canfəşanlıq” edən səhifələrdən biri də “İnsan hüquqları” qılafına bürünüb.

Bu hesab tez-tez “Vəkilin səsi” ilə birlikdə sancaqlanır, Fikrət Cəfərliyə və Camal Bağırzadəyə "SMM xidməti" göstərir. Necə deyərlər, həmin dalğa, həmin koordinat! Həmin koordinatda keçmiş vəkil Xalid Bağırov da boy göstərir. Görəsən, Xalid Bağırovla Leyla Yunusun şəxsi münasibətləri yenə yüksək səviyyədə qalırmı? Bunu özü açıqlayar. Oxucuların isə yaxşı yadındadır ki, Xalid Bağırov bir zamanlar Leyla Yunusun hüquqlarını müdafiə edirdi. Bu, irad, yaxud ittiham deyil. Sadəcə, münasibətləri davam edirsə, Xalid Bağırov hər kəsdən öncə bilməlidir ki, hazırda Leyla Yunus nə işlə məşğuldur?!.

KİV-də yayılan xəbərlərə görə, oktyabrın əvvəllərində Leyla Yunusun nəzarətində olan “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq 235 nəfərlik saxta siyasi məhbus siyahısı yayıb. Bu “ittifaq” 2018-ci ildə Leyla Yunus, Elşən Həsənov, Hilal Məmmədov və Eldəniz Quliyev tərəfindən təsis edilib. Müsavat.com saytının yazdığına görə, Leyla Yunusun “siyasi məhbus” siyahısına saldıqlarının böyük əksəriyyəti İrana casusluq etdikləri üçün saxlanılıblar və bunu sübut edən çoxsaylı təkzibolunmaz sübutlar var. Ölkəmizdə fəaliyyət göstərən tanınmış vətəndaş cəmiyyəti liderləri isə bu siyahının Azərbaycana qarşı sanksiyalar tətbiq etdirmək üçün qərəzlə hazırlandığını söyləyirlər. Leyla Yunusun siyahısı ilə gündəmə gəldiyi ərəfədə Vəkillər Kollegiyasına hücumların “intensivləşməsi” təsadüfdürmü? Bu, artıq fərqli müstəvidə araşdırma tələb edən sualdır. Ancaq bütün hallarda Leyla Yunusun İttifaqının üzvləri ilə feyk “Nəcəf Nəcəfli”profilini idarə edənlər arasında ən azı qərəz eyniliyinin olması göz qabağındadır.
Sosial İnformasiya Agentliyinin Araşdırma Qrupu

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.