Yenilik.Az
www.Yenilik.Az » Ölkə » Anar Bağırov: Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndərin adı ilə bağlıdır

Anar Bağırov: Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndərin adı ilə bağlıdır

Anar Bağırov: Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması Ulu Öndərin adı ilə bağlıdır
2023-05-04 , 17:30

Ulu Öndərin xalqın qətiyyətli təkidi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı nəticəsində müstəqillik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərləri təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə insan hüquq və azadlıqlarının təmini, onların inkişafı və müdafiəsi sahəsində bir sıra mühüm addımlar atılmışdı. İnsan hüquq və azadlıqlarını, onların müdafiəsini özünün ali məqsədi elan etmiş dövləti tam müstəqil vəkillik institutu olmadan təsəvvür etmək qeyri-mümkündür.

Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdı. Bununla da vəkilliyə konstitusion status verilmişdi.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: Tarix, zaman və nailiyyətlər” konfransında çıxışında deyib.
Qeyd edib ki, Heydər Əliyevin bilavasitə rəhbərliyi altında Azərbaycan SSR-in 1980-ci il 13 noyabr tarixli Qanunu ilə “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” təsdiq edilmişdi. Həmin dövrdə Konstitusion status daşıyan Vəkillər Kollegiyası məhz bu Əsasnamə əsasında fəaliyyət göstərib. Beləliklə, Azərbaycan vəkilliyinin institusionallaşmasına start verilib.
“Bütün bu fəaliyyətin məntiqi davamı olaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il 28 dekabrda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun imzalanmış, Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşmış və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrilmişdi. Peşə müstəqilliyinin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 2004-cü il noyabrın 3-də Azərbaycan Respublikasının Yeni Vəkillər Kollegiyası təsis edilmişdi.
Azərbaycan post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir. Bu da məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində baş vermişdi. Ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunmuşdu ki, bu da Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır”, - deyə Vəkillər Kollegiyasının sədri qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.